2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Əli Kərimli ittihamlara cavab verdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AXCP üzvlərinə və özünə qarşı irəi sürülmüş ittihamlara cavab verib. 24saat.org AXCP sədrinin fikirlərini təqdim edir:

“18 günlük mus-musdan sonra nəhayət, mustafalarını dedilər.Prokurorluq və Daxili İşlər Nazirliyi yalnız 2 il ərzində ölkədən çıxarılıb Londondakı ofşor şirkətlərə köçürülmüş 2.9 milyard dollar pulu kimlərin oğurladığını tapıb )) Hamısını cəbhəçilər edibmiş. Dünya mətbuatı, araşdırmaçı jurnalistlər bunların milyardalarla dollarla qiymətləndirilən korrupsiyalarını ifşa edir, biz də bu barədə yazırıq, hökumətdən izahat tələb edirik. Bunlar da “sən özünsən” səviyyəsində bizə cavab verirlər.

18 gündür ki, Saleh Rüstəmli və qardaşı oğlu həbs olunub, hələ də vəkillərilə görüşlərinə imkan verilmir. Ağır işgəncələrə məruz qalmaları haqda məlumatlar da var. Dünən AXCP funksionerləri Aqil Əli Məhərrəm, Ruslan Nəsirli və Babək Həsənli də həbs olunub. Bu gün isə ofşorlara getmiş 10 milyardlarla dollara susan Baş Prokurorluq və DİN açıqlama yayıb, AXCP funksionerlərini qanunsuz sahibkarlıqda ittiham edib. Qanunun üzünə tüpürüldüyü, oğruların doğruları ittiham etdiyi, siyasi rəqabət apara bilmədikləri rəqibi növbəti dəfə şərlədikləri gündür.

Saytların yığılması Saytlarin yigilmasi

Hamının qarşısında bəyan edirəm, Saleh Rüstəmli ilə dostam, eyni əqidəni paylaşırıq. Düzdür, uzun illərdir ki, görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir ki, Rusiyada kiçik bizneslə məşğuldur. Onun haqqında bundan sonra deyiləcəklərə inanmayın. Saleh bəyin biznesi kiçik biznesdir. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə (dəqiq xatırlamıram, 5-7 dəfə ola bilər) pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq  söhbət bu məbləğin haradasa, 100-də birindən gedir. Əlbəttə, mən Saleh bəyin biznes məqsədilə kimlərə nə alıb-verdiyini bilmirəm, ancaq mənə edilən yardım, bir daha vurğulayıram ki, təqribən 5 min dollar ətrafında olub. İndi bu Sarkisyanın otağını güdənlər )) böyük əməliyyat keçirdib, bu adamın şəxsən mənə yardım etdiyini müəyyən ediblər.

Nə oldu, şər qalmırdı atırdınız bizə – gah deyirdiniz, ermənilər bizi maliyyələşdirir, gah deyirdiniz, qrant alırıq, gah deyirdiniz, hansısa korrupsionerlər bizə yardım edir? Mən nə deyirdim? Deyirdim ki, dostlarım kömək edir. Həmin dostlardan biri də Saleh Rüstəmlidir. Bu qeyrətli vətənpərvəri, Gədəbəydəki Başkənd qələbəsinin əsas müəlliflərindən birini belə ciddi şərlədiyinizə görə çox məyusam. Hər şeydən görünür ki, ondan asanlıqla əl çəkməyəcəksiniz.

İlham Əliyev nə istəyirdi? Əli Kərimli siyasi məhbuslara kömək edə, vəkil tuta bilməməli idi? Dünən şərləyib həbs etdiyiniz Aqil Əli Məhərrəm, Babək Həsənli, Ruslan Nəsirli heç bir cinayət törətməyib. Heç inzibati hüquqpozması da törətməyiblər. Bu nə zehniyyətdir? Bir dostum mənə pul göndərib, partiya üzvü olan başqa bir dostum həmin pulu götürüb mənə çatdırıb. Hanı burda cinayət hadisəsi? O adamların hər biri kasıblıq həddində yaşayan insanlardır. Onlar hansı qanunsuz sahibkarlığı, hansı qazancı ediblər? Allahı tamammı unutmusunuz? Onların evlərinə baxış keçirəndə görmədinizmi hansı şəraitdə yaşayırlar? Həmin yarıac yaşayan insanlar mənə 412 min dollar pul gətirsəydilər, öz vəziyyətlərinə baxıb, mənə nifrət etməzdilərmi?

Hələ sizə bir məlumat da verim. Bu gün bir əqidə dostum mənə 600 manat göndərdi ki, şərləyib tutduğunuz 3 nəfər partiya funksioneri üçün vəkillərlə müqavilə bağlaya bilək. Budamı cinayətdir? Yoxsa, demək istəyirsiniz ki, sizinlə mübarizə aparmaq özü cinayətdir? Şimali Koreya olmağımızı rəsmiləşdirməkmi istəyirsiniz? Bəli, dostlarımın təmənnasız köməyilə imkanım daxilində siyasi məhbus ailələrinə yardım etməyim, cəbhəçi dostlarımın xeyirinə-şərinə yaramağım, xəstəsinə kömək olmağım cinayətdirsə, onda mən bu cinayəti törətmişəm, həbs edin məni. Heç bir təqsiri olmayan, vətənpərvər, mübariz gəncləri azad edin! Onsuz da indiyə qədər də çox qanunsuzluqlara imza atmısınız, daha bir qanunsuzluğa imza atmayın. Bilmirsiniz ki, insanları qanunsuz həbs etmək, azadlıqdan məhrum etmək özü də bir cinayətdir?

Əziz həmvətənlər, mən sizə dəfələrlə demişdim ki, həbsimə də, ölümümə də hazıram. Sözümüz sözdür! Həbsxana mübarizənin bitdiyi yer deyil, yeni mərhələnin başlanğıcıdır. Heç bir repressiya qanunsuz ailə hakimiyyətini əbədi etmək iqtidarında deyil. Mən sizlərə, xalqımıza inanıram, bədəli nə olur olsun, cümhuriyyəti yenidən bərpa edəcəyik! Yaşasın cümhuriyyət, azad və demokratik Azərbaycan!”

Qeyd edək ki,Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, Prokurorluq və daxili işlər orqanları tərəfindən ölkənin iqtisadi maraqlarına qarşı yönəlməklə sahibkarlıq fəaliyyətinin qanunla müəyyən edilmiş qaydalarına qəsd edən cinayətlərin aşkarlanaraq qarşısının alınması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanmışdır:
“Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ-hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparmışdır.

Saleh Rüstəmov daha sonra biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycan Respublikasının ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin mart ayından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin etmişdir. V.Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunmuş, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilmişdir.

İş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf edərək, təmsil etdikləri qurumun fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimli və digər şəxslərə verdiklərini bildirmişlər. Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunmuşdur.

Təqsirləndirilən şəxslərin cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulan müdafiə, hüquqi yardım almaq və sair hüquqları tam təmin olunmuşdur.

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan məlumatlar isə istintaqa təsir göstərmək, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən cinayət işi üzrə hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində qanunvericilikdə nəzərdə tutulan zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button