2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

24 il ŞUŞASIZ

Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 24 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşaqalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Saytların yığılması Saytlarin yigilmasi

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Yeni dövr zamanı, Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar:

  • Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.
  • İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.
  • On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada “Pənahabad” adlanan gümüş sikkə zərb edilirdi. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər.

Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir.

Tarixçi Baharlı şəhərin məhəllələri haqqında “Əhvalati-Qarabağ” adlı əsərində bilgi verir. Müəllif yazır: “Belə ki, əvvəlinci məhəllə yuxarı və məhəllədən Xanlıq aradır. Bu məhəllənin əsl adına Mir deyilirdi. O cəhətə görə Xanlıq ara deyilir ki, İbrahim хanın imarətinin yanıdır.

  • İkinci məhəllə Saatlı məhəlləsidir.
  • Üçüncü məhəllə Köçərli məhəlləsidir.
  • Dördüncü məhəllə Mamayı məhəlləsidir.
  • Beşinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.
  • Altıncı məhəllə Dəmirçi məhəlləsidir.
  • Yeddinci məhəllə Hamam qabağıdır.
  • Səkkizinci məhəllə Təzə məhəllədir.

Və aşağı məhəllələrin adları bunlardır:

  • Birinci məhəllə Qurdlar.
  • İkinci məhəllə Seyidli.
  • Üçüncü məhəllə Culfalar.
  • Dördüncü məhəllə Toyluq. (Quyuluq)
  • Beşinci məhəllə Çuxur.
  • Altıncı məhəllə Dördlər qurdu.
  • Yeddinci məhəllə Hacı Yusifli.
  • Səkkizinci məhəllə Dörd çinar.
  • Doqquzuncu məhəllə Çöl-qala. Və bu məhəllənin bir adı da “Cuhudlar”dır.

Tarixçi Mirzə Yusif Qarabaği də şəhərin məhəllələrini sadalamışdır: “Mehrili, Qazançılı, Əylisli, Çiləbörd Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhlə, Hacı Yusifli, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası”.

Şair və pedaqoq Mirzə Xosrov Şaiq Axundov Şuşa şəhərinin məhəllələrindən bəhs etmişdir. O yazır: “Qarabağ xanı qələnin ətrafına möhkəm hasar çəkdirib, bürclər tikdirmişdi. Şəhərin iki darvazası olmuşdur: biri Gəncə qapısı, ikincisi isə İrəvan qapısı adlanmışdır. Bununla da Qarabağ kəndlərindən xalq şəhərə yığışmağa başladı. Bu qayda üzrə Şuşada 17 məhəllə təşkil olundu: Böyük qurtlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamam qabağı, Dəmirçilər, Quyuluq, Xoca Əmircanlı, Mamayı, Saatlı, Köçərili, Mərdinli, Çöl qala, Hacı Yusifli, Çuxur məhlə, Balaca qurtlar, Ağa dədəli. Bu məhəllələrin adı ilə hazırda Qarabağda bir çox kənd vardır.

Şuşa şəhərinin məhəllələri haqqında yazılara çağdaş ədəbi örnəklərdə də rast gəlinir. Lətif Qarabağlı doğma şəhərindən danışarkən məhəllələrdən də bəhs etmişdir. O, yazır: “Şuşanın gözəlliyi, ab-havasının bəzi xəstəliklərə müalicə əhəmiyyəti, onun məşhur ticarət mərkəzinə çevrilməsi bura köçüb gələn ailələrin sayını artırırdı. Şəhərə sonradan gələnlər qala divarının yaxınlığında məskən salaraq məhəllələrinin adını Çölqala və s. adlandırmışdılar. Beləliklə Şuşada yaranan 17 məhəllənin doqquzu – Urudlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çölqala aşağı məhəllə, qalan səkkiz məhəllə – Köçərli, Mamayı, Merdinli, Saatlı, Dəmirçilər, Hamamqabağı, Təzə məhəllə və Xocamircanlı isə yuxarı məhəllələr sayılırdı”.

Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi (Şuşa) və Vaqif türbəsi yerləşirdi.Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı məktəbi, Süleyman Vəzirovun evi və s. ermənilər tərəfindən məhv edilmişdir.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası da orada yerləşirdi.

Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazmışdır: “Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur”.

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: “Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır”.

XIX əsrdə Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır. Xalq arasında «Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil», «Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar» deyimləri zərbi-məsələ çevrilmişdi.[18] Azərbaycanda ilk «Şərq konserti» də Şuşada 1901-ci ildə keçirilmişdir. O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı olmuşdur.XIX əsrin II yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başladı.

Şuşanı “Şərqin konservatoriyası” və “Azərbaycanın musiqi beşiyi” adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov və Süleyman Ələsgərov.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button