Loading...
Loading...
SEÇMƏ

24 yaşlı qadının qətlində ittiham edilən şəxsə 15 il hökm oxundu

Məhkəmədə hökm oxunmamışdan əvvəl zərərçəkmiş tərəfin nümayəndəsi, vəkil Zibeydə Sadıqova çıxış edib. O bildirib ki, Sevinc Məhərrəmova uzun müddət əri tərəfindən şiddətə məruz qalıb, bununla əlaqədar dəfələrlə polisə şikayət edib. Lakin dövlət orqanları lazımi tədbirləri görmədiyinə görə bu qətl hadisəsi baş verib:

“Sevinc Məhərrəmova dəfələrlə döyülməsindən Xəzər rayonundakı polis bölmələrinə şikayət edib. Ekspertiza keçirilib, Füzuli Qarayev barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb. Sevinc Məhərrəmova “Təmiz Dünya” qadın sığınacağına gedib. Lakin oradan da ərinə məlumat verilib və Sevinc sığınacaqda qala bilməyib. Füzuli Qarayev və məhkəmənin təkidilə Sevinc Məhərrəmova şikayətini geri götürməyə məcbur olub”.

Vəkil deyib ki, 2021-ci ilin martında Füzuli Qarayev Sevinc Məhərrəmovanı ağac kötüyü ilə döyüb. Bu dəfə də 128-ci maddə ilə Füzuli Qarayev 1 il 6  ay azadlığın məhdudlaşdırılmasıyla cəzalandırılıb:

“Lakin bu müddətdə Füzuli uşaqları Sevincə verməyib. Sevinc dəfələrlə polisə müraciət edib. Lakin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xəzər Rayon İcra Hakimiyyəti, Ombudsman Aparatı uşaqların həyatı ilə maraqlanmayıb. Şiddət göstərən şəxsdə uşaqların qalmasının qarşısını almayıb. Uşaqların anaya verilməsinə kömək etməyib. Uşaqlarını qaytarmaq üçün Sevinc məcbur olub yenə də şiddət göstərən Füzuliyə geri döndü və az sonra qətlə yetirildi”.

Vəkil vurğulayıb ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Sevincin şikayətlərinə ciddi yanaşmayıblar. Polislər onun əri ilə profilaktik söhbət aparmayıb, ailəni münaqişəli ailə kimi qeydiyyata alaraq, davamlı nəzarətdə saxlamayıb.

Zibeydə Sadıqovanın sözlərinə görə, evdə iki azyaşlı uşağın olmasında xəbərdar olsalar da, polis Xəzər Rayon İcra Hakimiyyətinə münaqişəli ailə barədə məlumat verməyib. İcra hakimiyyəti ailəni monitorinq etməyib, uşaqların və qadının psixoloji durumunu bərpa etmək üçün psixoloq ayırmayıb:

“İcra hakimiyyəti Sevinci dərhal mühafizə orderi ilə təmin etməyib. Polis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə münaqişəli ailə barədə məlumat verməyib. Sevinc hər dəfə polisə şikayət etdikdən sonra onun həyatının təhlükəsizliyi polis tərəfindən təmin edilməyib. Sevincin sonrakı həyatı nəzarətə alınmayıb. Polis Sevincin ərizəsini aldıqdan sonra onu bölmədən buraxıb və maraqlanmayıb ki, Sevinc və iki azyaşlı uşağın aqibəti necə oldu”.

Vəkil deyir ki, Sevinc Məhərrəmova xüsusi amansızlıqla qətlə yetirilib. Lakin təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülərkən bu məqam nəzərə alınmayıb.

Vəkil çıxışının sonunda təqsirləndirilən şəxsə 20 il həbs cəzası verilməsini, həmçinin hərəkətsizlik göstərməklə bu hadisəyə səbəb olan polislərlə bağlı araşdırma aparılması üçün xüsusi qərar çıxarılıb Baş Prokurorluğa göndərilməsini istəyib. Vəkil Füzuli Qarayevin maddi ziyana görə 4000, mənəvi ziyana görə isə 30000 manat Sevincin ailəsinə təzminat ödəməsini tələb edib.

Gözdən qaçırmayın:  MTN polkovniki: “Bir cinayət törətmişəm, Rüstəm Usubovu həbs etməmişəm”

Lakin məhkəmə öz hökmündə bu tələblərin heç birini nəzərə almayıb.

Füzuli Qarayevin vəkili çıxışında vurğulayıb ki, Sevinc Məhərrəmova öz hərəkətlərilə ərini cinayət törətməyə təhrik edib.

Təqsirləndirilən şəxs isə son sözündə Sevinci öldürmək niyyətində olmadığını və əməlindən çox peşman olduğunu bildirib.

Füzuli Qarayev məhkəmədə dindirilərkən həyat yoldaşını mütəmadi döyməsi barədə deyilənləri təkzib edib. O bildirib ki, Sevinc birinci dəfə evləndikdən dörd ay sonra evdən qaçıb atasıgilə getmişdi. Bir müddət sonra geri qayıdıb:

“Amma sonralar yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçıb getmişdi. Axtarırdım, tapmırdım. Axırıncı dəfə evdən qaçanda zəng eləyib atasını çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Atası dedi ki, “mən artıq bacarmıram, öldür onu, mənim üçün o qız ölüb”. Dedim ki, mən niyə öldürürəm?”

Füzuli Qarayev ailəsində baş verənlər, o cümlədən həyat yoldaşının davranışlarına görə onun xalası qızını günahlandırıb. İddia edib ki, Sevinci xalası qızı yolundan çıxarmışdı, feministlərə qoşulmuşdu.

Hadisə 2021-ci il avqustun 3-də Zirə qəsəbəsində baş verib. Füzuli Qarayevə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddələrilə ittiham irəli sürülüb. Sevinc Məhərrəmova qətlə yetirildiyi vaxt onun olduğu qonşudakı evin sahibi də bıçaqlanıb.

Sevinc Məhərrəmova Füzuli Qarayevin ikinci həyat yoldaşıdır. Onların altı illik evlilikdən iki azyaşlı övladı var.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button