2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

4-6 may tarixlərində bütün dünya Bakını İZLƏYƏCƏK

4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq.

Publika.az xəbər verir ki, bir çox tanınmış şəxslər və nüfuzlu dövlət xadimləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü hesab edirlər.

Forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Bu baxımdan da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dünyanın ayrı-ayrı ölkələrindən və beynəlxalq təşkilatlarından nüfuzlu şəxslər dəvət olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin bir sıra deputatları da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsini əhəmiyyətini vurğulayıblar.

Dağlıq Qarabağdan seçilmiş deputat Elman Məmmədov bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi Azərbaycan həqiqətlərinin, o cümlədən dağlıq Qarabağla bağlı məsələlərin dünyaya çatdırılması üçün yaxşı fürsətdir:

“Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan bu istiqamətdə xeyli uğurlara nail olub. Bütün bunlar Azərbaycanı dünya xalqları mədəniyyətləri ilə yaxınlaşmaqda, bu mədəni əlaqələrin inkişafında, həmrəylikdə nümunəvi ölkə kimi tanıdır. Sabah Bakıda işə başlayacaq 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycan Prezidentinin qlobal miqyaslı böyük təşəbbüsüdür”.

E.Məmmədov deyib ki, sözügedən forumun Azərbaycanda keçirilməsi dünya ölkələrinin, xalqların, millətlərin və mədəniyyətlərin bir-birinə yaxınlaşmasına, tanınmasına və münasibətlərin inkişafına səbəb olur:

“Ümumiyyətlə, Azərbaycan hər zaman bu istiqamətdə nümunəvi ölkə olaraq seçilib. Dünyada mədəniyyətlərin, dinlərin, dillərin və insanların birgə yaşayışının mümkün olmasını sübut edib, bu istiqamətlərdə hamını həmrəy olmağa çağırıb. Təbii ki, sabah keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu məsələlərə öz müsbət töhfəsini verəcək”.

Milli Məclisin digər deputatı Vahid Əhmədov da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsinin vacib əhəmiyyət daşıdığını söyləyib:

“Azərbaycan artıq bu cür forumlara yüksək səviyyədə ev sahibliyi etməklə dünyada öz sözünün deyir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər il Bakıda təşkil olunur. Bu forumda bir çox xarici ölkələrin dövlət başçıları, tanınmış və rəsmi şəxsləri, nüfuzlu mədəniyyət və siyasət adamları iştirak edirlər. Həmin şəxslərin Azərbaycanı yaxından tanımaq və mövcud reallığı görmək imkanları yaranır.

Bundan başqa, forumda dünyanı narahat edən qlobal problemlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri gündəmə gətirilir və müzakirə olunur”.

V.Əhmədov qeyd edib ki, forum Azərbaycanın tolerant, dinlərarası və mədəniyyətlərarası dövlət kimi dünyada tanınmasına töhfələr verir:

“Bu baxımdan da Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu cür tədbirlərin təşkilinə ehtiyac var”.

Xatırladaq ki, Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq.

Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq.

Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun yüksək səviyyəli tədbirləri BMT-nin televiziyası və internet resursunda canlı yayımlanacaq. İlk dəfə olaraq, BMT bilavasitə özünün təşkil etmədiyi tədbiri öz kanalları vasitəsilə canlı yayımlayacaq.

Qeyd edək ki, beynəlxalq səviyyəli mötəbər tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və s. birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button