2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Alatoranlıqda həbs olunmuş şəfəq…

Zümrüd Yağmur

Ölkədə baş verənlər, bütünlükdə dünyanın rənginin qırmızıya boyanışı, bir tərəfdə qaçqınlar, digər yanda soyqırım, müasir dediyimiz dünyanın özü ilə öyünməsinin yanında yer alan zülm və dəhşətlər düşündürücüdür.
Bir şeyi anlamağa çalışırsan. İnsan, dünyanın mahiyyəti budurmu, ya biz mahiyyətimizə çata bilmədiyimizdən baş verir bütün bunlar?
Bəlkə insan öz mahiyyətinə çata bilməməyin qisasını alır dünyadan?
Özündəki əskikliyi dünyadan bilirmiş kimi…
İncildə hər şey sözdən başlayır deyilir və bu sözdən başlayan hər şey elə sözdə də bitir gözümüzün önündə… Tanrının “ol” deməsi ilə can bulan hər şey, insan xislətinin “öl” deməsi ilə can verir.
Tanrının sözlə başlatdığını, insan sözündə bitirir.

Saytların yığılması Saytlarin yigilmasi

***

Bir də var sözün bitdiyi yer…
Azərbaycan, ya da Suriyada, Arakanda, Fələstində olduğu kimi… İnsan da, insanlıq da, hətta Tanrı belə sözün bitdiyi yerə gəlib çıxır. Və bu nöqtədən dönüb geri baxmağa, olanları dəyərləndirməyə çalışırsan. “Sözün bitdiyi yerə necə gəlib çıxdıq?” deyə verdiyin suala cavab aramaq istəyirsən və ilk ağlına gələn bu olur. Sözün bitdiyi yerə gəlib çıxmadıq bəlkə, sözlərimizi bitirdiyimiz yerdəyik?!
Bir anlığa gözlərimizi yumub bütün baş verənlərdən uzaqlaşmaq, hər şeydən uzaqda və uzaqda, sanki Tanrının olduğu yüksəklikdəymişsən kimi hiss edib olanlardan qopmaq, bəlkə onun hüzurunda durub insanlarla edə bilmədiyin söhbəti onunla etmək, dərdləşmək, danışmaq, ağlamaq, hətta bəlkə bağırmaq belə istəyirsən… Bu Tanrıdan hesab sormaq da ola bilər, madəm ki, insan bu qədər əskik qalacaqdı, madəm ki, bu qədər sözün bitişinə yürüyəcəkdi, madəm ki, Qabilin Habilə atdığı ilk daş dayanmadan yol gələcəkdi, bütün bu dəyərlər, ideallar, prinsiplər niyə?
Amma bundan belə vaz keçirsən, “niyə?” sualından sonra hər hüceyrəndə dolaşan mücərrədlikdən qorxub cəsarətsizcəsinə geri çəkilirsən, həqiqətətin düşüncəndə oturmasına savaş açıb “məğlubiyyəti” qəbul edirsən…

***

Bu gün ölkədə baş verənləri izlədikcə qəhr olursan. Ona qəhr olursan ki, dünən sözün savaşını verən, bu sözlə savaşdan bir ictimai yük qazanıb sonra o sözü satır. Mən 60-cıların bitmiş nəslindən bəhs etmirəm, yaxın tarixdə bu 60- cılara savaş açıb onlardan mövqe istəyənlərin, yeni nəsil yazarların indiki mövqesizliyindən bəhs edirəm.Ona da qəhr olmuram ki, bu gün hansısa yaşlı bir yazar özünü, sözünü satıb, qəhrim ona ki, cavan, gənc bir söz sahibi sözünə sahib çıxa bilmir.
Bitmiş 60-cıları bir zamanlar tənqid edən, böyük savaşlarla ədəbiyyata gəlib sözü qalxan deyil, qılınc edib ədalətin qalibiyyəti üçün sözün belə qanını tökəcəyini bəyan edənlərin bu günkü “qətliamdakı” iştirakını sakit izləmək çətindir.
Sveyqin “Fuşe” əsərini bir çoxlarınız oxuyub yəqin… Söz sahiblərinin toplaşdığı binaya gəlir, orda olan son nümayəndələri də həbs etdirir və sakitliklə qapıdan çıxır. Çıxdığı qapıya qıfıl vurub açarını da çibinə qoyur.
Müdhiş bir səhnədir. Və bu səhnənin eynisini, az fərqli ssenari ilə Azərbaycanda yaşayırıq.
Azərbaycanın da “Fuşe”si o otaqın qapısına qıfıl vurub. Amma bu gün Azərbaycan yazarı üçün həbsxana bildiyimiz həbsxana da deyil. Ölkədə yazarlar, söz üçün başqa bir formatda həbsxanalar inşa edildi, daha sinsicə, daha dəbdəbəli…
Ədəbiyyat saytları…
Azərbaycanın “yeni nəsil” deyilən yazarların həbs olunduğu o saytlar əslində, bu gün sözün həbsxanalarıdır.
Bu ölkədə də söz sahib olmaq iddiasında olanları sanki bir otağa yığıb qapısını da qıfılladılar, qıfılın açarınısa çiblərinə belə qoymadılar, ayaq altına atıb hətta bahalı ayaqqabıları zədə görməsin deyə üzərindən belə keçib getmədilər.
Bir vaxtlar köşələri azadlıq qoxuyan yazar sözününü yanından qaçıb bir əlin kölgəsinə sığındı.

***

Bizi ölülər idarə edir. Bakının dəbdəbəli küçələrində bahalı maşınlar sürən o eqosu tavana vuranların zahirdən görünən elitarlığı, ziyalılığı deyil, bu ölkəyə səpələnmiş o pinti, düzənsiz məzarlıqlarda elə öz pinti düşüncələri ilə uyuyan ölüləri, onların qoyub getdiyi yanaşmalar, dəyərlər idarə edir bu ölkəni…
Ölülərin idarə etdiyi ölkədəsə sözünü satmaq hər zaman asan olub. Çox asan. Çünki ölən arxasından miras qoyduğu yaltaqlıqla, satqınlıqla, prinsipsizliklə və yazıları ilə bir bütün olaraq qiymətləndirilməyib. Bu gün 60-cıları öz mövqesizliyində cəsarətli edən, məsələn, Rəsul Rzanın ədəbiyyatdakı yeridir. Sözünün sahibi olmağı seçib Sibirdə can verən Cavidlə, sözünü qətl etmiş Rəsul Rzanın yeri eyni deyilmi bu ölkənin ədəbiyyat tarixində?!… Bu iki şəxs heç fərq yoxmuş kimi, eyni dərslikdə yanaşı tədris olunur. Süleyman Rüstəm geniş təhlilə cəlb olunarkən, Əhməd Cavadın adı icmal köşələrində keçir.
Ölülərin idarəçiliyində rahatlıq tapan dirilər əmindir ki, onların indi özünə verəcəyi rahatsızlıqla, seçdiyi komfort arasında heç bir fərq yoxdur.
Bu gün özünü ədəbiyyat saytlarında böyük məbləğdə maaşlara basdıranlar, sözünü satıb susanlar və sözünə sahib çıxa bilməyənlər də tam əmindirlər. Onları kimsə ittiham etməyəcək. Çünki gələcəkdəki ölüləri də indi sağ olanları, gələcəyin ölüləri idarə edəcək əslində…

***
Bu gün daha Novruzəlidən, Fatmanisədən, saqqaldan yazıb diqqət cəlb etmək olmur. Bu üzdən də sakitlikdir və susqunluğun uğultusu içində söz gücdən düşüb. Xalq depresiyadadır, sanki 9 milyonluq bir kütlə sahibsiz və bilinməzliyin əhatəsində hərlənir. Yürümür, cəhd də etmir. Uçurum qarşıdamı, arxadamı, bunu belə bilməyə çabalamadan bilinməzlikdən asılıb qalmış kimi… Ölkədə tam zülmət də çökmür. Bakının dəbdəbəli, işıqlı və azğın küçələrindən qalxan o abırsız işıq seli, harın musiqi sədaları zülmətin tam çöküşünə imkan vermir. Ölkədə alatoranlıqdı. Alatoranlıqdasa səfəq sökülməz. Zülmət çökmədən işıq olmaz. Söz o zülmətin həyacan təbilini çalıb ölkədə can verməkdə olan hər nə varsa, onun əcəl zəngini çalmalıdır. “Qarşıda uçurum var” deməlidir.
Alatoranlıqdakı yarımçıqlığı tam edən, zülməti gətirən və o zülmətin ardından gəlməsi labür olan aydınlığı söz gətirməldi. O söz ki, həbsxanalarda, təqibdə, hədələrin əhatəsində var olmalıdır. Amma bu gün Azərbaycan yazarının, jurnalistinin sözü həbxanalarda deyil.
Azərbaycan yazarı və onun deyə biləcəyi söz prezidentin verdiyi evin dörd divarları arasında həbs olunub.
Beləcə, biz sözün bitdiyi yerdə deyilik əslində…
Biz sözümüzü bitirdiyimiz yerdəyik…

***

Bir xalq o zaman yazıq olur ki, onun sözünü deyən olmur. Bir xalq o zaman qorxaq və cahil olur ki, onun sözünə sahib çıxmaq iddiasında olanlar özünə sahib çıxa bilmir. Bir xalq o zaman yalan azarına tutulur ki, söz verən sözündən birinci qaçır.
Bir vaxtlar bu xalqa azadlıq vəd verildi. O söz tutulmadı. Sonra yeni nəsil deyilənlərin ədəbiyyatda savaşı başlandı və bu dəfə də ona yeni dəyərlə, yanaşmalar vədi verildi. Hətta bir çox dəyərlər dağıdıldı, amma yerini boş qoyub bu dəfə də xalqın ümidini azadlığa nifrət edən, azad sözə kinayə edən bir hakim qüvvənin əlindən aldıqları sədəqəyə qurban verdilər.
Öz azadlığını qoruya bilməyənlər bir xalqa nə vəd verə bilər ki?

***

Novruzəlini xatırlayırsınızmı?
Onun xanın hüzuruna gətimək üçün yumurtası, əti vardı. Bu gün söz Novruzəlilərinin də “xan”ın hüzuruna apara biləcəyi sözü var. Hətta o yazıq Novruzəli sizdən daha az təhlükəsizdi, çünki onun öncül olmaq kimi bir iddiası yoxdu.
Mənim üçün o illərin Novruzəlisi daha hörmətə layiqdi, o min illərin çarıq şüurundan ən azında zahirən imtina edə bildi, ayağına bir ayaqqabı geyindi. Amma bu günün Novruzəlisi yaddaşındakı min illik “çarıq” düşüncəsindən imtina edə bilməyib.
Novruzəlinin zahirdə başladığı inqilab belə yarımçıq qaldı. Müasir Novruzəlilər onu mahiyyət və zehniyyətdə dəyişimə keçirə bilmədi.
Amma onları eyniləşdirən bir cəhət də var.
Vəli xanın Novruzəlinin gətirdiyi sovqata ehtiyacı olmadığı kimi, bu günün “Vəli xanının” da hansısa yazarın sözünə, hətta yaltaqlanmasına belə ehtiyacı yoxdu.
60-cılar hakimiyyətin söz kahyaları idi, amma “yeni nəsil” hələ bu xidmətə belə layiq görülməyib. Hələlik bir tələb var.
Susun… Sabah nə olacaq və kim kahya, kim yalançı, kim böhtançı kimi rol alacaq, o hələ bəlli deyil.
***
Bir vaxtlar tənqir etdikləri Anarın, Elçinin gününə düşmək çox acı…

P.S. 2012 ci ildə “525-ci qəzet”də Fikrət Qoca “Məndən deməsi” adlı böyük bir məqalədə mənim öz yerimdə olmadığımı deyib, onu da bununla əsaslandırmağa çalışmışdı ki, öz yerimdə olmadığımdan Anarı, Elçini tənqid etməklə özümə ədəbiyyatda yer açmağa çalışıram. O zaman məqaləyə çavab verməmişdim. İndi də cavab verməyəcəm, sadəcə kiçik bir haşiyəyə çıxım və o qədər də vaxt xərclənəsi məsələ olmadığından Fikrət Qocaya bir sual verim.
Cənab Qoca, baxın, illər keçib, bu gün mən öz yerimdəyəm. Yerimsə, bilirsinizmi haradır, azad sözün yanı…
Bir düşünün…
Kimin harda olduğunu kim müəyyən etmiş? Mən yerimi özün seçdim.
Sizin yeriniz haradır və onu sizin əvəzinizə kim seçmiş!?
Məndən də deməsi….
Düşünməsi sizə qalmış…
***
Son olaraq eyni sualı mənimlə eyni nəsildən olan yazarlara verirəm.
Sizin yerinizi kim seçmiş? Sizmi? Doğrudanmı, özünüzə seçdiyiniz və layiq bildiyiniz yer orası?

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button