2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

AŞPA "Tərtər işi"nin bütün fiqurantlarına bəraət verməyə çağırıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) təşkilatın iştirakçısı olan ölkələrdə işgəncələrə qarşı mübarizə tədbirlərini gücləndirməyə çağırıb, xüsusən, Azərbaycan, Rusiya və Türkiyədə sistemli şəkildə işgəncə tətbiq edildiyini qeyd edib.

AŞPA Strasburqda təşkilatın qış sessiyasında “Avropada həbs yerlərində sistemli işgəncələr və qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza haqqında bəyanat” qətnaməsini qəbul edib. Sənəd Kiprdən olan deputat Konstantinos Efstatiunun məruzəsi əsasında qəbul edilib.

“Avropa Şurası işgəncələrin və digər amansız, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və cəza növlərinin tətbiqinə qoyulmuş qadağaya riayət olunmasını təmin etməlidir. Həbsdə olan şəxslər həssas vəziyyətdədirlər və dövlətlər onların fiziki rifahını qorumalı və istənilən travmalara görə məsuliyyət daşımalıdır”, deyə Avropa Şurasının press-relizində bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Deputatlar Rusiya, Azərbaycan və Türkiyə kimi dövlətlərdə “sistemli və ya geniş yayılmış işgəncələri və digər amansız rəftar formalarını” qəti şəkildə pisləyiblər, deyə məlumatda qeyd edilir.

Assambleya Azərbaycanla bağlı məlumatlardan, xüsusən, “Tərtər işi” çərçivəsində “dəhşətli” işgəncələrə görə dərin narahatlıq hissi keçirir. “Bu iş üzrə 2017-ci ildə saxlanılmış bir çox şəxs işgəncələrə və qeyri-insani rəftara məruz qalıb, bu işgəncələr nəticəsində təsdiqini tapmış 10 ölüm hadisəsi qeydə alınıb. Saxlanılan şəxslər dövlətə xəyanət ittihamlarını qəbul etmələri məqsədilə işgəncələrə məruz qoyulub.

Saxlanılan və əvvəlcədən həbs edilən şəxslərin bəzilərinə indi bəraət verilsə və onlar azad edilsə də, digərləri həbsdə qalmaqdadır. “Tərtər işi” ilə yanaşı, bəzi məlumatlarda siyasi müxalifətin nümayəndələrinə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı da işgəncə və amansız rəftar formalarının tətbiq olunduğu qeyd edilir, deyə sənəddə bildirilir.

Assambleya Azərbaycanı “Tərtər işi”ndə işgəncələrin tətbiqinə görə məsul olan bütün təqsirli şəxslərin, yüksək vəzifəli şəxslərin və dövlət orqanlarının məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırıb. Eyni zamanda, bütün qurbanlara təzminat ödənilməsinin və işgəncə altında alınmış ifadələr əsasında verilmiş ittiham hökmləri ləğv edilməklə, onlara bəraət verilməsinin təmin edilməsi tələb olunur.

AŞPA Rusiyaya (Avropa Şurası Nazirlər Komitəsi 16 mart 2022-ci il tarixində Rusiyanın təşkilatdakı səlahiyyətlərini dayandırıb), Azərbaycana və Türkiyəyə “problemin köklü səbəblərini aradan qaldırmağı, sui-istifadə hallarının və qanunsuz təcrübələrin aradan qaldırılmasına yönəlmiş sistemli dəyişikliklər həyata keçirməyi” tövsiyə edib.

Yanvarın 24-də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına baxmayaraq, ölkə Avropa Şurasının üzvü olaraq qalır və bu qurumun tövsiyələri yerinə yetirilməlidir.

* 2017-ci ilin may-iyul aylarında Tərtərdə və digər rayonlarda yerləşən hərbi hissələrdə ən az 450 nəfər – hərbiçi və mülki şəxs saxlanılıb və qeyri-insani rəftara və işgəncələrə məruz qoyulub. İşgəncələr nəticəsində 10 nəfər hərbiçi həlak olub. Saxlanılan şəxslərin əksəriyyəti Azərbaycan CM-in 234.1 (qanunsuz narkotik dövriyyəsi), bəziləri 228.1-ci (qanunsuz silah dövriyyəsi) ittihamı ilə məsuliyyətə cəlb edilib və uzunmüddətli həbs cəzasına məhkum edilib.

30-a yaxın şəxs “dövlətə xəyanət” ittihamı ilə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

İşgəncə faktları ictimailəşdirildikdən sonra Baş Prokurorluq 2021-ci ildə istintaqı bərpa edib. Nəticədə, 2022-ci  ilin sonlarında “dövlətə xəyanətdə” ittiham olunan 20 nəfərə bəraət verilib. Eyni zamanda, dövlətə xəyanət ittihamı ilə deyil, CM-in digər maddələri ilə həbs edilən 16 nəfərə bəraət verilib. 13 nəfərə isə daha əvvəl, 2018-ci ildə Hərbi Prokurorluğun qərarı ilə bəraət verilmişdi.

Lakin “Tərtər işi”nin 10 fiqurantı hələ də həbsdədir və onların qohumları və hüquq müdafiəçiləri işə yenidən baxılmasına və həbs edilən şəxslərin azad edilməsinə nail olmağa çalışır.

Müstəqil ekspertlər hesab edirlər ki, hərbiçilərin və mülki şəxslərin “dövlətə xəyanət” və xüsusən “ermənilərə xidmət etmə” ittihamı ilə kütləvi həbsi bəzi yüksək vəzifəli generalları tərəfindən 2016-cı ildə Qarabağda aprel döyüşləri zamanı döyüş tapşırıqlarını yerinə yetirməmələrinə bəraət qazandırmaq üçün başlanıb.

“Tərtər işi”nin qurbanları hesab edirlər ki, hələ repressiyalara görə məsul olan bütün generallar məsuliyyətə cəlb edilməyib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button