Loading...
Loading...
SEÇMƏ

“Avronun ucuzlaşması Avropada qaz böhranının dərinləşməsi ilə bağlıdır”

Yayımlandı: 26 Avqust 2022 13:31

“Qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını tormozlayır”

Dünya valyuta bazarlarında avro dəyər itirməyə davam edir.

Mütəxəssislər düşünür ki, avronun günlərdir ki, dollar qarşısında dəyər itirməsi Avropa bölgəsində inflyasiyanın faizini daha da artırır.

Avropa Mərkəzi Bankının bəzi rəsmiləri iyulda keçirilən son toplantıda faiz dərəcələrinin ilkin olaraq 50 baza bəndinin yarısı qədər artırılmasını istəyib.

“Bloomberg” yazır ki, Avropanın 19 ölkəsində iqtisadiyyat zəifləyib. Lakin rekord inflyasiya ilə mübarizə aparmaq üçün növbəti iclaslarda pul bazarları ilə bağlı müzakirələr gözlənilir və bu, qaçılmazdır.

Bank rəsmiləri qeyd edirlər ki, avronun dəyər itirməsi xarici mühitdə mühüm dəyişikliyə səbəb olub.

Xüsusilə ABŞ dolları ilə hesablanmış enerji idxalının daha yüksək xərcləri hesabına Avropa bölgəsi üçün böyük inflyasiya təzyiqlərinin olacağı gözlənilir.

Azərbaycanlı deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, son zamanlar avro 20 ilin ən aşağı məzənnəsi ilə təklif olunub, hətta dollardan daha ucuz satılıb:

“Dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir. Avronun ucuzlaşması qitədə qaz böhranının dərinləşməsi və bunun da real sektora təsirləri ilə bağlıdır. “Qazprom” Qərbi Avropaya qaz təminatında da fasilələrin olacağını istisna etmir. Nəticədə Avropanı heç də asan olmayan payız və qış mövsümü gözləyir. Digər tərəfdən, Avrozonada yüksək infilyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır”.

İqtisadçı bildirib ki, avrozonada iyun yekunlarında illik inflyasiya dərəcəsi 8.6 faiz olub. Məsələn, bir ay öncə bu rəqəm 8.1, ötən il isə cəmi 1.9 faiz olub.

Foto: Meydan TV

qar Bayramovun sözlərinə görə, Avropa İttifaqında zonaya nisbətən daha yüksək qiymət artımları müşahidə olunur. Bu ilin birinci yarısının son ayında 9.6 faiz ilik inflyasiya qeydə alınıb. Bu göstərici bir ay öncə 8.8, ötən il isə cəmi 2.2 faiz olub:

“Avronun ucuzlaşması həm də Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olub. Doğrudur, Avrozonada infilyasiya səviyyəsi də kifayət qədər yüksəkdir, lakin qlobal infilyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir”.

İqtisadçı əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri manat da avroya nisbətən möhkəmlənib.

Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.6891-dək dəyişib. Bu, manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir:

Gözdən qaçırmayın:  Zelenski Rusiyanın yaratdığı radiasiya təhlükəsindən danışıb

“Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə, Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir”.

Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəlincə, Vüqar Bayramov deyir ki, əvvəllər də kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

Bütün bunlar ilə yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır:

Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Avro fevralda Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ucuzlaşmağa başlayıb.

Avropa Birliyi ölkələri Rusiyanın Ukraynaya hücumunu işğal və qəbuledilməz sayıb, buna görə də Rusiyaya müxtəlif sanksiyalar qoyub.

Bütün bunlar isə hər iki tərəfin, yəni həm Rusiyanın, həm də Avropa Birliyi ölkələrinin iqtisadiyyatında zəifləmələrə, yüksəkfaizli inflyasiyaya səbəb olub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button