Avropada rus xofu:Müharibə başlasa, kim qalib gələcək? – Araşdırma - 24 saat xəbərlər
Now Reading:
Avropada rus xofu:Müharibə başlasa, kim qalib gələcək? – Araşdırma
Full Article 5 minutes read

Avropada rus xofu:Müharibə başlasa, kim qalib gələcək? – Araşdırma

Niklas Vent

Aftonbladet (İsveç)

Prezident Tramp NATO-nu “köhnəlmiş təşkilat” adlandırıb. ABŞ özünü kənarlaşdırsa, Avropa öz müdafiəsinin qayğısına qalmalı olacaq. Lakin Avropa silahlı qüvvələri Rusiyaya qarşı nə dərəcədə yaxşı dura bilər? “Aftonbladet” qəzeti iki ekspertin yardımı ilə bunu hesablayıb.

NATO-nun hərbi gücü ABŞ-ın liderliyi ilə Rusiya qüvvələrini güclü şəkildə üstələyir. Lakin ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasının gedişində kollektiv özünümüdafiə haqda NATO qaydalarını şübhə altına alıb və eyham vurub ki, yalnız müdafiəyə yetərincə vəsait sərf edən ölkələr fövəqldövlətin yardımına bel bağlaya bilər. O, başqa kontekstlərdə NATO-ya “qəti dəstək” ifadə edib. Lakin Avropada inamsızlıq yayılıb və ekspertlərin əksəriyyətinin Rusiya ilə münaqişəni getdikcə daha az ağlabatan saydığı fonda sual doğur: Avropa Baltika uğrunda müstəqil şəkildə müharibə apara bilərdimi?

Rusiyanın hərbi gücü İsveç Total Müdafiə İnstitutunun məruzəsində təsvir olunub. Bu dəyərləndirmələrə görə, Rusiya hər bir istiqamətdə 14 briqadaya bölünmüş 150 min nəfərdən istifadə edərək eyni zamanda iki hücum əməliyyyatı aparmağa qabildir.

Total Müdafiə İnstitutunun təhlükəsizlik məsələləri üzrə analitiki Frederik Vesterlund deyir: “Onların təlimləri buna həsr olunub”.

Bütün qüvvələr bir istiqamətə cəmlənsə, ona 19-a qədər briqada qatıla bilər.

Ekspert bildirir: “Amma əmin deyilik ki, logistika düşünülüb və onların bu cür böyük əməliyyat aparmaq üçün nəqliyyat resursları var. Onlarda bu cür təlim hələ heç vaxt olmayıb”.

Hər bir ölkənin nə qədər tank və ya təyyarəyə malik olduğunu hesablamaqla hərbi gücləri tutuşdurmaq xeyli yanlışlıq və problemlər doğuran üsuldur. Rusiya ilə bağlı bu cür müqayisə xüsusən şübhəlidir, çünki Sovet İttifaqından ona miras qalmış çox böyük hərbi ehtiyat resursları istənilən potensial rəqibdənsə rusları daha güclü saymağa asanlıqla əsas verə bilər.

Bəzi qaynaqlar, məsələn, “Globalfirepower” saytı Rusiya hərbi texnikasının ümumi  miqdarını hesablayıb. Rus tanklarının sayı 15 398 ədəd, yəni Fransanınkından 77 dəfə çox göstərilib.

Lakin bütün bu sərvətin hansı durumda olduğunu heç kim bilmir. Döyüş maşınları və silahların əksəriyyəti brezentlə örtülmüş halda 25 il durub.

Frederik Vesterlund deyir: “Sovet hərb maşınları – biz isə məhz onları nəzərdə tuturuq – ümumən və bütövlükdə möhkəmdir və saxlanma vaxtı o qədər də çox qulluq tələb etmir.  Köhnə tank və zirehli nəqliyyat yetərincə uzun müddət yerində dursa da, onlara tamamilə həyat vermək mümkündür. Bunlar çoxdursa, kifayət qədər saz texnika əldə etməkdən ötrü başqalarını qaydaya salmaq üçün digərlərinin detallarından yararlanmaq olar”.

Amma indiki anda ən önəmlisi budur ki, ruslar öz ehtiyatlarını operativ şəkildə sığınacaqdan çıxarıb işə sala bilmirlər.

Ekspert hesab edir: “Bu gün Rusiyanın bu cür səfərbərlik hazırlığı ilə məşğul olası təşkilatı yoxdur. Daha balaca təşkilat var, ancaq yeni hissələr formalaşdırmaq üçün deyil, daha çox artıq mövcud ordu birləşmələrindəki boşluqları aradan qaldırmağa nəzərdə tutulub. Bu passiv ehtiyatları silahlı qüvvələrin gücü hesabına daxil etmək düzgün deyil”.

“International institute for strategic studies” araşdırma mərkəzinin illik “Hərbi tarazlıq” məruzəsində istifadə edilən və ehtiyatdakı döyüş maşınları arasındakı fərq müəyyən edilir. Fəal istismardakı döyüş maşınlarının sayı 2950 ədəd kimi dəyərləndirilir.

Vesterlund deyir: “2 950 ədəd gerçək saya daha yaxındır”.

 

Aparıcı dövlətlər pis durumdadır

 

Bəs, Avropanın müdafiə imkanları ilə bağlı məsələ nə yerdədir?

Silahlı qüvvələri diqqətə layiq olan üç dövlət Fransa, Almaniya və Böyük Britaniyadır və hər üçü pis vəziyyətdədir.

2020-ci ilə doğru Böyük Britaniyanın bir hava-desant briqadası və zirehli nəqliyyat və tanklarla bir mexanikləşdirlmiş diviziyası (üç briqada) olacaq, amma ən yaxın aylarda onlardan yalnız biri döyüşə girə bilər.

Avropada ən güclü ordu Fransanındır – iki diviziyadan ibarətdir və hər birində üç briqada var.

Total Müdafiə İnstitutunun təhlükəsizlik üzrə analitiki Robert Dalşyo deyir: “Lakin fransızlar daxili terror təhlükəsi, həmçinin Yaxın Şərq və Afrikada ciddi öhdəliklərin yerinə yetirilməsi ilə məşğuldurlar. Fransanın müdafiəsi indiki vəziyyətdə dizüstədir. Mənə təsəvvür etmək çətindir ki, onlar bir-iki briqadadan artıq ayıra bilərlər – biri yüngül, o bir ağır. Almanlarda da hər şey pisdir, onlarda ehtiyat hissələr çatmır, avadanlıqların çoxu isə, sadəcə, işləmir. Almanlar öz problemlərini bilir və bu sahəyə çox pul qoysalar, bir neçə ildən sonra nəticə olacaq. Düşünürəm ki, indi isə bir-iki briqada ayıra bilərlər. Ola bilsin, Hollandiya almanlarla bir yerdə bir briqada ilə qatıla bilər”.

 

İtaliya və İspaniyanı hesaba salmayın

 

Robert Dfalşyo düşünmür ki, İspaniya və İtaliyanı hesaba salmaq lazımdır. Onların Mərkəzi Avropada heç vaxt qoşunu olmayıb, İspaniya isə NATO-ya yalnız 1982-ci ildə girib. Ola bilsin, Danimarka və Norveç hərəsi bir batalyon yığa bilər.

Robert Dalşyo davam edir: “İslandiyanın heç nəyi yoxdur, Lüksemburq başsağlığı, Belçika şokolad qutusu göndərəcək. Çexlər, slovaklar, macarlar… ola bilsin, sırf rəmzi yardım edəcəklər. Bəlkə də, hər ölkədən bir batalyon”.

Ehtimal ki, Avropa tərəfdən ən önəmli oyunçu Polşadır. Dalşyo mülahizə edir: “Onların silahlı qüvvələri xeyli çoxdur və lap yaxşı durumdadır. Bundan savayı, Polşa siyasi baxımdan ordudan istifadəyə köklənib. İstənilən halda onlar yeni hökumət seçənədək bu cür idi. Bundan sonra çoxları ehtiyata gedib, zabit heyətində isə təmziləmə aparılıb. İstisna etmirəm ki, dörd, ya beş briqada yığa bilərlər, amma bu təkcə mənim fərziyyəmdir”.

İsveç döyüşə bir briqada, Finlandiya, ola biər ki, üçünü göndərər. Ən nikbin hesablamaya görə, cəmi 18 Avropa briqadası alınır.

Robert Dalşyo iddia edir: “Onları toplamağa bütün qüvvə sərf olunsa, ən azı, üç həftə lazımdır. Belə ki, baltlar müharibəni uzatmaq ustası çıxmasalar, söhbət artıq ərazilərin qaytarılması üzrə əməliyyatlardan gedəcək, bu isə xeyli çətindir”.

 

Rusların üstünlüyü

 

Frederik Vesterlund hesab edir ki, rus hərbi birləşmələri Avropanınkı ilə müqayisədə daha yükəs döyüş qabiliyyəti və hazırlığı ilə fərqlənir. Bundan başqa, Rusiyanın üstünlüyü  qərarların qəbul edilməyində vahid iyerarxiyanın mövcudluğudur. Avropa isə, ən azı, cürbəcür rəhbərli 15 ölkəni hərəkətə gətirməli olacaq ki, Rusiyanın ordusuna bərabər ordu toplasın.

Frederik Vesterlund əlavə edir: “Lakin birləşmələrin keyfiyyət və kəmiyyətini dəyərləndirsək, hökmən deyil ki, Rusiyanın xüsusən də uzun müddətə üstünlüyü olacaq. Hər halda NATO-nun resursları xeyli böyükdür”.  

Robert Dalşyo hesab edir ki, Baltikyanına əlavə qüvvə gəlincə Rusiya oranı işğal etməyi çatdırardı və deyir ki, o, işğal edilmiş ərazini nüvə silahı vasitəsilə müdafiə edəcək.

O, sual edir: “ABŞ desə ki, “Biz iştirak etmirik”, Fransa və Almaniyanın Baltikyanı xatirinə milli intihara getmək istəyəcəyi şansı necədir?”

 

Tərcümə Strateq.az-ındır.

Input your search keywords and press Enter.