Now Reading:
“Azərişıq”ın regional işçiləri qanunsuz işdən çıxarıldıqlarını bildirir

“Azərişıq”ın regional işçiləri qanunsuz işdən çıxarıldıqlarını bildirir

Regional şöbənin rəisi isə deyilənləri təkzib edir: “Əmək müqavilələrinin müddəti başa çatıb”

““Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində rəhbər vəzifədə olan Fariz İsmayılov eyni zamanda həm işçilərini təhqir edir, həm onların qarşısında qeyri-qanuni tələblər qoyur, həm də istədiyi şəxsləri işindən azad edir”.

Bunu 24saat.org saytına şikayətində qurumun əməkdaşı Məmmədov Rövşən Rafiq oğlu deyib. O bildirir ki, F.İsmayılov işçiləri aldama və ya hədə-qorxu yolu olə işdən çıxmaları barədə ərizə yazdırır, bununla razılaşmayanda isə müxtəlif bəhanələrlə barələrində “tədbirlər görür”.

“2016-cı il oktyabr ayının 13-dən “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində işə başlayıb. Fariz İsmayılov bu quruma rəhbər gəldikdən sonra isə işdə problemlər yaranmağa başlayıb. O vurğulayır ki, rəis işçilərə qarşı təhqiramiz davranmaqdan da çəkinmir.

“Yaxın qohumum rəhmətə getmişdi. Gedib işdə tabelə qol çəkib gəldim hüzür yerinə. Üzüm tüklü idi. Fariz İsmayılov məni çağırdı, üzümün niyə tüklü olmasını soruşdu. Bildirdim ki, yaxın qohumum ölüb, ona görə belədir. Mənə dedi ki, bundan sonra atan da, anan da, qardaşın da ölsə, üzünü təraş edərsən. Şənbə, bazar günü də işə çıxarsan. Bu adam kimə güvənir bilmirəm, ancaq işçiləri təhqir etməklə məşğuldur. İşçilərə hədə-qorxu gələrək işdən çıxmaları barədə ərizə yazdırır. “Azərişıq” rəhbərliyi rəhbər vəzifəyə kimisə qoyanda, həmin şəxslə bağlı ciddi araşdırma aparmalıdır”.

Şikayətçi Fariz İsmayılovun yerlipərəstlik etdiyini də vurğulayır. “Bir gün xəbər tutdum ki, məni işdən çıxarıblar. Səbəbini də demirlər. Mən kimdənsə pul istəmirəm ki. İşimi görüb, alın tərimlə maaş alırdım. Aya 448 manat əmək haqqım var idi. İsti-soyuq fərq etmədən, həftənin demək olar ki, hər günü səhərdən axşama kimi küçə-küçə, ev-ev gəzmişik. Adam var ki, işə gəlmir, ancaq ona maaş verirlər. “Azərişıq” gəlib rayonda yoxlama aparmalıdır. Avqust ayında məzuniyyətə çıxmalı idim, ancaq xəbər göndərdilər ki, əmək müqaviləmə xitam verilib. İşimdə heç bir nöqsan olmadığı halda, məni işdən kənarlaşdırdılar. Bununla bağlı dövlət rəhbərliyinə müraciət ünvanlamışıq, yaxın günlərdə də Fariz İsmayılovu məhkəməyə verəcəyik”.

R.Məmmədov əlavə edir ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində işdən çıxarılan daha bir şəxs isə Hafiz Xəlilovdur. O, 1998-ci ildən “Azərişıq” ASC-nin müxtlif rayonlardakı şöbələrində işləyib. Ağcabədidə isə 2011-ci ildən işləməyə başlayıb. Hafiz Xəlilov bildirib ki, ali təhsilli energetikdir. “H.Xəlilov məzuniyyətdə olduğu halda rəis onun işdən çıxarılması barədə təqdimat yazıb. Səbəb kimi də onu gösərib k, gərək məzuniyyətdə olduğu müddətdə də işə çıxaydı”.
İşdən çıxarılmış şəxslər bildirilər ki,  “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsinin rəhbəri “Azərişıq” ASC-nin sədri Baba Rzayevin adından istifadə edir. Onlar məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsinin rəisi Fariz İsmayılovla əlaqə saxladıq. O, 24saat.org-a aşıqlamasında şikayətçilərin iddialarının əsassız olduğunu bildirib: “Rövşən Məmmədov və Hafiz Xəlilovun əmək müqavilələrinin müddəti başa çaıb və müqavilənin müddəti uzadılmayıb” – deyə F.İsmayılov bildirib.

Günel Məmmədova
24saat.org

Input your search keywords and press Enter.