Manşet

Bəzi ölkələrdə Azərbaycanın da aldığı peyvənddən imtina olunur

Azərbaycan hakimiyyəti pandemiyadan sui-istifadə edir”

Martın 12-də Azərbaycanda 576 nəfər koronavirusa yoluxub. 217 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda belə deyilir.

Son bir gündə 6 nəfər COVID-19-dan vəfat edib.

Son həftələr Azərbaycanda bu virusa gündəlik yoluxmada artım olduğu bildirilir. Dünən, martın 11-də 608 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

“Sistemsiz addımlar biznesi çökdürür”

İqtisadçı Qubad İbadoğlu deyir ki, Azərbaycan hakimiyyəti pandemiyadan sui-istifadə etməklə iqtisadiyyatı da siyasi maraqlara qurban verir:

“Düzgün statistika olmadan iqtisadiyyata kor kimi baxan Azərbaycan hakimiyyətinin pandemiya ilə əlaqəli atdığı sistemsiz addımlar əksər sektorlarda biznesi çökdürür”.

İqtisadçı deyir ki, iqtisadi və sosial nəticələrini düşünmədən COVID-ə yoluxanların sayının artımı səbəbindən iqtisadiyyatın bir sıra sahələri üzrə işgüzar fəaliyyətin dayandırılmasına sövq edən ictimai rəy formalaşdırılır:

“Bəzi həkimlərin təşkil olunmuş müsahibələri vasitəsilə 2 həftəlik sərt karantin rejiminin tətbiqi zərurəti əsaslandırılır. Görünür ki, son günlərdə müşahidə olunan vətəndaş fəallığından və artan siyasi hərarətdən qorxan hakimiyyət pandemiyadan yenə də özəl maraqları çərçivəsində istifadə edəcək və yenidən iqtisadiyyatı qapayacaq, hərəkət məhdudlaşdıracaqlar”.

Qubad İbadoğlu
Qubad İbadoğlu – Meydan Tv

Qubad İbadoğlu deyir ki, görünür bütün bunların müqabilində yaranan xərcləri sahibkarların və vətəndaşların nə ilə ödəyəcəyi hakimiyyəti qayğılandırmır:

“Hökumət başa düşmür ki, iqtisadi idarəçilik yalnız büdcəyə pul yığımını təmin edən fiskal və ən geci 6 aydan sonra bağlanan məşğulluq siyasətindən ibarət deyil. Hökumət onu da anlamır ki, qısamüddətli dövrdə müşahidə olunan pozitiv dəyişikliklər bəzən orta və uzunmüddətli dövrdə neqativ fəsadlar yaradır. Bunu azad sahibkarlara münasibətdə aparılan töycü və xərac siyasətindən asanlıqla sezmək olur”.

Qubad İbadoğlu bildirir ki, əslində pandemiya dövründə hökumət sahibkarlara və vətəndaşlara münasibətdə xəsislik göstərməməli, məcmu tələbi artırmaq üçün ya sosial yardım və maliyyə dəstəyi proqramlarını davam etdirməklə, ya da ki, “iqtisadiyyatı açmaq”la işgüzar fəallıq hesabına alıcılıq qabliyyətinin azalmasına yol verməməli idi:

“Əks təqdirdə tənəzzül dərinləşəcək və böhrandan çıxmaq daha da çətinləşəcək. Yaranmış vəziyyəti dəyərləndirmək və çıxış yollarını aramaq üçün hakimiyyətin iqtisadiyyatçılarını debata çağırıram”.

Peyvəndlərdən imtina

Azərbaycan koronavirusla mübarizə çərçivəsində daha bir vaksin də alıb. Bu, İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus olan peyvənddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “GAVI ALLIANCE” arasında imzalanan sazişə əsasən, 432 min doza vaksin 180 günə Azərbaycana gətirilməlidir.

Bu barədə martın 11-də Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda bildirilir.

Gözdən qaçırmayın:  “Rusiya yerli əhalidən “CANLI SİPƏR” kimi istifadə edir" - RƏSMİ AÇIQLAMA

Habelə, Rusiya Federasiyasının “HUMAN VACCINE” şirkəti ilə imzalanmış sazişə əsasən, Azərbaycan 300 min doza “Sputnik V” dərman vasitəsi alıb. Həmin dərman vasitələri də 180 gün müddətində Azərbaycana gətiriləcək.

Tailand Azərbaycanın da aldığı “AstraZeneca” peyvəndindən “mənfi simptomlar” səbəbindən imtina edib.

Danimarka, Norveç və İslandiya da qan laxtalanması səbəblərinə görə “AstraZeneca” peyvəndinin istifadəsini dayandırıb.

Daha öncə Azərbaycanın Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanmışdı. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilmişdi. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanıb. Hazırkı dövrə qədər 400 mindən çox şəxsin peyvənd olunduğu açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin öldüyü açıqlanıb.

Azərbaycanda isə indiyədək ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfərin vəfat etdiyi açıqlanıb.

Meydan tv

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button