2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Baydenin geri çəkiləcəyini düşünmürəm”

Amerikanın ən nüfuzlu qəzetlərindən biri Ukrayna müharibəsində mövcud vəziyyətin çox bədbin mənzərəsini təsvir edib. UNIAN agentliyi məqalənin tərcüməsini verib.

“The Washington Post” yazır ki, Ukraynanın sursatları tükənmək üzrədir və cəbhə xəttində perspektiv dumanlı görünür. Nəşr qeyd edir ki, Ukraynanın əraziləri qaytara biləcəyinə olan ümidlər Rusiyanın atəş gücü qarşısında sönmək üzrədir.

“Ukraynanın Rusiya qüvvələrinə qarşı gözlənilməz qələbələri ilə müşayiət olunan eyforiya yox olur. Çünki Moskva taktikasını dəyişir, öz addımlarını nizamlayır və Ukrayna qüvvələrinə qarşı hədsiz atəş gücünü nümayiş etdirir”, – məqalədə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qərbin vəd etdiyi yeni silah sistemləri gəlir, amma Rusiyanın Donbasda tədricən, lakin davamlı irəliləyişinin qarşısını almaq gücündə deyil. Çünki silahlar çox asta şəkildə göndərilir və kifayət qədər deyil.

“Ukraynalılar hələ də döyüşürlər, lakin döyüş sursatı tükənir və onlar müharibənin ilkin mərhələsində olduğundan qat-qat çox itki verirlər. Ruslar hələ də səhvə yol verirlər, insanları və texnikanı itirirlər. Amma itkilər münaqişənin ilk aylarında olduğundan daha azdır”, – nəşr yazır.

Rusiyanın texnika çatışmazlığından əziyyət çəkdiyinin əlamətləri sosial şəbəkələrdə yaylan videolarda da görünür. Onlar sovet dövründən qalma yüzlərlə T-62 tankını Ukraynaya göndərmək üçün anbarlardan çıxarırlar.

Lakin müharibənin ümumi trayektoriyası dəyişib və daha güclü tərəf kimi açıq-aşkar Rusiyanın xeyrinə meyl edir.

Məqalədə bir sıra digər təfərrüatlara da yer verilir. Və təbii ki, ortaya suallar çıxır. “The Washington Post”un qiymətləndirmələri və təsvirləri nə dərəcədə doğrudur? Bu mötəbər nəşr hansısa siyasi məqsədlər güdürmü? Axı məlumdur ki, hazırda bir çox Qərb ölkələrində, o cümlədən ABŞ-da siyasi qüvvələrin təxminən yarısı Ukraynada müharibəni ən tez bir zamanda Moskva ilə danışıqlar yolu ilə dayandırmaq lazım olduğu fikrinə meyl edir. 

Kiyev isə məsələnin bu cür qoyulması ilə qəti şəkildə razılaşmır, Rusiyanın zəbt etdiyi torpaqların azad edilməsinin zəruriliyində israr edir. Amma təbii ki, Rusiya bunu sülh yolu ilə etməyə razılaşmayacaq.

“Ukrayna prizması” (Kiyev) Xarici Siyasət Şurasının eksperti Oleksandr Krayev bu mövzuda fikirlərini Press Klubla bölüşüb:

– Əslində, bu məqaləni müxtəlif cür qəbul etmək olar. Bir tərəfdən, bunu onun göstəricisi kimi qəbul etmək olar ki, guya Qərbin, ABŞ-ın Ukraynaya kömək etmək, onu daha çox silahla təmin etmək cəhdləri heç bir nəticə vermir və ruslar irəliləməkdə, müəyyən üstünlüklər əldə etməkdə davam edirlər. Ancaq eyni zamanda, daha düzgün təhlil edilsə, bu, Qərbin kifayət qədər iş görmədiyini göstərir. Yəni, biz silah veririk, Rusiyanı sanksiyalarla əzməyə çalışırıq, Ukraynaya makromaliyyə dəstəyi ayırırıq, amma prinsipcə, onların əsas baza silahı (Ukrayna ordusuna miras qalan sovet silahı) tükənir. Yəni, Ukraynanı son dərəcə dəqiq, müasir silahlarla yanaşı, həm də əsas müdafiə ləvazimatları – gülləkeçirməz jiletlər, dəbilqələr, pulemyotlar, patronlarla təmin edən lend-liz niyə tam gücü ilə işləməyə başlamasın? Çünki öz təcrübəmdən deyim ki, Kiyev ərazi müdafiə batalyonları, Ukrayna Silahlı Qüvvələrinin bir çox bölmələri üçün, sadəcə olaraq, kifayət qədər zirehli jilet və avtomat çatmırdı. Çünki ordu sıralarına yazılmaq istəyən çoxlu könüllülərimiz var idi. Bu, hətta hərbi çağırış başlamazdan əvvəl beləydi. Çünki Rusiyanı həqiqətən məğlub etmək, işğalçıları geri otuzdurmağı həddən çox ukraynalı istəyir.

Düşünmürəm ki, Bayden administrasiyası bu cür yazılara görə geriyə addım atacaq. Daha doğrusu, bu, Ukraynaya daha çox şey vermək lazım olduğuna çağırış kimi qəbul ediləcək. Mənim fikrimə gəlincə, bu, “Ramştayn” formatında üçüncü görüşə hazırlığa çox uyğun gəlir. Əslində, müttəfiqlər orada lend-liz, ABŞ-ın Ukraynaya mümkün qədər tez və hərtərəfli kömək etməsi üçün nə edə biləcəklərini müzakirə edəcəklər.

Axı Rusiyanın bütün parametrlərdə üstünlüyünə baxmayaraq, Severodonetskin bir hissəsi hələ də işğalçıları oradan qovmaq üçün mübarizə aparan Ukrayna ordusunun əlindədir. 

Ona görə də, hazırkı mərhələdə Moskva ilə istənilən kompromis Ukrayna və onun ən yaxın müttəfiqləri tərəfindən tamamilə mənfi ssenari kimi qəbul ediləcək. Kiyev güclü mövqedən, ən azı bərabər mövqedən danışıqlar aparmaqda maraqlıdır.

Yalnız bir güzəşt ola bilər – siyasi kapitulyasiya, yəni suverenlikdən imtina. Bu isə Ukraynanın heç bir şəraitdə ata bilməyəcəyi bir addımdır. Buna görə də indi ukraynalı ekspertlərin və diplomatların bütün səyləri ona yönələcək ki, “The Washington Post”dakı bu məqalə daha çox iş görməyə çağırış kimi qəbul edilsin. Ukrayna və Qərbin qələbəni necə başa düşdüyü də bundan asılı olacaq.

Rauf Orucov

24 saat” ““Baydenin geri çəkiləcəyini düşünmürəm”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button