2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bu il ABŞ-Rusiya münasibətləri ‘daha da pisləşəcək’

Donald Trump prezident seçiləndən Rusiya ABŞ-ın həm daxili, həm də xarici siyasətində mühüm yer tutmağa başlayıb. İndi Rusiya sadəcə beynəlxalq arenadakı «asi dövlət»lərdən biri deyil, ABŞ-ın daxili siyasətinin həssas məsələlərindən biridir, ardı-arası kəsilməyən araşdırmalar mövzusudur.

Mathieu Boulègue Londonda yerləşən «Chatham House» siyasi araşdırmalar mərkəzinin Rusiya və Avrasiya məsələləri üzrə araşdırmaçısıdır. O, «Chatham House»un saytındakı məqaləsində yazır ki, Trump-ın Vladimir Putin-ə hörmətlə yanaşması ABŞ-Rusiya münasibətlərinin ümumi mənzərəsini əks etdirmir. Bu yaxınlarda dərc edilmiş Milli Təhlükəsizlik Strategiyası (NSS) və Milli Müdafiə Strategiyasına (NDS) əsasən, Vaşinqtondakı siyasi və hərbi isteblişment Rusiyanı təhlükə kimi görür.

«Mühasirə mentaliteti»
Birinci sənəddə Rusiya «revizionist güc» adlandırılır. Milli Müdafiə Strategiyasında isə ABŞ-ın Kremllə strateji rəqabətdə olduğu iddia edilir. Şübhəsiz ki, Moskva ABŞ-a problemlər yaradır. O, Qərbin rəhbərlik etdiyi, qayda-qanuna əsaslanan beynəlxalq düzəni dəyişmək istəyir və Qərb demokratiyalarını pozmaq, parçalamaqdan ötrü müxtəlif üsullara əl atır.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya özünə təhlükə, yaxud hər hansı geosiyasi itki ilə üzləşəcəyini hiss edəndə hərbi güc tətbiqindən də çəkinmir. Gürcüstan, Ukrayna və Suriya buna örnəkdir. Rusiya Qərb demokratiyalarında mövcud çatlardan sui-istifadə fürsətini də əldən vermir, sosial media və digər platformalarda mürəkkəb manipulyasiyalara əl atır. Əslində, Rusiya özünü Qərblə müharibədə görür. Tədqiqatçı bunun daha ədavətli davranışa yol açacağına şübhə etmir.

«Kreml könüllü olaraq mühasirə mentalitetindən əziyyət çəkir. Burada NATO-nun Rusiyayla bağlı hər hansı siyasi və ya hərbi addımı… təhlükəsizliyə təhdid kimi qarşılanır. Moskvanın nöqteyi-nəzərindən cavab sadədir: Rusiya yalnız Qərblə bərabər səviyyəli əməkdaşlıq istəyir, özünün Avropa və digər yerlərdəki müştərək qonşuluqda təhlükəsizliklə bağlı «haqlı» narahatlığının qeyd-şərtsiz qəbul edilməsinə çalışır», – müəllif yazır.

Moskvanın özgüvəni artır
Amerikanın Rusiyanı «rəqib» adlandırması isə Kremlin Qərbdə parçalama və sabitliyi pozma siyasətinin işə yaradığını göstərir. Kreml dünyanın böyük güclərin birgə razılığı ilə idarə edilməli olduğunu düşünür. O, rəqabətli beynəlxalq sistemdə Qərbin şərtləri altında əməkdaşlığı qeyri-mümkün sayır. Bu baxımdan, Rusiya özünü də Soyuq müharibədən sonra formalaşmış Qərb təhlükəsizlik sisteminə ziyan vura biləcək böyük güc hesab edir. Rusiyanın Qərbə kini hələ 1990-cı illərin əvvəllərindən başlayır. Rusiyanın məqsədləri 1991-ci ildən bəri, əsasən, dəyişməyib. Bütün bunlar Kremlin özünü təsdiqləmək və öz beynəlxalq reallığını yaratmaq qabiliyyətini dəyişdirib.

Müəllifin fikrincə, Rusiyanın artan özgüvəninin transatlantik təhlükəsizlik və ABŞ-Rusiya münasibətlərinin gələcəyinə çox ciddi təsiri var. Bu münasibətlərin pisləşməsi taktiki səhvlərin və təxribatların baş verməsi potensialını artırır. Bu isə hərbi eskalasiyaya yol aça bilər. Rusiya özünün bir çox Qərb dövləti ilə münasibətlərini yetərincə gərginləşdirir ki, bu da yanlış hesablama riskini artırır. Rusiya qırıcı təyyarələrinin vaxtaşırı Qara və Baltik dənizlərdəki NATO gəmilərinin üzərində uçmasını, Suriya üzərində qeyri-peşəkar hava müdaxilələrini və sərhəd ərazilərində güc nümayişi, hərbi təlimləri belə potensial qığılcımlardan saymaq olar.

Rusiyanın manevrləri
«Rusiya bu addımlarla Qərbin cavab reaksiyasını və eskalasiyanın baş vermə sərhədini yoxlayır. İndi, eyni zamanda, həm müharibə ritorikası, həm də təhlükəli manevrləri müşahidə edirik. Bu mənada ABŞ və müttəfiqləri üçün NATO-nun həmsərhəd ölkələrində Rusiyanın qarşısının alınması kontekstində «eskalasiyanın idarə edilməsi» son dərəcə vacibdir», – müəllif yazır.

Bu şəraitdə ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması və ortaq maraq nöqtələrinin tapılması imkanları məhdud görünür. Hazırda Vaşinqton sanksiyalar, habelə Ukraynaya silah vermək kimi təcili tədbirlərlə Rusiyanın işini çətinləşdirir. Ancaq M.Boulègue hesab edir ki, bu kifayət deyil.

ABŞ-ın Rusiyadakı səfiri Jon Huntsman deyib ki, onun ölkəsi Rusiyaya belə güzəştlər etməyəcək.

Tədqiqatçı hesab edir ki, bu il ərzində Rusiya ABŞ-ın dünyadakı təsirinə qarşı çıxmaqda davam edəcək və beynəlxalq aləmdə daha böyük paya iddiasını saxlayacaq. Bu şəraitdə isə Rusiyanın önlənməsi prosesindən çox şey asılı olacaq. Bu il NATO müttəfiqlərini inandırmaq baxımından da əhəmiyyətlidir.

«Ancaq şübhəsiz ki, Moskva və Vaşinqtondakı hazırkı liderləri, beynəlxalq sistemin düzəninin pozulmaqda davam etməsini nəzərə alsaq, ABŞ-Rusiya münasibətləri daha da pisləşəcək. Nə dərəcədə pisləşəcək – sual budur», – müəllif yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button