Gündəm

Ceyhun Bayramov İran rəhbərliyi ilə görüşüb


Bugün, dekabrın 9-da İrana rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu ölkənin prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olundu” – görüşlə bağlı məlumatda bildirilib.

Məlumatda daha sonra da deyilir:

“Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olundu.”

 

Nazirlərin görüşü

Dekabrın 9-da Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə də görüşüb.

Nazirliyin məlumatına görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud durumu müzakirə ediblər:

“Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib”.

Açıqlamaya görə, tərəflər, mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfər edib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. 

Muasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsində) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button