2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Çox yaxın gələcəkdə ədalət məhkəməsində etdiklərinə görə cavab verəcəklər

Milli Şura Naxçıvanda siyasi məhbus, AXCP üzvü Zeynalabdin Bağırzadəyə cəzaçəkmə müəssisəsində işgəncə verilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Naxçıvanda AXCP fəalı, siyasi məhbus Zeynalabdin Bağırzadə saxlandığı cəzaçəkmə müəssisəsində ağır işgəncəyə məruz qalıb.

Z.Bağırzadə 2015-ci ilin noyabrında şərlənərək həbs olunub və 2016-cı ilin fevralında Naxçıvan MR Babək rayon məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

27 fevral 2017 tarixdə qardaşı, AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy onunla görüşərkən öyrənib ki, cəzaçəkmə müəssisəsində Zeynalabdin Bağırzadə cəzaçəkmə müəssisəsində insanlığa zidd rəftara məruz qalıb. Onu 10 gün təkadamlıq kamerada saxlayaraq işgəncə veriblər. Yarıçılpaq şəkildə, əllərini və ayaqlarını bağlayaraq, 20 dərəcə şaxtada huşunu itirənə qədər (5 saata yaxın) qarın üstündə saxlayıblar, özündən getdiyini görəndə isə yenə də aparıb təkadamlıq soyuq kameraya salıblar. Üstəlik, səhhətində yaranan ciddi problemlərə görə müayinə və müalicə almasına da şərait yaradılmır. Z.Bağırzadənin həyatı hazırda təhlükədədir və hətta özü də qardaşı ilə söhbətdə hiss etdirib ki, verilən işgənclərin məqsədi onu məhv etməkdir.

Z.Bağırzadəyə işgəncə verənlər kimi Naxçıvan Penitensiar Xidmətin rəis müavini Əli Rəhimovun, həbsxananın rəisi Qəzənfər Mahmudovun və işçisi Vüsal Əhmədovun adları hallanır.

Milli Şura siyasi məhbus Z.Bağırzadəyə qarşı bu insanlığa zidd davranışı qətiyyətlə pisləyir və günahkarların dərhal cəzalandırılmasını tələb edir.

Milli Şura bəyan edir ki, hüquq-mühafizə orqanlarında insanlara qarşı belə qanunsuz və anti-insani rəftar hansısa məmurların özfəaliyyəti deyil, ölkədəki avtoritar rejimin birbaşa öz dəsti-xəttidir. Belə ki, işgəncə halları daha çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ( BMCMİ) tətbiq edilsə də, DİN-in digər polis idarə və bölmələrində, Penitensiar xidmətin nəzdindəki cəzaçəkmə müəssisələrində, keçmiş MTN-nin istintaq təcridxanasında, hətta müvəqqəti saxlanma təcridxanalarında da geniş yayılıb. Bir neçə həftə bundan öncə ölkə ictimaiyyəti ReAl hərəkatının üzvü Rahim Şalıyevin Sumqayıt şəhər Polis İdarəsində işgəncə və alçaldıcı hərəkətlərə məruz qaldığı haqda məlumat almışdı. Şəki Polis İdarəsində isə AXCP Şəki rayon şöbəsinin sədri İslam Həsənov və şöbənin Gənclər Komitəsinin sədri Samir Həsənov ağır işgəncələrə məruz qalıblar. Daha əvvəllər NİDA hərəkatının həbs edilmiş üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəmana, AXCP üzvləri Murad Ədilova, Kəmalə Bənənyarlıya, Pərviz Həşimliyə, Elvin Abdullayevə, Samir Məmmədliyə, jurnalist Fikrət Fərəməzoğluna və digərlərinə qarşı istintaq və inzibati həbs zamanı ağır işgəncələrin verilməsi haqda məlumatlar ölkə ictimaiyyətini sarsıtmışdı.

Məhbuslara, həbs edilən, istintaqa cəlb edilən şəxslərə işgəncə verilməsinin dövlət siyasəti olduğunu belə bir fakt da təsdiq edir ki, ölkənin dünyada tanınan siyasi məhbuslarına da həbsdə olduqları zaman işgəncələr verilib. Belə ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus və ReAl hərəkatının sədri İlqar Məmmədov da saxlanıldıqları cəzaçəkmə müəssisəsində fiziki zorakılığa məruz qalıblar. 2 mart 2017-ci ildə həbs edilib, 2 il azadlıqdan məhrum edilmiş ölkənin populyar videobloqçusu Mehman Hüseynov isə 2 ay öncə polis tərəfindən saxlanılarkən işgəncəyə məruz qalmışdı.

Vətəndaşların təhlükəsizliyini təmin etməli dövlət orqanlarında onların necə ağır işgəncələrə məruz qoyulduğu haqda Nardaran hadisələrinə görə hələ də davam edən məhkəmə proseslərində isə daha çox və ətraflı ifadələr verilib və verilməkdədir.

Tale Bağırzadə və digər 16 nəfərə qarşı, Elçin Qasımov və digər 11 nəfərə qarşı, Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərə qarşı olan məhkəmə işlərində məlum oldu ki, “Nardaran məhbuslarına” Daxili İşlər Nazirliyində ( BMCMİ) saxlanılan zaman anti – insani işgəncələr verilmiş, hətta məhbuslardan 3 nəfərin bədənindəki güllələr (onlara əzab vermək məqsədilə) onların bədənindən çıxarılmamışdır. Məhkəmə proseslərində DİN NMCMİ nəzdindəki işgəncə mexanizmi bütün detalları ilə açıqlansa da, işgəncə verən vəzifəli şəxslər adbaad müəyyənləşsə də, prokurorluq və məhkəmə orqanları siyasi hakimiyyətin təlimatı ilə bütün bu işgəncə hallarını ört-basdır etdilər. İşgəncə verən şəxslərin məsuliyyətdən yayındırılması isə həmin şəxsləri bu çirkin hərəkətlərini daha da qətiyyətlə davam etdirməyə ruhlandırır. Məhz bu cəzasızlıq mühütinin nəticəsidir ki, hüquq-mühafizə orqanlarında işgəncədən hətta ölüm hallarının baş verdiyi də dəfələrlə qeydə alınıb. Amma heç bir halda hüquq-mühafizə əməkdaşlarının insanları işgəncəyə məruz qoyması siyasi hakimiyyət tərəfindən mühakimə olunmayıb və günahkarlar cəzalandırılmayıb.

Milli Şura vətəndaşlara rəsmi orqan və şəxslər səviyyəsində işgəncə verilməsinin bu qədər intensivləşməsi və geniş yayılmasından narahatlığını bildirərək, bəyan edir ki, bu vəziyyətə görə ölkədə inzibati zorakılıq önündə cəzasız mühit yaratmış siysi hakimiyyət məsuliyyət daşıyır. Hakimiyyət buraxdığı səhvi dərhal düzəltməli və hüquq-mühafizə orqanlarında baş vermiş işgəncə faktları, o cümlədən Naxçıvanda Z.Bağırzadəyə qarşı trədilmiş vəhşiliyi araşdırıb, günahkarlara layiqli cəzasını verməlidir. Anlamalıdır ki, əks halda, ölkədə vətəndaş qarşıdurmasına daha bir zəmin hazırlamış olur və xalqın rejimə qarşı nifrət və qəzəbini körükləyir. Azərbaycan hakimiyyəti, başda İlham Əliyev olmaqla, bilməlidir ki, hazırda dövlət siyasətinə çevirdiyi inzibati zorakılıq, vətəndaşlara rəsmi orqan və şəxslər səviyyəsində alçaldıcı münasibət, işğəncə ölkəni yalnız xaosa, təhlükəli qarşıdurmaya sürükləyə bilər və bunun ən ağır zərbəsi elə hakimiyyətin özünə dəyər.

Milli Şura bununla bağlı həmçinin, qarşısında Azərbaycanın öhdəliklər götürdüyü beynəlxalq birliyə də səslənir. Beynəlxalq birlik Azərbaycan hakimiyyətindən öz öhdəliklərinin icrasını, o cümlədən dövlət orqanlarında işgəncə və zorakılığa yol verənlərin cəzalandırılmasını prinsipial şəkildə tələb etmir. Ölkədə insan haqlarının rəsmi səviyyədə ən ağır formada pozulmasına görə iqtidara qarşı adekvat tədbirlərə əl atmır. Bu isə Azərbaycanın insani keyfiyyətini itirmiş rejim mənsublarını daha da azğınlaşdırır. Milli Şura beynəlxalq birlikdən tələb edir ki, üzərlərinə götürdüyü məsuliyyətə uyğun olaraq, Azərbaycan hakimiyyətinin öz öhdəliklərini yerinə yetirməsi, o cümlədən dövlət orqanlarında törədilən işgəncələrə görə cavabdehlərin cəzalandırılması, belə halların təkrarlanmasına yol verməməsi üçün təsirli tədbirlər görsün.

Nəhayət, Milli Şura siyasi rejimin hazırda hökm sürən cəzasız mühitdən vəcdə gəlib, bütün insanlıq keyfiyyətini boğaraq vəhşi canlı kimi çıxış edən “şilləvuranlarına” müraciət edir. Onlar bu zorakı dövlət aparatının vintləri kimi özlərini hansı faciəvi aqibətin gözlədiyini dərk etməlidirlər. Üstəlik, gözlərinin qarşısında “gözü çıxmış qardaşları” da az deyil. İndi “əmrə müntəzir” şəkildə öz rəhbərinin xoşuna gəlsin deyə, təbiətinin bütün vəhşi cəhətlərinə bir az da güc verən belələri bilməlidirlər ki, onlar da Hacı Məmmədov, Akif Çovdarov, İlqar Əliyev və başqa öz dövrünün “şilləvuranları” kimi elə bu rejim tərəfindən qurban edilməkdən sığortalanmayıblar. Lakin hətta bu rejimin vaxtında sonadək başları salamat qalacaqsa da, mütləq çox yaxın gələcəkdə qurulacaq bir xalq hakimiyyətinin ədalət mühakiməsinə çəkiləcəklər və indi etdiklərinə görə cavab verəcəklər. İnsanlıq əleyhinə törədilən cinayətlər heç zaman cəzasız qalmır və onların indi elədikləri məhz belə əməllərdir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button