Loading...
Loading...
SEÇMƏ

“Elçin Sadıqovla Əvəz Zeynallının həbsi siyasi sifarişdir”

İctimaiyyət nümayəndələri mətbuat konfransı keçirdi

Vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı sentyabrın 12-də mətbuat konfransı keçirilib.

Kofransda hüquq müdafiəçiləri, vəkillər, jurnalistlər, ictimai fəallar, yazıçı və siyasətçilər işitrak edib.

Onlar həm vəkil Elçin Sadıqovun, həm də jurnalist Əvəz Zeynallının həbsinin siyasi sifariş olduğunu, saxlanıldıqları zaman xeyli qanun pozuntusuna yol verildiyini bildiriblər.

Konfransda çıxış edən ictimai fəal Bəxtiyar Hacıyev deyib ki, Azərbaycanda kifayət qədər tanınan vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsi onların fəaliyyəti ilə bağlıdır. Çünki hər ikisi daim fəaliyyətlərində hüquqları pozulmuş insanların yanında olublar:

“Bizim borcumuzdur ki, onlara dəstək olaq. Son bir neçə ayda baş verən hadisələrə baxanda görürük ki, bu, ilk hal deyil. Partiya sədri həbs edilir, internet kanalının rəhbəri həbs edilir, jurnalist məhkəmədən yazı hazırladığı üçün yaşadığı binanın liftində təhdid edilir, başqa bir jurnalist küçədə hədələnir, ictimai fəal maskalı şəxslər tərəfindən oğurlanır. Bu, ardıcıl tendensiyadır və kimsə düşünməsin ki, yumşaq tənqid etdiyi, müəyyən insanlara toxunmadığı üçün təzyiqlərdən kənar qalacaq”.

Bəxtiyar Hacıyev bildirib ki, Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, hüququn aliliyinin təmin olunması üçün bütün vətəndaşlar çalışmalıdır:

Azərbaycan hakimiyyəti maksimum dərəcədə çalışır ki, cəmiyyəti məsələnin siyasi sifariş olmadığına inandırsın. Bunu sosial şəbəkələrdəki saxta hesablar, əl altında olan jurnalistlər vasitəsilə edir. Göstərmək istəyirlər ki, məsələ rüşvətdir. Hüquqi tərəfdən yanaşsaq, lap Elçin SadıqovƏvəz Zeynallı canlı efir açıb Rasim Məmmədovun ailəsindən pul alıb, nümayiş etdirib ciblərinə qoysalar belə, bu, cinayət məsuliyyəti yaratmır”.

Bəxtiyar Hacıyev qeyd edib ki, Cinayət Məcəlləsinin 311-ci maddəsinin əvvəlində rüşvət almanın vəzifəli şəxsin xidməti vəzifəsinin səlahiyyətlərinin icrası ilə bağlı olduğu göstərilib. Belə halda, nə Elçin Sadıqov, nə də Əvəz Zeynallı dövlət qulluqçusu deyil:

“İkinci məsələ, əgər rüşvətə görə Baş Prokurorluq bu qədər operativ şəkildə cinayət işi materialı toplayıb, gecə saat 3-4-də məhkəmə həbs qətimkan tədbiri ilə bağlı təqdimat verir. Bütün rüşvət alma halları belə operativ şəkildə araşdırılsaydı, Azərbaycanda dövlət qulluğunda olan insanların böyük əksəriyyəti gərək həbsdə olardı. Hamı bilməlidir ki, həm Əvəz Zeynallı, həm də Elçin Sadıqovun həbsi siyasi motivlidir”.

Bəxtiyar Hacıyev deyib ki, Rasim Məmmədov əlində bəzi qeydlər olduğunu deyəndən sonra Əvəz Zeynallı verilişlərinin birində bu barədə danışıb. Ondan sonra proses başlayıb.

Bəxtiyar Hacıyev bildirib ki, eləcə də Elçin Sadıqov öz fəaliyyəti müddətində bir çox siyasi həssas məsələlərdə önə çıxırdı. Başqa vəkillərin müdafiə etməyə çəkindikləri şəxsləri müdafiə edirdi. Bununla da hədəfdə idi:

“Son damla isə Rasim Məmmədovun açıqlaması oldu. Görünür, hakimiyyət hansısa məlumatların Azərbaycan ictimaiyyətinə çatmasını istəmədi. Odur ki, operativ şəkildə hər ikisi həbs edildi. Azərbaycan ictimaiyyəti olaraq, siyasi baxışlarımızı bəyənib bəyənməkdən asılı olmayaraq, şəxsi münasibətdən asılı olmayaraq həmrəylik nümayiş etdirməliyik. Hüququn aliliyi tələbini etməliyik”.

Çıxışlar zamanı bildirilib ki, həbslərdə cəmiyyət həmrəylik nümayiş etdirəndə hakimiyyət səhvini düzəldir. Məsələn, həbsdə olan Mehman Hüseynova qarşı ikinci cinayət işinin açılmasına etiraz, Tofiq Yaqublunun həbsinə görə nümayiş etdirilən birlik buna sübutdur.

Tədbirdə çıxış edən hüquq müdafiəçisi Rüfət Səfərov Elçin Sadıqov və Əvəz Zeynallının həbsini hüquqi sürəc yox, siyasi proses adlandırıb. Bildirib ki, 29 il ərzində Azərbaycanda mövcud olan siyasi sistemin idarəçiliyi zəminində elə bir mərhələ olmayıb ki, həmin dövrə siyasi ağırlıqlı cinayət təqibləri olmasın:

“Hazırda isə yeni bir repressiya səhifəsi açılıb. Burada 2 sahənin mühüm simaları var. Azsaylı azad medianın təmsilçisi Əvəz Zeynallı, Vəkillər Kollegiyasının çox az sərbəst hüquqi düşüncəyə sahib vəkili Elçin Sadıqov. Məncə, indiki repressiya təkcə o insanlara qarşı yox, fundamental insan haqlarına hücumdur. Odur ki, daxili auditoriya, sivil toplum təmsilçiləri, azad media səylərini birləşdirməlidir. Onların həbsində xeyli hüquq pozuntusuna yol verilib. Bu da göstərir ki, siyasi sifarişdir”.

Vəkil Osman Kazımov son həbslərin Azərbaycan hakimiyyətinə başucalığı gətirmədiyini söyləyib. Bildirib ki, bu, kobud səhvdir və siyasi sifarişli işdir. Üstəlik, həm Elçin Sadıqov, həm də Əvəz Zeynallı saxlanılarkən qanunların tələbləri pozulub:

“Keçən prosesi mən diqqətlə izlədim. Elçin Sadıqov və Əvəz Zeynallının həbsində kobud səhvlərə yol verdilər. İlk dəfə idi mən məhkəmənin bu qədər uzun çəkdiyini gördüm. Bu da onu deməyə əsas verir ki, hakimiyyət qüvvələri arasında parçalanma baş verib. Bəzi şəxslər həbsin tərəfdarı olsalar da, bəziləri buna qarşı çıxıb. Nəticədə də proses uzanıb”.

Gözdən qaçırmayın:  MeyArt: Azərbaycanda Animasiya festivalı keçirilir

Vəkil qeyd edib ki, bu gün Azərbaycanda məhkəmə islahatı, məhkəmə sistemi yoxdur. Məhkəmə ədalətli olmayanda da icra strukturları istədikləri kimi çalışır:

“Nəticədə, qanunsuzluqlara yol verilir. Azərbaycanda məhkəmə sisteminin fiaskoya uğradığının bir daha şahidi olduq”.

Yazar Kəramət Böyükçöl çıxışında qeyd edib ki, nə Əvəz Zeynallı və Elçin Sadıqov Azərbaycanda siyasi qrupların insanıdır. Hər ikisi xalqın, cəmiyyətin mənafeinə xidmət edən şəxslərdir. Odur ki, ictimai siyasi mövqeyi fərqli olan insanlar onların müdafiəsinə yığışıb.

Müsavat başqanı Arif Hacılı da Elçin Sadıqov və Əvəz Zeynallının siyasi motivlə həbs edildiyini söyləyib. Rüşvət almanın, rüşvət vermənin bura aidiyyatının olmadığını deyib:

“Azərbaycanda rüşvət alma, korrupsiya halları ilə bağlı həm Azərbaycan, həm də beynəlxalq mediada çoxsaylı materiallar var. Lakin bunların heç biri ilə bağlı Baş Prokurorluq cinayət işi açmayıb. Yayılmış səs yazısının özündə belə hər hansı cinayət tərkibi yoxdur. Buna baxmayaraq onlar həbs edilib. Elçin Sadıqov işi ilə bağlı həbs olunub. O, ictimai fəalları, siyasi məhbusları müdafiə edib. AİHM-də dəfələrlə qalib gəlib. Əvəz Zeynallı istedadlı insandır. Həm jurnalist, həm də bir çox kitabların müəllifi kimi Azərbaycan cəmiyyətində nüfuz qazanıb. Ən populyar internet televiziyalarından birinə rəhbərlik edib. Oradakı reportajla 100-200, bəzən 300 min baxış toplayırdı. Həbsinin səbəbi də məhz belə fəaliyyətləridir”.

Tədbirin sonunda bəyanat qəbul edilib. Bəyanatı imzalayan tədbir iştirakçıları bildiriblər ki, Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi qanunsusdur, sırf peşə fəaliyyətləri ilə bağlıdır:

“Bu həbsləri Azərbaycanda söz və ifadə azadlığına və müstəqil vəkillik institutuna qarşı təqib kimi dəyərləndirir, hakimiyyət daxilində mürtəce, antiislahatçı, korrupsioner korporativ qrup və dairələrin cəmiyyətdə islahatlara yönəlik meyllərə qarşı müqavimət aktı, mütərəqqi dəyişikliklik tərəfdarları içərisində xof və vahimə yaratmaq cəhdi sayır, bütövlükdə insan hüquq və azadlıqları sahəsində vəziyyəti ciddi təhdid altında qoyduğunu diqqətə çatdırıraraq ciddi narahatlığımızı və qəti etirazımızı bildiririb şiddətlə pisləyirik”.

Bəyanatda Azərbaycanın siyasi, hüquq – mühafizə, məhkəmə orqanları rəhbərliyinə, milli və beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət edilir. Onlar məsələyə qanuni müdaxilə etməyə, Əvəz Zeynallı və Elçin Sadıqovun dərhal həbsdən azad olunması üçün effektiv addımlar atmağa çağırılır:

“Hesab edirik ki, bu təqibin təşkilatçıları və icraçıları aşkar olunub məsuliyyətə cəlb olunmalıdırlar”.

Bəyanatda həmçinin, bildirilir ki, hər iki şəxsə qarşı elan edilmiş ittiham Azərbaycan ictimaiyyəti tərəfindən qondarma ittiham kimi qəbul edilir və onların barəsində başqa qətimkan tədbiri seçilə biləcəyi halda həbs edilməkləri birbaşa jurnalist və vəkil peşə fəaliyyətləri ilə əlaqələndirilir.

Daha sonra beynəlxalq insan hüquqları təşkilatları, dünyanın demokratik ölkələrindəki müvafiq təsisatlarına müraciət edilir. Onları bu məsələni diqqətdə saxlamağa, Azərbaycan hakimiyyətini insan hüquq və azadlıqlarına hörmət etməyə çağırmasına, insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulmasında aktiv rol oynayan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilməsinə səslənir:

“Azərbaycan ictimaiyyətini vətəndaşlarımızın hüquqları pozulanda hər zaman onların yanlarında olmuş jurnalist və vəkillərin hüquqlarının qorunması istiqamətində birləşməyə çağırırıq”.

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb.

Onların evlərində və ofislərində axtarış aparılıb.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.

Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur.

Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır.

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button