2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Erməni tərəfi ağır texnikanı cəbhənin Talış istiqamətinə yaxınlaşdırır”

24saat.org sabiq dövlət müşaviri, deputat Rasim Musabəyovla müsahibəni təqdim edir.

– Rasim müəllim, son günlər cəbhədə gərgin vəziyyət müşahidə edilir. Siz, bu durumu nə ilə izah edirsiniz?
-Serj Sarksiyan parlament seçkilərini aprelin 2-nə təyin edib. Əlbəttə, ötən ilin aprelin 2-də cəbhədə baş verən hərbi əməliyyatlar zamanı erməni ordusu ciddi zərbə almışdı. İndi erməni prezidenti seçkini aprelin 2-nə təyin etdiyi üçün qınayırlar. Təbii o çalışır ki, seçkiöncəsi mühiti öz xeyrinə dəyişsin, bir növ əzələ nümayiş etdirsin. İndi Rusiyadan silah alıblar və sanki özlərini bir qədər arxayın hiss etməyə başlayıblar. Ancaq nahar belə edir. Çünki aprel şapalağı təkrar oluna bilər.

– Sizcə, erməni ordusu lokal hərbi əməliyyatlara gedə bilərmi?

-İndi onlar Talış istiqamətində belə bir hərəkət etmək niyyətindədir. Çünki o istiqamətdə yüksəkliklər Azərbaycan ordusunun əlinə keçdikdən sonra camaat Talışa qayıtmaq istəmir və qorxur. Təkrar edirəm ki, bəlkə onlar bu istiqamətdə hərəkət etmək istəyərlər. Ancaq bizim də hərbçilərimiz hazır vəziyyətdədir.

Saytların yığılması Saytlarin yigilmasi

– Dünən müdafiə naziri təcili cəbhə xəttinə gedib…

– Şübhəsiz ki, mən dediyim məsələ ilə bağlıdır. Ancaq onu da deyim ki, hazırda erməni tərəfi ağır texnikanı cəbhə xəttinə yaxınlaşdırır. Biz isə heç ağır texnikamızı cəbhə xəttindən geri çəkməmişik və tam hazırıq.

– Adətən cəbhədə gərginlik baş verəndə Rusiya tərəfi narahatlığını ifadə edirdi. Amma son günlər biz belə bir narahatlıq barədə eşitmirik…

– Ermənilər təklif edir ki, cəbhədə monitorinq təşkil edilsin. Başqa sözlə, arzuları odur ki, mövcud cəbhə xəttini etibarlı şəkildə dondursunlar. Təbii ki, biz bununla razılaşmırıq. Mən istisna etmirəm ki, Rusiya tərəfi ermənilərə deyə bilər ki, indi də siz gedin güc nümayişi etdirin. Bəlkə bundan sonra Azərbaycan tərəfi sizin istəyinizə razılıq verdi. Ancaq mən bunu ciddi qəbul etmirəm. Erməni tərəfinin hər hansı bir hərəkatı lokal deyil, böyük döyüşlərə gətirib çıxaracaq. Sözsüz ki, müharibənin nəticəsində düşünmürəm ki, kimsə qazanc əldə edər.

– Nalbandiyan Rusiyaya səfər etdi, arxasınca prezident Sarksiyanın Moskvaya səfər hazırlığı başlanılıb. Sizcə, bu səfər nə ilə bağlıdır?

– Əvvəla bəllidir ki, Sarksiyan Rusiyanın nökərdir. Başqa hara getməlidir ki? Şübhəsiz ki, səfər zamanı Ermənistanın gələcək hakimiyyəti məsələsini və cəbhədəki durumu müzakirə edəcək. Bunlar da bir-birilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiyasız Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək imkanına malik deyil. Əvvəl ermənilər lovğalanırdı ki, gedib Kür çayına qədər çıxacağıq, Azərbaycanı kapitulyasiyaya məcbur edəcəyik və s. İndi isə deyirlər ki, Rusiyanın “İsgəndər” kompleksi, Rusiyanın müdaxiləsi, bizə dəstəyi və s. Yəni ümidlərini buna bağlayırlar.

– Yeri gəlmişkən, Rusiyada enerji sisteminin birləşdirilməsi haqda fikirlər səsləndirilir. Misal kimi Rusiya-Azərbaycan-İran və Rusiya- Gürcüstan -Ermənistan-İran istiqaməti göstərilir…

– Birləşdirib neyləyəcəklər ki? Rusiya da qaz ixrac edir, Azərbaycanda, İranda. Söhbət elektrik şəbəkələrindən gedir. Bəli, orada müəyyən qədər qazanc var. Ona görə ki, Rusiyada pik olanda Azərbaycanda olmur. Və ya Azərbaycanda pik olanda İranda yoxdur. Enerjilərin mübadiləsi energetik sistemi daha etibarlı işləməyə imkan verir. Adətən pik dövrdə ehtiyat elektrik enerjinin gücünü saxlayırlar. Amma elektrik şəbəkələr birləşdiyi halda buna ehtiyac yaranmır. Yəni pik üçün bir-birinə ötürmək imkanı var və bundan da hamı qazanır. Belə layihə gündəlikdə var, amma strateji layihə deyil. Nəqliyyat ondan daha vacib layihədir.

– Azərbaycanın dəmir yolu ilə nəqliyyat dəhlizinin başa çatdırması nə dərəcədə realdır?

– Biz öz ərazimizdə üzərimizə düşəni etmişik. Maliyyəni də özümüz qoymuşuq. İkincisi, biz bunu etməsək də, alternativ kimi göstərilən İran-Ermənistan dəmir yolu xətti də real deyildi. O fantastik layihə idi və gerçəkləşdirmək qeyri mümkün idi. Real odur ki, Naxçıvandan keçən dəmir yolu var.

– Son günlər İrana hərbi müdaxiləyə dair fikirlər deyilir. Bunu mümkün sayırsınızmı?

– Bəli, belə fikirlər deyilir. Ancaq söhbət hərbi müdaxilədən getmir. Əksinə, söhbət ondan gedir ki, ABŞ tərəfindən İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edilməlidir. Fikrimcə, bu nəinki istisna edilmir, əksinə böyük ehtimalla tətbiq ediləcək.

– Hərbi müdaxilə?

– Hesab edirəm ki, indi hərbi müdaxilədən söhbət getmir. Yəni buna cavab olaraq İran öz nüvə proqramı bərpa edərək hansısa təhlükəli istiqamətdə inkişaf etdirərsə, bu halda hərbi müdaxilə istisna edilmir.

– İran-Türkiyə münasibətlərinin gərginliyi özünün ən pik nöqtəsindədir. Bu vəziyyət hansı ana qədər davam edəcək?

– Suriyada maraqlar toqquşur. İran istəyir ki, İraqı və Suriyanı özünün əlavəsinə çevirərək Aralıq dənizinə qədər irəliləsin. Bu da Rusiyanın maraqlarına cavab vermir. Çünki kəmərlər tikildiyi təqdirdə İran Rusiyanın bazarına çıxacaq. Azərbaycana baxmayın, İranda bunun miqdarı böyükdür. Bu halda Rusiya və İran arasında real rəqabət yaranacaq. Türkiyə tərəfi də İranın bu addımlarını sevmir. Ona görə də, münasibətlərdə gərginlik müşahidə edilir. Odur ki, hazırda orada oyun nə İranın, nə Türkiyənin, nə də Rusiyanın istədiyi kimi gedir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button