SEÇMƏ

Fizika üzrə “Nobel” alanların adları açıqlanıb

Yayımlandı: 4 Oktyabr 2022 16:05

Mükafatlar Alfred Nobelin anım günündə təqdim olunacaq

2022-ci il “Nobel həftəsi” çərçivəsində fizika üzrə mükafatın laureatları açıqlanıb.

Mükafatı fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylinger alıblar.

Onlar qarışıq fotonlarla keçirilən eksperimentlər və kvant informatikası sahəsində nailiyyətlərə görə Nobel mükafatına layiq görülüblər.

“Nobel həftəsi” oktyabrın 3-dən 10-dək keçiriləcək.

Oktyabrın 5-də kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.

2022-ci ilin ilk Nobel mükafatı laureatı “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo ilk qalib olmuşdu.

Nobel mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.

İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.

Mükafat qızıl medal və pul mükafatından ibarətdir.

Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.



Meydan TV

Gözdən qaçırmayın:  “Baku Steel Company” işində qalmaqal: “Adam öz şərəfini, mənliyini qoruyar…”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button