“Fransanın gələcək birinci ledisi” ərindən 25 yaş böyükdür - 24 saat xəbərlər
Now Reading:
“Fransanın gələcək birinci ledisi” ərindən 25 yaş böyükdür
Full Article 3 minutes read

“Fransanın gələcək birinci ledisi” ərindən 25 yaş böyükdür

“The Daily Mail” yazır ki, Fransanın potensial birinci ledisi ərindən 25 yaş böyükdür və Emmanuel Macron-a orta məktəbdə dərs deyib.

İndi 64 yaşı olan Brigitte Trogneux bir vaxtlar Macron-a orta məktəbin dram dərnəyində müəllimlik edib.

Məqalədə deyilir ki, aralarında əsrin dörddə biri qədər yaş fərqi olan cütlük, rəy sorğularının nəticələrinə görə, böyük bir ehtimalla Yelisey sarayanın gələcək sakini olacaq. Bu da qeyd olunmalıdır ki, proqnozlar özünü doğrultsa 39 yaşlı Macron, həm də Fransa tarixinə ən gənc prezident kimi yazılacaq.

Qəzet yazır ki, onlar ilk dəfə görüşəndə Macron-un 15 yaşı vardı, lakin elə o vaxt o müəlliməsini mat qoyan bir vəd etmişdi.

“17 yaşında Emmanuel mənə dedi: Nə istəyirsən elə, mən səninlə evlənəcəyəm” – deyib xanım Trogneux Paris Match jurnalına müsahibəsində.

Məqalədə deyilir ki, onların ciddi münasibətləri Macron, xanım Trogneux-ün tamaşa parçalarında oynayandan başlanıb. O vaxt 18 yaşı olan Macron Fransanın şimalında yerləşən Amiens şəhərindəki özəl yezuit məktəbində oxuyurdu.

Həmin vaxtlarda soyadı Auziere olan Brigitte ərdə idi və üç uşaq anasıydı. O dram dərnəyinə başçılıq edirdi, yeniyetmə Emmanuel isə ədəbiyyat aşiqi idi və yazıçı olmaq istəyirdi. Onu dram dərnəyinə də elə bu arzusu gətirmişdi.

Bundan sonra, Emmanuel ali məktəbin son kursunu bitirmək üçün Parisə köçmüşdü, amma müəlliməsi ilə əlaqəsini itirməmişdi.

Macron xatırlayır ki, onlar daim bir-birlərinə zəng edər, saatlarla telefondan asılardılar.

Xanım Trogneux isə bir televiziya sənədli filmində xatırlayırdı: “O yavaş-yavaş mənim bütün müqavimətimi yarırdı. İnanılmaz dərəcədə inadkar və səbirli idi”.

Brigitte bunu da yada salır ki, Macron adi bir yeniyetmə deyildi və öz yaşıdı olan qızlarla intim münasibətlərdə olmuşdu.

Məqalədə deyilir ki, sonunda Trogneux ərindən rəsmən boşanaraq Emmanuelə qovuşmaq üçün Parisə köçüb və həmin vaxtdan bəri onlar heç vaxt ayrılmayıblar.

İki sevgili rəsmən 2007-ci ildə evləniblər, Brigitte hərçənd təzə ərinin soyadını götürməyib. O indi məhz Trogneux soyadı ilə ərinin seçki kampaniyasında iştirak edir.

“Yox mən onu gizlətmirəm, – deyib Macron Fransa telekanallarından birinə, – O burada, mənim yanımda, mənim həyatımdadır”.

Ötən ay Macronun çıxışından sonra ər-arvad səhnədə öpüşüblər. Macron tərəfdarlarına deyib ki, bu qadına borcludur, çünki onun formalaşıb indiki Macron olmasında Brigitte-in əvəzsiz rolu olub.

O çıxışlarında “əgər seçilsəm” yox, “əgər seçilsək” deyir.

Cənab Macron Parisin Nanterre Universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb və bundan sonra ölkənin elitar Ecole Nationale d’Administration (Milli İdarəetmə Məktəbi) akademiyasına daxil olub.

Bir neçə il dövlət qulluğunda çalışdıqdan sonra Macron Rothschild bankında işə başlayıb.

O, 2012-ci ildə Fransa prezidenti Francois Hollande-ın iqtisadiyyat üzrə müşavirlərindən biri olmazdan əvvəl karyera nərdivanı ilə sürətlə qalxmış və artıq milyonların sahibi olmuşdu.

Bu ilin fevral ayında Macron gözlənilmədən onun barəsində yayılmış dedi-qodu ilə üzləşmişdi.

Bəziləri onun başqa bir kişi ilə arvadına sədaqətsizlik etdiyini deyirdilər. Onun siyasi rəqibləri hətta iddia edirdilər ki, Macron-u “qüdrətli gey lobbisi” dəstəkləyir.

Macron Radio France stansiyasının baş direktoru Mathieu Gallet-lə aralarındakı homoseksual münasibətlərə dair şayiələri lağa qoyaraq rədd edib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.