Loading...
Loading...
SEÇMƏ

Güzəştli mənzil satışı prosesinə kiberhücum

Yayımlandı: 15 Sentyabr 2022 18:19

MİDA-nın mənzil satışı prosesi təxirə salınıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdirdiyi binalardakı mənzillərin sentyabrın 15-nə təyin edilmiş güzəştli şərtlərlə satışı baş tutmayıb. Söhbət MİDA-nın Yasamal Yaşayış Kompleksinidə ikinci mərhələdə inşa etdirdiyi 815 mənzildən gedir.

MİDA, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bununla bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, satış prosesi başlamamışdan öncə dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkarlanıb. Bunun mənzil satışında nəticələrə təsir göstərə biləcəyi nəzərə alınaraq, mənzil satışının vaxtı təxirə salınıb.

DTX-nın ilkin araşdırmaları zamanı məlum olub ki, “ASAN Login” sisteminə xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücum olub.

Faktla bağlı DTX-nın İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanıb.

“Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanıb. Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək”, – dövlət qurumlarının birgə açıqlamasında deyilir.

Bu ilin martında da sözügedən mənzillərin satışı prosesinə xüsusi kompüter proqramları vasitəsilə müdaxilə olunmuş, bununla əlaqədar nəticələr ləğv edilmişdi. O zaman cəmi 5 saniyəyə 442 evin satılmasıyla bağlı cinayət işi başlanmış, 6 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Meydan TV

Gözdən qaçırmayın:  Nə etmişəm ki?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button