2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hərbi ekspert: “Bölgədə yeni dron müharibəsinin şahidi ola bilərik”

Azərbaycan Müdafiə Nazirliyində Ermənistanla sərhəddə vəziyyət müzakirə olunub

Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Müşavirədə həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.

Məlumatda qeyd edilir ki, Müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Bəs bu müşavirə nədən xəbər verir, sərhəddə yeni toqquşmalar ola bilərmi?

Hərbi ekspert Cəsur Məmmədov Meydan TV-yə deyir ki, son baş verənlər nəzərə alınsa, sərhəddə genişmiqyaslı olmasa da, lokal toqquşmalar baş verə bilər:

“Azərbaycan belə bir neytrallaşdırma əməliyyatına başlaya bilər. Çünki dünən sərhəddə baş verən atışmadan sonra Müdafiə Nazirliyi açıqlamasında deyirdi ki, atəşkəsi Ermənistan tərəf pozub. Amma iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi məqsədilə Azərbaycan Ordusu cavab tədbirləri görməyib. Hətta Azərbaycan Ermənistanın hərbi rəhbərliyindən bu əməlləri törədənlərin müəyyən edilərək cəzalandırılmasını tələb etdi. Yəni bu həm də bir mesaj ola bilər ki, siz cəzalandırmadınız, biz təhlükəli obyektləri özümüz zərərsizləşdirməliyik”.

Cəsur Sümərinli
Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

Ekspert deyir ki, mövcud siyasi vəziyyət də diqqətdənkənar qalmamalıdır, çünki Ermənistanın Rusiya ilə də münasibətləri gərgindir:

“Birincisi, Azərbaycanla Ermənistanın sərhəddləri qeyri-dəqiqdir. İkincisi, Rusiya ilə Ermənistanın münasibətlərində açıq ziddiyyət var. Aydındır ki, indiki halda Azərbaycanın hansısa lokal hərbi əməliyyat keçirməsi Rusiyanın da maraqlarına uyğundur. Eyni zamanda, dəhlizlə bağlı Türkiyənin də maraqları var. O ki qaldı Ermənistanın tələblərinə, böyük ehtimal, Azərbaycan tutduğu strateji yüksəklikləri boşaltmayacaq, geri çəkilməyəcək. Hətta düşünürəm ki, Zəngəzur zolağı və Göyçə gölü ətrafında, yəni cənub istiqamətində hansısa təhlükəli obyektləri zərərləşdirmək adı ilə yeni əməliyyat da keçirilsin”.

“Azərbaycanı narahat edən Ermənistanın intensiv silahlanmasıdır”

Onun sözlərinə görə, Ermənistanın intensiv silahlanması Azərbaycanı narahat əsas məqamlardandır:

“Ermənistan son günlər müasir silahlar alır. Xüsusən də, Fransadan hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahlar əldə edir. Ola bilsin, Azərbaycan rəhbərliyi düşünür ki, indiki halda bu əməliyyatı keçirməsə, sonra vəziyyət daha da gərginləşə bilər. Amma onu da deyim ki, proses belə davam edərsə, biz bölgədə yeni dron müharibəsinin şahidi ola bilərik”.

2024-cü il fevralın 12-də Azərbaycan Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralandığı haqda məlumat yayıb.

Fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin “qisas əməliyyatı” keçirdiyi bildirilib.

DSX-in yaydığı məlumatda qeyd olunub ki, “qisas əməliyyatı” Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavabdır.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfdən Nerkin-Xand istiqamətində atəşə tutması nəticəsində iki nəfər ölüb.

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri saat 09:30-dan etibarən Nerkin-Xand rayonu (Sünik vilayəti) istiqamətində yerləşən qüvvələri atəşə tutublar.

Nazirlik həmçinin fevralın 12-də saat 20:50-dən 23:40-dək Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutmasını təkzib edib.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlə bağlı narahatlığını ifadə edib.

Moskva Yerevanı və Bakını təmkinli olmağa çağırıb.

Fevralın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat verib.

Yerevan Bakının bəyanatını dezinformasiya adlandırıb.

Fevralın 23-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin atəşkəsi pozması haqda məlumat yayıb.

Müdafiə Nazirliyi bildirib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Münaqişənin qısa xronikası

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button