2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həyatımızı və işimizi mənalandıran proses…

İki həftə əvvəl Norveçdə ədəbiyyat festivalında iştirak edirdim. 4 gün çəkən festivalda jurnalistlərin də işinə geniş yer ayrılmışdı. Müzakirə mövzularından biri də Norveçə gəlib, öz işini davam edə bilməyən jurnalistlərin problemi idi.

Saytların yığılması Saytlarin yigilmasi

Norveç 50 şəhərdən və 10-dan çox ölkədən ibarət “Təhlükəsiz şəhər” layihəsində (təhlükədə olan yaradıcı insanları qorumaq üçün nəzərdə tutulan bir və ya iki illik proqram) ən çox yazıçı, musiqiçi, rəssam, jurnalist qəbul edən ölkədir. Layihədəki digər ölkələrdən fərqli olaraq, qonaq gələcək yaradıcı insanlara bəri başdan 3 illik oturumla təmin edir (digər ölkələr oturumu proqramın müddətinə uygun bir və ya iki il verir) və 3 il bitəndən sonra həmin adam və ailəsi inteqrasiya edibsə, sonsuz yaşayış izni ilə təmin edir. Qalır daha 4 il keçəndən sonra vətəndaşlıq almaq. Bu da cinayət etmədiyin, dil öyrənib inteqrasiya elədiyin halda çox mümkündür.

Amma ortaya digər problemlər çıxır. Norveçin bu jurnalistlər üçün nəzərdə tutduğu iki illik maaşlı inteqrasiya proqramı bitəndən sonra qonaq gəlmiş jurnalistlər qalır havada. Nəzərə alsaq ki, hətta Norveç dilinin daşıyıcısı olan yerli jurnalistlər üçün iş tapmaq elə də asan deyil, onda dilə alababat yiyələnmiş, hansı mövzuların trend olduğunu bilməyən, Norveç cəmiyyətini yaxşı tanımayan gəlmə jurnalistlərin mətbuatda iş tapmaq şansları çox az olur. Buna görə də, onlar sosial yardımın ümidinə qalmamaq üçün müxtəlif fiziki zəhmət tələb edən sürücülük, market işi kimi asan öyrənilib, xüsusi intellektual yük tələb etməyən işlərə getməli olurlar.

Bu hal çoxuna depressiv təsir edir. Baxmayaraq ki, Norveçdə insanlarda heç bir işə yuxarıdan aşağı baxmaq kimi bir vərdiş yoxdur, burda adamlar bütün növ zəhmətlə məşğul olanlara eyni ehtiram dolu gözlərlə baxır. Yenə də sürücülük etməli olan gəlmə jurnalist özünü çox pis hiss edir. Axı məsələ həm də öz işinə bağlılıqda, sevgidə, vərdişdədir.

Müzakirədə Sərhədsiz Reportyorlar və İCORN təşkilatının dəvəti ilə özümün vətəndan uzaqda işləmək təcrübəmdən danışdım. Rus dilinin mənə açdığı imkanlardan, bu imkanların sayəsində təkcə Azərbaycanın sürgündəki mediası ilə deyil, həm də postsovet ölkələrinin mətbuatı iilə əməkdaşlıq etdiyimdən danışdım. Bir ölkəni deyil, bütün regionu tanımağın, izləməyin, bu regionda əlaqələr qurmağın vacibliyindən, sosial şəbəkələrin xaricdən işləyən jurnalistlərə açdığı imkanlardan və s.

Opponentlərimdən biri Norveçdə böyük qəzetlərdən birinin redaktoru idi. O, başqa maraqlı bir problemdən danışdı. Dedi ki, bizim gəlmə jurnalistlərə iş verdiyimiz də az olmur. Amma bu zaman ortaya bizim alışmadığımız problemlər çıxır. Bir qayda olaraq, bura gələn jurnalistlər öz ölkələrində vacib adamlardan biri olublar və buna görə də hakimiyyətləri ilə problemləri yaranıb. Öz ölkələrində Bəşər Əsədlə, Putinlə, Xamneyi ilə əlləşən adamlar gəliblər bura. Biz də onlara tapşırıq veririk ki, get uşaq bağçasından reportaj hazırla. Jurnalistin üzü dəyişir. Deyir, nə uşaq bağçası, mən öz ölkəmdə Bəşər Əsəd rejimi ilə infiomasiya mübarizəsi aparmışam.

Biz o adama uzun-uzadı izah edirik ki, Norveçdə Bəşər Əsəd yoxdur. Olmayacaq da. Burda sizin ölkədə jurnalistin qələmini iti edən, özünü ulduz edən mövzular tapmaq mümkün deyil. Burda hansısa şəhər qəzetində ən maraqlı, oxunan məqalələrdən biri şəhərin məktəblərindən, idarəsindən, yolundan bəhs edən bir şey ola bilər. Tənqid də təhlükə yaratmır, kimi istəyirsiz tənqid edin. Sadəcə o tənqid bizim oxuculara maraqlı deyilsə, biz davamlı onları çap edə bilmərik. Bütün bu hallar da yenə həmin jurnalistlərə depressiv təsir bağışlayır, özünü burda lazımsız, boz adam kimi hiss etməsinə səbəb olur. Sözün açığı, biz bilmirik ki, bu problemi necə həll edək. Özləri də sözlə işləyə bilən adamlardır. Bəzən elə söz deyirlər ki, çox pis oluruq. Məsələn, o gün biri deyir ki, siz bizi bura gətirib həyatımızı xilas etdiniz, amma peşəmizi öldürdünüz. İnsan kimi xilas edib, jurnalist kimi bizi məhv edirsiz.

Daha sonra Norveçdə qonaq olan jurnalistlər danışdı. Onların hamısı peşə fəaliyyətini dayandırmağa məcbur olmuşdular. Bu adamları, onların problemlərini dinlədikcə, özümün, həmkarlarımın jurnalist kimi necə şanslı olduğumuzu düşünürdüm. Görün, bizim həyatımızı, işimizi mənalandıran nə qədər problem, məmurlar, hallar var. Bir gün də olsun darıxmağa, mövzu qıtlığı çəkməyə vaxtımız olmur. Korrupsiya bir yandan, həbslər bir yandan, təxyiqlər bir yandan….

Bir anlıq təsəvvür elədim ki, şəxsən özüm Azərbaycanda deyil, sivil, müasir, problemləri az olan ölkədə yaşayan qələm adamı olaydım. Elə bir ölkədə ki, orda xalq müasir, hakimiyyət tənqidə açıq, korrupsiya yox, təhsil yaxşıdır. Mənim və həmkarlarımın taleyi necə olacaqdı? Biz nə edəcəkdik? Ağlıma heç nə gəlmir.

Almaniyada yaşayanda bir dəfə rəssam dostumuz Niki dedi ki, bax, siz şikayətlənirsiniz, amma əslində çox xoşbəxt insanlarsınız. Həyatınızı, işinizi təhlükəli etməklə yanaşı, ona maraq, macəra qatan bir rejim var ölkənizdə. Amma mən oturub düşünürəm ki, nə edim, həyatımı necə mənalı edim, hara səfər edim?

Nə bilim, demirəm biz minnətdar olmalıyıq həyatımızı və işimizi belə maraqlı edən problemlərə, amma bəlkə də, bizə elə bu lazım idi. Bəlkə biz başqa cür heç yaşaya da bilməzdik?!

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button