2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Havaya sovrulan milyonlar və viran qalan abidələrimiz

Ölkənin birinci bankı iflas etdiyini açıqladığı bir zamanda durub tarixi abidələrin dağılmasından danışsaq, adamlar ağlını qaçırdığını düşünər yəqin. Amma adamların nə düşündüyündən narahatlıq keçirəcək deyiləm. Qoy, o adamlar bir az da ölkənin başında oynanan oyunlar haqqında düşünsünlər. İlin-günün bu böhran vaxtında hökumət 100 milyon dollardan artıq vəsaiti heç bir maddi və mənəvi qazanc gətirməyən oyunlara xərcləyirsə, tarixi abidələrimizdən niyə danışmağa qorxmalıyıq axı?

Saytların yığılması Saytlarin yigilmasi

Abidələrimizin qorunması sahəsində işlərin nə qədər bərbad olduğundan uzun-uzadı danışmağa ehtiyac yox. Mədəniyyət və Turizm nazirliyinin rəsmisi açıq şəkildə deyir ki, respublikadakı 6308 abidənin böyük əksəriyyəti qəza vəziyyətindədir və onların bərpasına vəsait çatdırmaq, sadəcə, çətindir. Doğrudanmı, vəsait yoxdur? O zaman xarici ölkələrin abidə və tikintilərinə milyonlar ayırmaq hansı məntiqin nəticəsidir görəsən? Budapeştdə uşaq bağçası və ibtidai məktəbi tikmək, Bosniyada tibb mərkəzi inşa etmək, Romanın Kapitoli Muzeyinin bərpa etmək, Fransadakı “Bizim ledi” kilsəsinin, Luvr muzeyinin, Notre- Dame kilsəsinin, Saint Paterne kilsəsinin təmirini aparmaq, Versal Sarayının “sənət əsərləri”nin bərpasını öhdəyə çəkmək?.. Bunlar böyük işlərdir. Hələliksə, mən ancaq bu böyük işlərin kölgəsində qalan “balaca” bir məsələdən danışacağam, dağılmaqda olan abidələrimizdən birinin hekayətindən. Xaçmazda yerləşən yeganə alban abidəsinin hekayətidir bu. Dünən bunu mənə o bölgədən gələn dostlardan biri xatırlatdı. Xatırlatdı və mən də 5 ildən artıqdır mətbuata mövzu olan bu kilsənin bərpası ilə bağlı heç bir addım atılmadığını öyrənib xeyli kədərləndim. Qəribə hekayəti olan alban abidəsi Xaçmaz rayonundakı 60 abidədən biridir. Başıbəlalı kilsənin tarixi də indiyə qədər doğru-düzgün araşdırılmayıb heç. Sadəcə, qeydiyyatda olan 5 m hündürlüklü şərq üslubunda tikilən və antik elementlərlə zəngin olan alban abidəsi illərdir qəzalı vəziyyətdə qalır. Qəribəsi odur ki, sakinlərdən biri onu öz hasarının içinə alıb. Məlum olub ki, ailə 1985 –ci ildə o evi aldığı zaman abidə evin yanında olub. Onun hasarlanmasına da Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsi icazə verib. Sadəcə, abidənin qorunması məqsədilə… XVII-XVIII əsrlərdə tikildiyi güman edilən kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur. Necə qorunduğu da göz önündə. Hələ neçə il bundan əvvəl kilsənin məsələsi gündəmi zəbt edəndə nazirlikdən açıqlama gəlmişdi ki, həmin abidənin bərpası 2017-2018-ci illərin tədbirlər planına daxil edilib. Amma göründüyü kimi, hələ də ortalıqda heç nə yoxdur. Güman ki, artıq dağılıb tökülməkdə olan o abidənin daha bir il gözləyəcək gücü də yoxdur…

Tarixi abidənin aqibəti haqqında məlumat almaq üçün “Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranovayla əlaqə saxladım. Abidənin dağılma təhlükəsi qarşısında olduğu haqqında həyəcan təbili çalanlardan biri də Aytəkin xanım olmuşdu zamanında. O da sualımızın cavabında bildirdi ki, ümumiyyətlə, hazırda elə bir bərpa işi aparılmır. “6 mindən çox abidə bərpa olunacağını gözləyir. Onlardan bir qismi artıq ya vəlvələdən, ya zəlzələdən dağılıb gedib. Bir qismini də hansı planlara görəsə siyahıdan çıxarıblar. Xülasə, vəziyyət bərbaddır…” deyir Aytəkin xanım.

Məlum, bu gedişlə Xaçmazdakı alban abidəsi yenə də taleyin ümidinə qalır. Yuxarılarda “vəsait yoxdur” deyirlər. Bu yoxluq üzündən ölkənin zəngin bir tarixi irsi silinib gedir. Axı illərdir tarixi abidələrin bərpası və mühafizəsi adına xeyli pul xərcləndiyi faktı var ortada. Təkcə keçən il Prezidentin Ehtiyat Fonduna ayrılmış vəsaitin 20 milyon manatının dini və mədəniyyət abidələrinin bərpasına xərcləndiyi açıqlanıb. İllərdir nazirlik xətti ilə görülən və ya görülməyən işlərə də böyük vəsaitlər ayrıldığı açıqlanır. Hara, kimə, hansı şəkildə gedir o vəsaitlər? Doğrudanmı, pulsuzluqdan bu abidələrin tarixdən silinib getməsi ilə barışmağa məcburuq? Barışmağa məcbur deyilik, əlbəttə. İnsanların əsəblərini tarıma çəkən oyunlara və xarici ölkələrin abidələrinə israf edilən milyonlarımızı öz abidələrimizə xərcləsək, günahmı olar?

Səadət

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button