2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Heydər Əliyevin vaxtında bu məsələnin həlli daha rahat idi, çünki…”

Kipr Türk Cümhuriyyətində yaşayan və oradakı Yaxın Doğu Universitetində çalışan bəstəkar Cavanşir Quliyev qış tətilini vətəndə, Bakıda keçirir. Moderator.az olaraq bu fürsətdən istifadə edib, sevimli və dəyərli bəstəkara elə telefondaca bir neçə sual ünvanladıq.
 
– Cavanşir müəllim, vətənə xoş gəlmisiniz. İlk öncə onu soruşaq ki, Vətən sizi bu dəfə necə qarşıladı? Ötən gəlişlərinizlə müqayisədə Vətəndə müsbətə və mənfiyə doğru nələr dəyişib? 
– Müsbət olan qohum-əqrəbanın, dostlarımızın sağ-salamat olmasıdır. Mənfi olan isə odur ki, mən qoyub gedəndə nə elektrikin, nə qazın, nə də bazar-dükandakı ərzaqların qiyməti bu qədər yüksək deyildi. Bu dəfə gələndə gördüm ki, qiymətlər daha da artıb, insanların məvacibi isə elə qoyub getdiyim kimidir. Məni xoş xəbərlərlə qarşılaya bilmirsiniz…
– Dostlarınızdan kimlərlə görüşə bilmisiniz, kimlərlə görüşmək arzusundasınız? 
 
– Qohumlarımla, dostlarımın bəziləri ilə görüşmüşəm. Rafiq Əliyev, Ramiz Həsənoğlu, Qulu Məhərrəmli, Ramiz Rövşən, Aygün Kazımova ilə  görüşmüşük artıq.
– Adlarını sadaladıqlarınızın demək olar ki, hamısı yaradıcı şəxslərdir. Bu görüşlər zamanı hər hansı bir iş birlikləri, ortaq projelər oldumu? 
– Oldu, Aygün Kazımova ilə bir mahnı yazdıq, birini də bu gün yazmağı planlaşdırmışıq. İnşallah üzə çıxar, siz də dinləyərsiniz.
– Dəyərli şairimiz Ramiz Rövşənlə necə, hansısa işbirliyi olmadımı?
– Yox, olmadı. Mahnı mətni şeirlə eyni deyil, bunu əvvəlcədən danışmaq lazımdır. Ramiz Rövşən əlində hazır mahnı mətni olan şairlərdən deyil. Gərək özəl olaraq oturub işləsin. Həm də mən Bakıya gəldim, Ramiz isə Konyaya oğlunun, nəvəsinin yanına getdi. Görüşümüz də elə ayaqüstü alındı.
– Sizinlə ötən görüşümüzdə insanlarımızın münasibətlərindəki saxtalıqdan gileylənmişdiniz. Dostlarınızın sizə münasibətində necə, saxtalıq hiss etmədiniz ki, yoxsa onlarla hər şey normaldır?
– Yox, mənim dost dediyim adamlar elə əvvəlcədən də mənə uyan insanlardı. Təbii ki, insan əvvəlcədən özünə dost seçəndə öz təbiətinə uyğun insanları seçir. Dostlarım könlümə yatan, mənə uyğun, aşağı-yuxarı elə mənim kimi düşünən insanlar olduğundan heç bir saxtalıqları yoxdur. Ancaq dediyim kimi, cəmiyyət əsasən saxtadır. Sənətkarların, bədii sənətlə məşğul olanların isə çox yüksək faizi saxtadır. Təbii ki, sənətləri saxta deyil, amma ictimai məsələlərdə görüşləri saxtadır. Yəni evdə, mətbəxdə başaqa şey danışırlar, mikrofon qarşısında tamam başqa şeylər deyirlər. Bu da məni çox məyus edir.
– Ümid edirəm ki, incəsənət nümayəndəsi olsanız, vətəndən nə qədər uzaqda yaşasanız belə Azərbaycanda baş verən siyasi hadisələrə biganə qalmırsınız. Ən azından baş verənləri izləyirsiniz…
– Bəyəm Azərbaycanda siyasi hadisə baş verirmi ki?
– Qarabağ probleminin indiyədək öz həllini tapmaması sizə necə təsir edir?
– Təbii ki, indiki hökumət Qarabağ problemini həll edə bilmir. Məncə, həll etmək planı da yoxdur, çünki olsaydı, ara-sıra məlumat sızardı və insanlar da bilərdi. Plan da yoxdur, ancaq atışmalarla, bəyanatlarla məşğuldular. Bu da adamı məyus edir. Problemin həlli də getdikcə çətinləşir, ağırlaşır. 1994-cü ildə Heydər Əliyev atəşkəs müqaviləsi imzalayanda biz meydana çıxıb nümayiş elədik ki, atəşkəs imzalamaq olmaz, məsələni bitirmək lazımdır. Həmin nümayişi dağıtdılar. Amma o zaman problemi həll etmək daha rahat idi, çünki konflikt çox uzağa getməmişdi. İndi isə konflikt beynəlmiləşdi, Rusiyada da Yeltsin hakimiyyətdən getdi, yerinə qaniçən birisi gəldi və məsələyə əlini qoydu. İndi problemin həllinin ucu görünmür, ancaq düşmənlə bir-birimizi hədələməklə məşğuluq.
– Qarabağ problemindən danışmışkən, Lavrovun bu günlərdə azərbaycanlı jurnalistə verdiyi cavaba münasibətinizi də öyrənmək istərdik.
– O jurnalistə yenidən söz verilib, verilmədiyini bilmədim. Amma jurnalistin yerinə olsaydım, belə bir sual da verərdim:  “Deməli, sizin Çeçenistandakı antiterror əməliyyatınız da Rusiyanın daxili işi deyilmiş, nəyə görə onda bütün dünyaya deyirdiniz ki, bu, bizim daxili işimizdir?” Başqa ölkənin daxilindəki konfliktə “sənin daxili işin deyil” deyilirsə, öz içindəki konflikti də daxili işi hesab etməməlidir. Əgər beynəlxalq hüquq varsa, o hüququn bir sifəti, bir rəngi olur, başqası olmur ki.
Bu məsələdə sual verən jurnalistin işdən çıxarılmasını anlamıram. Jurnalist nə istəyirsə soruşa bilər, jurnalistə “doğru, yanlış sual verdin” demək gülməlidir. Jurnalistin işi elə sual verməkdir də, bu, onun peşəsidir, pol silmək, süpürmək deyil ki peşəsi.  Peşəsini icra edən adamı da işdən çıxararlarmı? Bu iş mənə çox qəribə gəldi, məncə o oğlana qarşı ədalətsizlik oldu.
Ancaq düşünürəm ki, o jurnalisti sualına görə yox, Lavrovun açıq cavabına görə işdən çıxartdılar. Çünki Azərbaycan xalqı Rusiyanın açıq mövqeyini öyrəndi, həm də rəsmi şəxsdən. Düzdür, biz bunu zatən bilirdik və öz aramızda danışırdıq ki, problemin açarı Rusiyanın əlindədir. Amma indi açıq şəkildə elan olundu, bunun faş olunmasının acığını da jurnalistdən çıxdılar.
– Bu yaxınlarda beynəlxalq platforma olan Change.org saytında “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiya başladıldı. Bunu necə qiymətləndirirsiniz?
– Bu siyasi mübarizədir və bunu biz mütləq etməliyik. Versələr də, verməsələr də bunu etmək əlimizdə bir kartdır. Mütləq bunu imzalamaq lazımdır ki, qaytarın bizim Zəngəzurumuzu. Məsələn, Rusiyanın Dombası almaq niyyəti yox idi, amma Dombasdan alver edəcək, mən sənə Dombası qaytarım, sən də Krımı qaytar mənə deyəcək. Masada söhbət etmək üçün alverə əlimizdə  kartlar olmalıdır, bu məsələ də əlimizdə kiçik də olsa bir kartdır.
– Türkiyədə baş verən olaylar, terrorlar sizə necə təsir edir?
– Təbii ki, çox pis təsir edir, Türkiyə bunu haqq etmirdi. Türkiyə elə ölkə deyil ki, onu partladasan, çatladasan, Türkiyə kiməsə pislik edən ölkə deyil. Hesab edirəm ki, yaxın Şərqdə baş verən hadisələrin, sünni-şiə davasının və kürd məsələsinin partlamalarıdır baş verənlər. Bu səbəbdən də ürəyim əsir, Türkiyə belə hadisələrə layiq deyil. İnşaallah bitər bunlar.
Keçmiş Sovet ittifaqının tərkibindən çıxmış türk respublikasının vətəndaşının son qətliamı törətməsi məni daha çox məyus edir, üzür. Sovet ittifaqında yaşayarkən üzümüzü həmişə Türkiyəyə tuturduq. Təskinlik tapdığımız yeganə mövzu Türkiyənin müstəqil olması idi. Bizimlə yanaşı özbəklərin də, qırğızların da, türk dilində danışan xalqların hamısının. İndi də baxırsan ki, oradan çıxmış özünüqanmazın, tərbiyəsizin, alçağın, əclafın birisi insanları öldürür. Özündə Türkiyəyə qarşı bunu etmək cəsarəti tapır. Halbuki Sovet İttifaqı dağılandan sonra Türkiyə bu respublikalara nə qədər yardımlar, köməklər etdi. Çox halda da o yardımları bağışladı, geri istəmədi, o cümlədən də Özbəkistana. İndi onun cavabı bu olmamalıydı.
– Cavanşir müəllim, zaman ayırdığınıza görə təşəkkür edirik. Ümid edirik ki, növbəti gəlişlərinizdə daha ətraflı və geniş söhbət etmək imkanımız olacaq. Çox sağ olun. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button