Loading...
Loading...
SEÇMƏ

İcra nümayəndəsi: “Şəhidin cənazəsini gözləyirik, yoldadır”

Yayımlandı: 13 Sentyabr 2022 12:21

Müdafiə Nazirliyi itkilərin sayı il bağlı hələ ki açıqlama yaymayıb

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması nəticəsində 1996-cı il təvəllüd hərbçi Elşən Sahib oğlu Babazadənin şəhid olduğu bildirilir.

Bu barədə Meydan TV-yə Elşən Babazadənin doğulduğu Qəbələ Rayon İcra Hakimiyyətinin Mıxlııqovaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi İlham Əhmədov məlumat verib.

“Elşən Babazadə şəhid olub, amma hələ cənazəsi kəndə gətirilməyib. Cənazəni gözləyirik, yoldadır”, – deyə icra nümayəndəsi bildirib.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmanın baş verdiyi və iriçaplı silahlardan istifadə olunduğu bildirilir.

Hər iki ölkənin müdafiə nazirlikləri toqquşma barədə məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib:

“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib”.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Azərbaycan əsgərinin intihar etdiyi bildirilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button