SEÇMƏ

İrandakı etirazlara görə ilk edamın gerçəkləşdirildiyi bildirilir

Yayımlandı: 8 Dekabr 2022 16:08

Möhsün Şekari “Allaha qarşı düşmənçilikdə” təqsirləndirilib

İran məhkəməsi hökumətə qarşı aksiyalarda iştirak edən ilk etirazçının edamını elan edib.

Ədliyyə orqanlarının “Mizan” xəbər agentliyi yazıb ki, etirazçılardan Möhsün Şekari (Şəkəri) İnqilab Məhkəməsinin qərarı ilə cümə axşamı edam edilib.

İstintaq Möhsün Şekarini ilkin olaraq sentyabrın 25-də Tehranda Səttarxan küçəsindəki yolu bağlamaqda günahlandırıb.

O, daha sonra etirazları yatırmaq üçün yaradılan könüllü Bəsic Müqavimət Qüvvələrinin bir üzvünü bıçaqla yaralayan “iğtişaşçı” kimi ittiham olunub.

“BBC News” yazıb ki, noyabrın 1-də məhkəmə Şekarini “öldürmək, terror törətmək və cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaq məqsədi ilə döyüşməkdə və silah çəkməkdə” təqsirli bilib və onu “Allaha qarşı düşmənçilikdə” ittiham edib.

Fəal hökmdən apelyasiya şikayəti verib, lakin noyabrın 20-də Ali Məhkəmə onu qüvvədə saxlayıb.

Aksiya fəallarından biri BBC-yə deyib ki, Şekariyə qarşı çıxarılan hökm qanunsuz olub: “O, heç bir qanuni proses olmadan keçirilən məhkəmənin qərarından sonra məhkum edilib”.

Ədliyyə Nazirliyi indiyədək etirazlarla bağlı daha 10 nəfərin “Allaha düşmənçilik” ittihamı ilə İnqilab Məhkəmələri tərəfindən edam cəzasına məhkum edildiyini açıqlayıb.

Təqsirləndirilən şəxslərin kimliyi isə açıqlanmayıb.

Hüquq Müdafiəçilərinin Xəbər Agentliyinin (HRANA) verdiyi məlumatına görə, indiyədək ən azı 475 etirazçı öldürülüb, 18 240 nəfər saxlanılıb.

İğtişaşlar zamanı 61 təhlükəsizlik əməkdaşının öldüyü bildirilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının direktoru Mahmud Amiri “Tvitter” hesabında yazıb ki, İran hakimiyyəti ciddi və praktik beynəlxalq təzyiqlərlə üzləşməsə, etirazçıların edamları hər gün həyata keçiriləcək.

“Amnesty International” təşkilatı isə bildirib ki, ölüm hökmləri “xalq üsyanını daha da sıxışdırmağa” və “ictimaiyyət arasında qorxu yaratmağa” hesablanıb.

İranda etirazlar sentyabrın ortalarında əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmini adlı qadının həbsdə ölməsindən sonra başlayıb.

Qadınların rəhbərlik etdiyi etirazlar ölkənin bütün 31 vilayətində 160 şəhərə yayılıb.

Bu etirazlar 1979-cu il inqilabından sonra İslam Respublikasına qarşı ən ciddi çağırışlardan biri kimi qiymətləndirilir.

İran liderləri onları ölkənin xarici düşmənləri tərəfindən qızışdırılan “iğtişaşlar” kimi qələmə verib və təhlükəsizlik qüvvələrinə onlarla “qətiyyətli davranmağı” əmr edib.

Meydan TV

Gözdən qaçırmayın:  Sülhün sərhədi olmur!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button