Now Reading:
“Jurnalistin ölümü ilə bağlı müstəqil təhqiqat aparılsın!”

“Jurnalistin ölümü ilə bağlı müstəqil təhqiqat aparılsın!”

“Amnesty International”dan jurnalist Camal Kaşıkçının çağırış

“Amnesty International” hüquq müdafiəsi təşkilatı jurnalist Camal Kaşıkçının həlak olması ilə bağlı BMT-nin himayəsi altında müstəqil və neytral təhqiqatın aparılmasına çağırıb.
“Biz Türkiyənin xahişini nəzərə alaraq, digər təşkilatlarla birgə BMT-nin müstəqil və neytral təhqiqatının keçirilməsini xahiş etmişik. Çünki Səudiyyə Ərəbistanı hökumətinin apardığı təhqiqat şübhəlidir və bir çox suallar doğurur”, – hərbi cinayətlər və insan haqlarının pozulması faktlarının təhqiqatı ilə məşğul olan təşkilatın baş müşaviri Ravya Raqeh özünün “Twitter” səhifəsində belə yazıb. Onun sözlərinə görə, təhqiqat jurnalistin ölümündə əli olduğu ehtimal edilən və aşkar faktları iki həftədən çox inkar edən Səudiyyə Ərəbistanı hökuməti ilə yaxın əlaqədə olmayanlar tərəfindən aparılmalıdır.

Bir qədər əvvəl Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib jurnalist Camal Kaşıkçının ölkənin İstanbuldakı konsulluğunda baş verən mübahisə nəticəsində həlak olduğunu bildirib. Hadisə ilə bağlı Krallığın 18 vətəndaşı saxlanılıb və vəliəhd şahzadənin əsas köməkçiləri – kəşfiyyat xidməti rəhbərinin müavini Əhməd Əsiri və kral dəftərxanasının müşaviri Səud əl-Kahtanı vəzifədən azad edilib.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı təhqiqat qrupu Krallığın İstanbuldakı baş konsulluğuna baxış keçirib və konsulun iqamətgahında axtarış aparıb.

Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibətilə tanınırdı. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistanındakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

azertag.az

Input your search keywords and press Enter.