Now Reading:
Kərə yağı Azərbaycanda dünya bazar qiymətindən azı 4 dəfə baha satılır

Kərə yağı Azərbaycanda dünya bazar qiymətindən azı 4 dəfə baha satılır

Bu ilin yayından etibarən Azərbaycanda yağ bahalaşır. Sentyabrda mağazalarda qiymətlər məhsulun nomenklaturasından asılı olaraq 1-4 manat yüksəlib. Məsələn, ticarət şəbəkələrində 1 kq Ankor kərə yağının qiyməti 14,8 manatdan 15,2 manata yüksəlib.

Azərbaycan ticarət şəbəkəsində yağ defisiti yoxdur, piştaxtalar Azərbaycan, Litva, Türkiyə, Rusiya, Belarus, Yeni Zelandiya istehsalı olan bitki və kərə yağı ilə doludur. Deməli, qiymət artımı tələbin təklifdən üstün olması ilə bağlı deyil.

Digər versiya dünyada bu məhsulun qiymətinin artmasına və Azərbaycan bazarının yağ idxalından asılı olmasına əsaslanır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində ölkəyə 7,767 min ton və ya  32,688 mln. dollarlıq kərə yağı idxal edilib. Yəni 1 ton kərə yağına dünya bazarında topdansatış qiyməti ilə 4200 dollardan çox pul ödənilib.

Amma dünyada belə bir qiymət yoxdur – qablaşdırmasız, topdan satılan kərəyağının bir tonu 4 min dollardan çox! İxtisaslaşmış saytlarda (məsələn, alibaba.com/trade) müxtəlif dünya ixracçılarının təkliflərini görmək olar. Yeni Zelandiya, Cənubi Afrika, Böyük Britaniya, Fransa və digər ölkələrin kərə yağının bir tonunun qiyməti 500-600 dollardan 2500 dollara qədər dəyişir. Məsələn, Yeni Zelandiyanın duzsuz Anchor yağının 1 tonu alibaba.com virtual meydanında 500-1200 dollara qoyulub (Bakı mağazalarında bu yağın 1 kq.-ı qablaşdırılmış şəkildə 14,8 – 15,2 manata satılır). Britaniyalılar 600 dollar/ton qiymətinə satır. Cənubi Afrika şirkəti bir tonu 500 dollara təklif edir.

Azərbaycan tədarükçüləri bir tonu 1000 dollara alırsa, Bakıda topdansatış bazarında yağın bir kiloqramı nəqliyyat, gömrük xərclərini ödəmək və gəlir əldə etmək üçün qiyməti iki dəfə baha götürsək belə, 2 dollara və ya 3,4 manata satılmalıdır. Qablaşdırma, ölkədaxili nəqliyyat, gəlir və hansısa nəzərdə tutulmayan – qanunsuz xərcləri də nəzərə alaraq, qiyməti yenidən iki dəfə artırsaq, piştaxtalarda yağın bir kiloqramı 7,4 manatdan baha olmamalıdır.

Beləliklə, Azərbaycan əhalisi ölkədə hökm sürən korrupsiya və monopoliya səbəbindən təkcə kərə yağının hər kq.-ı üçün orta hesabla real qiymətdən azı 2 dəfə artıq pul ödəyir.

Material Turan agentliyinin icmalı əsasında hazırlanıb.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.