Loading...
Loading...
SEÇMƏ

Keçmiş nazir ev dustaqlığına buraxılıb

Səlim Müslümovun özü məhkəməyə gətirilməyib

Bir ildən çoxdur həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov buraxılıb. Sabiq nazirin səhhətində problemlər olduğu əsas gətirilərək, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Səlim Müslümov 2021-ci ilin fevralından Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılırdı. Onun işi üzrə araşdırmalar da bu qurumun İstintaq İdarəsində aparılır. Keçmiş nazirin vəkili ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə vəsatət verib ki, hüquqlarını müdafiə etdiyi şəxs ev dustaqlığına buraxılsın.

Meydan TV-nin məhkəmədən aldığı məlumata görə, vəsatətə hakim Azər Tağıyev baxıb və onu təmin edib. Mənbənin sözlərinə görə, məhkəməyə Səlim Müslümovun özü gətirilməyib.

Bir neçə gün əvvəl Səlim Müslümovun səhhətindəki problemlərlə əlaqədar istintaq təcridxanasından müalicə müəssisəsinə köçürülməsi haqda məlumat yayılmışdı.

61 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə – 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

O, əlillər üçün fərdi yaşayış və internat evlərinin təmir-tikintisinə ayrılmış vəsaitlərin bir hissəsini mənimsəməkdə, nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

Keçmiş nazirə ittiham verilən maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV

Gözdən qaçırmayın:  AİHM-dən Azərbaycanla bağlı 3 qərar: “Tərəflər dostca anlaşıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button