SEÇMƏ

Kinoya ayrılan pulların xərclənməsinə necə nəzarət olunmalıdır?

“Normativ-hüquqi baza yenilənməli, işlək mexanizmlər tətbiq edilməlidir”

Son bir neçə ildə Mədəniyyət Nazirliyi bədii məhsullar, layihələrlə deyil, mənimsəmə faktı, istintaq və həbslərlə gündəmə gəlir.

2022-ci il oktyabrın 26-da Hesablama Palatası açıqlama yaydı ki, dövlət büdcəsindən kinoya ayrılan vəsait düzgün və ya təyinatı üzrə xərclənməyib.

Vəsaitin xərclənməsi bir sıra hallarda sənədlərlə əsaslandırılmayıb, studiya xərcləri artırılıb, filmlərin və tədbirlərin smeta dəyəri düzgün müəyyənləşdirilməyib.

Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.

Palatanın hesabatından bir neçə gün sonra, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi.

Əməliyyat zamanı mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev və nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov məsuliyyətə cəlb edildi.

Onlar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham olunurlar.

Bu, DTX-nın nazirlikdə keçirdiyi ilk xüsusi əmələiyyat deyildi.

Xidmət 2020-ci ildə də Mədəniyyət Nazirliyində əməliyyat keçirilmiş, mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.

1.8 milyon manat rüşvət almaqda ittiham olunan Rafiq Bayramov 4 il 6 aya azadlıqdan məhrum edilib.

Nazirlikdə baş verənlər, kino sahəsində şəffaflığın, büdcənin necə xərclənməsi, hansı mexanizm əsasında verilməsiylə bağlı problemlər zaman-zaman müxtəlif fikirlərin səsləndirilməsinə zəmin yaradır.

Hələ 2022-ci ilin mayında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov kinoya ayrılan vəsaitin yarıbayarı azaldılması təklifi ilə çıxış etmişdi.

2022-ci il noyabrın 10-da isə Maliyyə naziri Samir Şərifov gələn ilin büdcə müzakirələri zamanı dedi ki, kinoya ayrılan pullara nəzarət gücləndirilməlidir.

Bu günlərdə isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyəti ilə əlaqədar büdcədən ilkin olaraq 100 min manat ayırıb.

Agentlik Mədəniyyət Nazirliyinin tabelyində fəaliyyət göstərəcək.

Foto: Mədəniyyət Nazirliyi

Mədəniyyət Nazirliyində baş verənlər fonunda Kino Agentliyinin yaradılması nə kimi perspektivlər vəd edir?

Azərbaycan kinosunun mövcud problemləri, bürokratik əngəllər, film çəkilişləri zamanı yaşanan qeyri-şəffaflıq aradan qalxacaqmı?

Bu sahə üzrə mütəxəssislər fikirlərini Meydan TV ilə bölüşüblər:

“Daha əvvəl də söyləmişəm ki, Kino Agentliyinin yaradılması, hələ kinonun problemlərinin həll edilməsi deyil. Kino Agentliyinin nizamnaməsində olan bəzi bəndlər, məsələn, “dövlət sifarişi və ya dəstəyi ilə milli və müştərək filmlərin istehsalını, təbliğini həyata keçirən dövlət qurumlarına və özəl təşkilatlara maliyyə dəstəyi göstərmək” kimi müddəalar sual yaradır: Agentlik həm maliyyə həm də istehsal ilə məşğul olmaq istəyir (bizdə başqa kino istehsal edən dövlət qurumu yoxdur)? Bu isə mövcud vəziyyətlə heç cür fərqlənmir”, – mədəniyyət və kino sahəsi üzrə ekspert Fikrin Bektaşi deyir.

“Yaxud da “kinofestivalların və təbliğat xarakterli digər tədbirlərin təşkili vasitəsilə kino mədəniyyətinin təbliğini həyata keçirmək” – kinofestivalı Agentlik təşkil edəcək? Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Düşünürəm ki, nazirlik işçi qrupu yaradar, orada biz də olsaq, sözsüz ki, peşəkar biliklərimizi, dünya təcrübəsinin Azərbaycanda tətbiq edilməsi yollarını bölüşərik”, – deyə o bildirib.

Gözdən qaçırmayın:  Qəzalı yataqxanada məskunlaşan köçkünlər: “Hökumət bizi unudub”

Ekspert deyib ki, maliyyə naziri Samir Şərifovun kinoya ayrılan maliyyə ilə əlaqədar müxtəlif illərdə qaldırdığı məsələlər, hələ də həllini tapmayıb:

Fikrin Bektaşi. Foto: kilis.az

“Nazir maliyyənin necə xərclənməsi məsələsini önə çəkirdi. Bu mənada ciddi boşluqlar var. Konkret olaraq normativ-hüquqi baza yenilənməli, işlək mexanizmlər tətbiq edilməlidir. Bu və digər məsələlər “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ında öz əksini tapıb”.

Fikrin Bektaşi deyir ki, proqramda Dövlət sifarişi ilə filmlərin istehsalının təkmilləşdirilməsi, “Azərbaycanfilm” kinostudiyasının bazasında təsərrüfat hesablı Film İstehsalı Mərkəzinin yaradılması, Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə “Euvroimage” Dəstək Fonduna üzvlüyün təmin edilməsi, “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına uyğun olaraq xarici kino şirkətləri ilə müştərək film istehsalının həyata keçirilməsi, kino sahəsində monitorinqin keçirilməsi üçün tədbirlərin hazırlanması və statistik məlumat sisteminin təkmilləşdirilməsi kimi məsələlərə heç toxunulmayıb:

“Üzərindən 15 il keçsə də, vacib məsələr həll olunmayıb. Proqramda olan 18 bəndin yarısı icra olunmayıb. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi kino və digər mədəniyyət sahələrində olan dövlət proqramlarının icrasının qiymətləndirilməsini aparmayıb və ictimaiyyətə hesabat təqdim etməyib. Faktiki olaraq, bu gün nəinki kinematorqafiyada, ümumiyyətlə, mədəniyyətin bütün sahələrində islahatların aparılmasına ehtiyac var”.

Tahir Tahiroviç. Foto: AKİ

Kinorejissor Tahir Tahiroviç (Əliyev) kinoya ayrılan vəsaitin az olduğu qənatindədir:

“Azərbaycan kinosu dövlətin sərmayəsi olmadan yaşaya bilməz. Azərbaycan mədəniyyəti – kinosu, teatrı, musiqisi mütləq dövlət dotasiyası ilə yaşamalıdır. Hüseyn Cavidə, Axundova pul xərcləyirik, film çəkirik. Bunu etmək Azərbaycan dövlətinin borcudur. Çünki onlar Azərbaycan xalqının işıqlı ziyalılarıdır. Burada əsas məsələ ayrılan pulun necə xərclənməsidir. Pulların necə xərclənməsi isə xərcləyənin vicdanına, əxlaqına, təffəkürünə qalır. Əgər Maliyyə Nazirliyi kinoya ayrılan pulla gəlir əldə etmək istəyirsə, bunun üçün Mədəniyyət Nazirliyinə kommersiya layihələri üçün də maliyyə ayırmalıdır”.

Kinotənqidçi Hacı Səfərov isə hesab edir ki, Azərbaycan kinosu üçün ayrılan büdcə artırılmalıdır:

“Ümumilikdə ayrılan pul çox aşağıdır. Maliyyənin artırılması ilə yanaşı, kinonun işləmə mexanizmi daha şəffaflaşdırılmalı, nəzarət gücləndirilməlidir. Pulun daha səmərəli istifadə edilməsinə diqqət edilməlidir. Çünki pul olur, amma bu səmərəli istifadə edilmir. Buna görə də Maliyyə Nazirliyi deyir ki, pulu düzgün istifadə etmirlər. Kinonun Mədəniyyət Nazirliyindən ayrılaraq Kino Agentliyinə – müstəqil bir quruma çevrilməsi isə yaxşı hadisədir. Bundan sonra kino ilə bağlı məsələlər – filmin istehsala verilməsi və ya layihənin reallaşdırlması ARKA tərəfinfən yerinə yetirə biləcək”.

Hacı Səfərov

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button