2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lenini necə göbələyə çevirdilər?..

İnformasiya vasitələri ictimai rəyi sifarişə uyğun olaraq və istənilən istiqamətdə formalaşdırmaq üçün çox güclü, qorxulu və əvəzsiz silahdır. Bu vasitə ilə aksiomanı paradoks, paradoksu absurd etmək, Pifaqor cədvəlini səhv çıxarmaq, amorf ictimai düşüncənin zombi daşıyıcılarını yaratmaq olur. Üstəlik, bu reallıq qlobaldır, yəni, hansısa coğrafi məkan və ya idarəçilik forması ilə məhdudlaşmır.

Marksist filosof Herbert Markuze ilə «Şəhər gerilyası» təliminin banisi Karluş Marigella hələ 1960-cı illərdə eyni vaxtda və bir-birindən xəbərsiz «KİV faşizmi» anlayışını fikirləşib tapdılar. Söhbət TV və qəzetlərin insan düşüncəsinə dağıdıcı təsirinin qabardılmasından gedirdi. Bizim dövrümüzdə buna ən parlaq sübut isə yəqin ki, mərhum Sergey Kuryoxinə məxsusdur.

Saytların yığılması Saytlarin yigilmasi

İndi o istedadın adı yarım-unudulub, halbuki, Kuryoxin 80-lərin sonu – 90-ların əvvəlinin ən tanınmış və epataj fiqurlarından biri idi. O, cəmisi 20 il əvvəl dünyanı tərk edib. Avanqard musiqiçi, «Pop-mexanika» qrupunun qurucusu, aktyor, bəstəkar, şairdi. Gedəndə də ən nadir xəstəlikdən birindən getdi – ürək sarkomasından. 42 yaşında. Bu xəstəlikdən hər il dünyada cəmisi 10-15 adam ölür.

Kuryoxin antikommunist deyildi. Bunu onun Yeqor Letovla bərabər Eduard Limonovun “Milli Bolşevik Partiyası”na (NBP) üzv olması da göstərir. Odur ki, onun «Lenin-göbələk» telelayihəsi qatı antibolşevikin yox, kandardakı istehlak cəmiyyətində əzənlərin əzilənlər üzərində təhrifli hakimiyyətinin bir dayağı kimi TV-nin böyük rolunu ifşa edən bir intellektualın fəndi idi. O layihəni xatırlayıram. Çünki rezonans çox böyük olmuşdu.

Beləliklə, 1991-ci ilin 17 mayı. Leninqrad televiziyasında «Beşinci təkər» verilişi. Müəlliflər – Sergey Kuryoxin və Sergey Şoloxov. Süjet KİV-lərin ictimai şüura təsirini ölçən bir media layihəsi kimi düşünülüb.

Kuryoxinin mifinə görə, guya ki, Lenin çoxlu hallüsinogen göbələklər yeyib və özü də çevrilib göbələk olub. Əlbəttə, bu əvvəlindən absurd bir tezisdi, ancaq Kuryoxin onu müxtəlif mənbələrdən sitatlar gətirməklə məntiqi mühakimə illüziyası yaradaraq tamaşaçılara təklif edir. Faktların saxtalaşdırması və fikirlərin yarıda kəsilməsi ilə absurdun həqiqətə bənzərliyi effekti yaradılır. «Necə yəni, bu boyda yalan olan bilər? – gör nə qədər sitat, fakt, elmi əsaslar gətirilir», – tamaşaçıda bu hiss yaranır…

Süjetə görə, Lenin əslində göbələk və radiodalğa olub. Bunun sübutu üçün «arqumentlər» də göstərilir – Leninin üstünə çıxıb çıxış etdiyi zirehli maşının kəsiyinin zəhərli göbələyin kəsikdə şəklinə bənzəməsi, yaxud fransızca «ninel» («Lenin» sözünün tərsi) – göbələkdən hazırlanan yeməkdir və s.

Sonralar Kuryoxinin xanımı xatırlayırdı ki, ideya ərinin Sergey Yeseninin ölümü haqda bir verilişə baxmasından sonra yaranıb. O verilişdə tamamilə absurd «faktlar» üzərində “sübut olunurmuş” ki, Yesenin intihar etməyib, öldürülüb. Yeseninin dəfnindən fotolar göstərilir, kadrarxası səs isə deyir: «Baxın, bu adam hansı tərəfə baxır, yaxud başqa birisi hara baxır və bu o deməkdir ki, Yesenini öldürüblər…» Kuryoxin verilişə baxır və deyir: «Bu üsulla istədiyin hər şeyi sübut etmək olar…»

Və «Lenin-göbələy»i fikirləşir. 2 intellektual adam hamıya sübut edir ki, sayıqlamalar, fantaziya, absurd və «elmi məntiq»dən istifadə etməklə tamaşaçını tam marazma aparıb çıxarmaq olar. Bu isə bir daha TV-nin tamaşaçı üzərində hüdudsuz hakimiyyətini sübut edir.

Kuryoxin həmin dövr üçün tabu olan bir mövzunu seçmişdi. Böyük rezonans da bununla bağlıydı. Sanki ölkə «göbələkçilər» və «anti-göbələkçilər»ə bölünmüşdü. Və bu, dünyanın ən savadlı ölkəsində baş verirdi.

İndiki dövrdə bu fəndlərdən ümumiyyətlə immunitet yoxdur (Qlobal obskurantizm fonunda). TV-lər hər gün, hər saat absurdu aksoma kimi təqdim edir. Düzdür, effekt daha əvvəlki deyil. Buna telekanallara baxanların sayının sürətlə azalması da sübutdur. Ancaq təhlükə yenə də böyükdür. Çünki bu manipulyasiyadan tamamilə qorunmamış yaş kateqoriyaları var – uşaqlar və yeniyetmələr. «KİV faşizmi»nin debilləşdirmə funksiyasının əsas hədəfləri də elə onlardır.

Kuryoxinin 25 il əvvəlki zarafatından fərqli olaraq, bu tip trüklər tənqidi düşüncə ilə qarşılaşmır. Sivilizasiya isə vaxtilə Oldos Xakslinin proqnozunu verdiyi istiqamətdə “təkamül” edir: “Həqiqətlər” o qədər çoxalacaq ki, onların arasında Həqiqət it-bat olacaq…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button