2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Mehman Əliyev:”Mən də, AXCP haqqında nəsə deyə bilərəm” – MÜSAHİBƏ

 Mehman Əliyev 24saat.org-da Alqış Musayev və Natiq Adilovun ittihamlarına cavab verir

24saat.org Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəni təqdim edir.

– Mehman müəllim, YAP-çı Alqış Musayev deyib ki, heç bir iqtidar qəzeti, politoloqu və ideoloqu İlham Əliyevin müsbət obrazını Mehman Əliyev qədər yarada bilməz. Musayev bəyan edir ki, siz müsahibənizdə İlham Əliyevin 15 ildir eyni şeyləri təkrarladığını qeyd etmişiniz. Musayev hesab edir ki, siyasi liderin iflası onda başlayar ki, 15 ildə 15 fikir desin…
– Alqış Musayev hakim partiyanın fəallarından olub. Onun öz mövqeyi olub və əslində YAP daxilində öz mövqeyinin qurbanına çevrilib və işindən kənarlaşdırılıb. Onun özünəməxsus baxışları var. Alqış Musayev qeyd edir ki, öz sözündən qaçmamaq, fikir və mövqeyi dəyişəməmək və s. Əslində, burada söhbət siyasi mövqedən gedir. Mən hesab edirəm ki, bizdə 2003-cü ildən bu yana siyasi xətt getdikcə sərtləşib. Alqış Musayev bu halı güclü liderlik keyfiyyəti kimi qiymətləndirir. Bir tərəfdən baxanda belədir. Yəni bu xətti saxlamaq, öz siyasətindən dönməmək, hər kəsə öz siyasətini qəbul etdirmək xətti var və güclüdür. Amma bu daha çox avtoritar üsul-idarəsinə məxsus olan yanaşmadır. Mən bunu qəbul etmirəm. Mən Mehman Əliyev olaraq informasiya, baxış əsasında qərar qəbul edirəm. Ancaq yeni informasiya əldə etdikdən, yeni vəziyyət yarandıqdan sonra bu baxışlarımı dəyişə bilərəm. Bir daha deyirəm ki, söhbət siyasi baxışlardan gedir. Bizim yeni tariximizdə kifayət qədər belə nümunələr gətirə bilərik. Yaranan yeni situasiya yeni hərəkət və yanaşmaları ortaya qoyur. Odur ki, şəraitə uyğun olaraq siyasi xətt dəyişə bilir. Məncə, bu lazımdır, əgər işin xeyrinədirsə, burada qəbahət axtarmağa dəyməz. Bu mənada hesab edirəm ki, ancaq bir xətti tutmaq və getmək doğru deyil. Hesab edirəm ki, bu səhvdir və mən başqa cür düşünürəm. Mən “15 ildir eyni şeylər təkrarlanır” deyərkən bunu mənfi mövqe kimi qiymətləndirirəm. Alqış Musayev isə bunu müsbət mənada qiymətləndirir.

Saytların yığılması Saytlarin yigilmasi

– Alqış Musayev həm də sizin fikirlərinizi fakt kimi gətirir: “İlham Əliyev elə bir xarakterin sahibidir ki, o, heç vaxt məğlubiyyəti yaxına buraxmır və məğlubiyyətlə barışmaq istəmir”. Musayevin fikrincə, elə əsl lider belə olar…
– Bu da həmin məsələdir də. Mən hansısa qərar verirəmsə və bu qərarım səhv olursa səhvim bildirərəm, onu düzəldirəm. Hər bir şəxs səhv edə bilər. Bu da ondan irəli gəlir ki, düzgün informasiya olmayanda səhv olur. Məsələn, iş elə gətirib ki, Azərbaycan 2015-ci ildə böhran durumuna düşüb. Bunu bildirmək lazımdır ki, ölkə böhran vəziyyətinə düşüb, biz filan məsələlərdə səhv etdik, bunu da filan yolla düzəldəcəyik. Ancaq indi qarşı tərəf deyir ki, heç bir problem yoxdur, biz irəlidəyik, hər şey yaxşıdır və biz düzgün yoldayıq. Bu mənada mən bu durumu güclü keyfiyyət kimi qiymətləndirə bilmərəm. Yəni mənim yanaşmam tam başqadır. Mən səhvlərimi bildirirəm, çalışıram onu düzəldim. Məncə, bu yanaşma daha münasibdir.

– Alqış Musayevlə şəxsi tanışlığınız, münasibətiniz varmı?
– Yox. Alqış “Yeni Azərbaycan” qəzetinin baş redaktoru işləyəndə müəyyən tədbirlər olurdu. Bir dəfə redaktorlar qrupu İrana səfər etmişdi, onda birgə getmişdik. Onun öz mövqeyi var idi, müəyyən məsələlərdə polemika aparmışıq. Qeyd edim ki, hakimiyyətə məxsus olan mediaların rəhbərlərini götürəndə Alqış Musayev başqalarından fərqlənirdi və özünün prinsipial mövqeyi olurdu.

– AXCP üzvləri də sizinlə haqqınızda tənqidi, bəzən isə hakimiyyətin əlinə “oynayan” ifadəsi işlədir. Buna münasibətiniz necədir?
– Mən bunu ciddi qəbul etmirəm. Konkret siz nəyi nəzərdə tutursunuz?

– AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Turan-da işıq üzü görən “Niyə Azərbaycan nepotizmi dünya demokratlarını narahat etmədi?” başlıqlı yazını tənqid edir, yazır ki, artıq Eynulla Fətullayev Turan-ın analitik qrupunun rəhbərlik edir…
– Bilirsinizmi, bunu normal hal sayıram. Mən də nepotizmi qəbul etmirəm. Amma biz reallıqdan danışırıq, deyirik ki, niyə Qərb susur, nə üçün Qərbin yanaşması budur, nə baş verir? Söhbət bundan gedir. Biz indiyə qədər yazmamışıq, bəyəm Xalq Cəbhəsinin üzvləri buna görə küçələrə çıxıb aksiyalar keçirirdi? Onlar da bəyanat veriblər, mövqe bildiriblər. Bununla da bitdi.

Amma belə baxanda bu çox ciddi məsələ və problemdir. Bununla bağlı da cəmiyyətin və bizim düşərgənin münasibəti soyuqdur. Hansısa bir geniş formada buna qarşı təpki olmayıb. Bu reallıqdır. Biz isə bütövlükdə buna beynəlxalq birliyin və xalqın yanaşmasından danışırıq. Siz özünüz də görürsünüz ki, xalq necə bunu qəbul etdi. Biz mətbəxdə danışa bilərik, öz aramızda nəsə deyə bilərik, yazı yaza bilərik. Ancaq bu məsələ kifayət qədər sükutla qəbul olundu. Bəlkə mən səhv deyirəm? Mən bu halı tərifləmirəm, faktı deyirəm. Əvvəla, bu yazı mənim deyil, Turan-ın əməkdaşınındır. Mənim işim isə faktları göstərməkdir. Mən yazını ona görə verirəm ki, bu faktlara əsaslanıb yazılan yazıdır. Başqalarının buna reaksiyası, yanaşması ayrı məsələdir. Ənənəyə çevrilən bir proses var, özü də Qərbdən başlayıb bu ənənə. Söhbət ondan gedir ki, siyasi ailə institutu var. Keneddi dən bu yana. Eləcə də maliyyə bazarında. Biz Londonda bir tədbirdə iştirak edirdik. Orada bəlli oldu ki, regionlarda KİV-lər var ki, ailəvi biznesdir. Yəni birinci növbədə orada işə jurnalist kimi yaxın qohumlarını götürürlər. Mən Mehman Əliyev bunu edə bilmərəm. Çünki deyəcəklər Mehman ətrafına qohumlarını yığır. İngiltərədə isə bu normal sayılır. Bu problemdir və getdikcə yayılmağa başlayır. Tramp yeznəsini müşavir qoyur. ABŞ kimi bir ölkədə. Bu yazıda müəllif də bu məqamları açır. Bu o demək deyil ki, sən bu halları alqışlayırsan.

İndi Natiq Ədilovun fikrini mən anlamıram. Mən də, AXCP haqqında nəsə deyə bilərəm. Mən əlbəttə, belə şeylərə fikir vermirəm. Lakin müzakirələrin, polemikaların açılmasını normal hal sayıram. Deməli insanları düşündürür.

Mənbə – 24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button