SEÇMƏ

Milli Məclis və XİN Fransanı sülhü pozmaqda günahlandırır

Yayımlandı: 1 Dekabr 2022 14:09

Parlamentin hər iki palatasının təxribatçı addımları sülhə zərbə vurur”

Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”.

Bu fikirlər Azərbaycan Milli Məclisinin Fransa Milli Assambleyasının 30 noyabr qətnaməsinə cavabında əks olunub.

Milli Məclis Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalda olduğunu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsini xatırladaraq Fransanın ikili standartlara yol verdiyini vurğulayıb.

Sənəddə təəssüflə qeyd olunur ki, bu gün Fransa hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin normallaşmasına zərbə vurur:

“Belə yanaşma qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir”.

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

“Fransa Milli Assambleyasının qətnaməsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması haqda faktların yer almaması ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir”, – deyə Milli Məclis qeyd edib.

Bəyanatda qeyd olunub ki, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməlidir:

“Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”.

Foto: XİN

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi də Fransa Milli Assambleyasının qətnaməsinə cavab verib.

Nazirlik hesab edir ki, qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır.

“Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”, – deyə XİN bildirib.

Gözdən qaçırmayın:  Hacı Talehlə bağlı mətbuat konfransıdır

Eyni zamanda, vurğulanır ki, Fransa yaxın 25 ildə vasitəçilik rolunu bəhanə gətirərək Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib:

“Beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür”.

Fransa Milli Assambleyası. Mənbə: Alfonso de Tomas/shutterstock

Noyabrın 30-da Fransa Milli Assambleyası (Aşağı Palata) Azərbaycanla bağlı növbəti qətnamə qəbul edib.

Sənəddə 13-14 sentyabr tarixlərində Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü və onun suverenliyini pozulduğu vurğulanır.

Qətnamədə Azərbaycandan Ermənistanın suveren ərazisinin işğalına son qoyulması və Azərbaycan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması çağırışı edilir.

Eyni zamanda, Bakını 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyannamələrin şərtlərinə ciddi şəkildə riayət etməyə çağırır. Həmçinin Fransa hökumətinə “Cənubi Qafqazda hərbi əməliyyatların dayandırılmasını və mülki əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında olan” beynəlxalq qüvvələr göndərmək üçün BMT ilə işləməyi təklif edir.

Fransa XİN-in rəsmi nümayəndəsinin bu məsələ ilə bağlı bəyanatında deyilir ki, Fransa parlamentinin (Senat və Aşağı Palatanın) iki qətnaməsi hökumətin mövqeyini əks etdirmir.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button