2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mirmahmud Mirəlioğlu: “Yazın sonunda camaatın vəziyyəti özü üçün aşkar olduqdan sonra…”

24saat.org Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edir.
Mirmahmud bəy, Azərbaycan hökumətinin anti böhran tədbirlərini necə qiymətləndirirsiniz?
– Böhran davam edir və getdikcə dərinləşir. Azərbaycanın bu sahədə əksər mütəxəssisləri siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq real və ədaləti qiymətləndirənlər bəyan edirlər ki, Azərbaycan dərin iqtisadi böhrandan çıxmaq gücündə deyil. Yəni boş danışıqlar bir yana, real situasiya bundan ibarətdir. Bir də, görürsünüz ki, siyasətçi və deputat bəyan edir ki, dünyada müşahidə edilən böhran Azərbaycandan yan keçib. Guya ki, bu böhran dalğa imiş. Obrazlı, gəlişi gözəl sözlərlə Azərbaycanın iqtisadi durumunu dəyişdirmək, böhrandan çıxmaq mümkün deyil. Ona görə də, bütün sahələrdə Azərbaycanda vəziyyət ağır və sabit olaraq qalır. Hətta deyərdim ki, durum geriyə doğru inkişafdadır. Vəziyyət budur. Daha burada Amerika açmağa ehtiyac yoxdur. Hökumət də bunun fərqində deyil. Bəlkə də fərqindədir, vəziyyəti bizdən də yaxşı bilir, lakin özünü o yerə qoymur. Hər halda real vəziyyətə uyğun addımlar atmır.
– Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov bəyan edib ki, böhran Azərbaycandan yan keçib…
– O, şəxsən özünü nəzərdə tutur. Başqa sözlə, özünün biznesini, vəziyyətini nəzərdə tutaraq hesab edirlər ki, böhran artıq onlardan yan keçib. Onun çıxışını belə qiymətləndirmək lazımdır. Başqa cür qiymət vermək mümkün deyil. Ola bilsin ki, bu adam da şəxsi məsələsinə, biznesinə, gündəlik, aylıq, illik gəlirlərinə görə hesab edir ki, artıq böhran ondan yan keçdi. Üzr istəyirəm, bu bütünlükdə real vəziyyəti obyektiv düşünməyərəkdən və ya məzələnməkdən doğan fikirlərdir. Başqa bir şey yoxdur.
Fevralın 1-də deputat Siyavuş Novruzov mətbuata müsahibə verən həmkarı Vahid Əhmədovu nəzərdə tutaraq ciddi tənqid edib, deyib ki, komanda dəyişməyəcək, sən kimsən ki, komandanın dəyişməli olduğunu bildirirsən…
– Hesab edirəm ki, bu xəstə yanaşmadan başqa bir şey deyil. Əslində vəziyyətdən çıxış yollarından biri münasibətin dəyişməsidir. Amma bu münasibətin dəyişməz olduğunu görən insanlar adamları dəyişməyi düşünürlər. Biri deyir ki, iqtisadi böhran Azərbaycandan yan keçib, digəri deyir Azərbaycan bu prosesdən çıxdı. Bu faktiki o anlama gəlir ki, belə adamlarla vəziyyəti dəyişdirmək mümkün deyil. Ona görə də, kimi nəzərdə tutmalarından, kimin nə deməsindən asılı olmayaraq Azərbaycanda dərin və ciddi islahata ehtiyac var. Yəni doğurdanda vəziyyətdən çıxmaq və bu prosesin Azərbaycandan yan keçməsini istəyirlərsə, bu addım olmalıdır. Siz dediyiniz açıqlama isə konkret olaraq hədəf göstərmək idi. Yəni göstərilirdi ki, bu işlərin bir səbəbkarı var, bu işlərə bir nəfər məsuldur, bu işləri ancaq bir nəfər həll edə bilər. Əslində həmin çıxışda bir radikalizmdə var idi. Radikalizmdə islahat istəyənlərə qarşı deyildi. İslahat istəyənlərin və düşdüyümüz vəziyyətin səbəbkarını göstərmək idi. Səbəbkar da həmin deputat tərəfindən göstərilirdi ki, bu birinci şəxsdir. Deputat bəlkə də, danışdığının fərqində deyildi və yaxud planlı şəkildə deyir ki, bu məsələlərin mərkəzində bir nəfər durur, o etməlidir. Yəni deputat hədəf göstərirdi.
Hal-hazırda Müsavat Partiyasının qarşısında hökumətə yaxın gənclər etiraz aksiyası keçirir. Bunu necə dəyərləndirirsiniz?
– Məndə bu haqda xəbər yoxdur. Niyə aksiya keçirirlər, nə istəyirlər?
Yanvarın 31-də Novxanıda İsa Qəmbərin çıxışına etiraz edirlər. Həmin çıxışda qeyd edilib ki, 2017-ci il Müsavat ili olacaq…
– Burada qeyri adi nə var ki? Kim hansı ili və günü özü üçün necə istəyirsə elan edə bilər. Yeni ailə quranlar deyə bilər ki, bu il bizim ilimizdir. Burada qəbahətli bir şey yoxdur. Mənim Müsavatın qarşısında olan mitinqdən xəbərim yoxdur.
Müsavatın qarşısında “Yaşasın İlham Əliyev”, “Müsavata ar olsun” şüarları səsləndirirlər…
– Hamı yaşasın, ancaq həm də normal yaşasın.
– Sizə elə gəlmirmi ki, xalqımız yaşamından narazı deyil, sadəcə müxalif mövqeli insanlar xalqın narazı olduğunu ifadə edirlər?
– Yox, sizin bu yanaşmanızla razı deyiləm. Məncə, bir neçə müddətə bu bəlli olacaq. Fikrimcə, bu rübün axırında və yazın sonuna camaatın vəziyyəti özü üçün aşkar olduqdan və durumu dəqiq qiymətləndirdikdən sonra başqa cür olacaq.
Müxalifət düşərgəsində yaxın dövr üçün aktivlik gözləmək lazımdır?
– Biz gücümüz çatan işləri görürük. Bir arada olmaq istəyənlər bir arada, tək qalmaq istəyənlər təkdir. Komanda alan şəxslər var ki, özünüzü qoruyun. Onlar da özlərini qorumaqdadır. Hər kəs də öz işi ilə məşğuldur. Təbii ki, müzakirələr keçirilir. Biz on partiya ilə iki aya yaxındır ki, hər həftə müzakirələr keçiririk, addımlarımızı atırıq. Hansı məsələdə əməkdaşlıq mümkünsə buna gedirik.
Ancaq reallıq odur ki, hakimiyyət ölkədə müxalifətin və ya ona qarşı ciddi alternativ qüvvənin olmadığını göstərir. Bu həqiqətdir, yoxsa görüntü?
– Bu hakimiyyətin təbliğatıdır. Hakimiyyət istədiyi medianı və ya televiziyanı qapadır. Nə istəyirsə onu edir. Həm də özünə öz gücünə olan alternativ görmür. Əgər hakimiyyət bir sözə dözmürsə, həmin sözə görə bu gün partiya qarşısında etiraz təşkil edirsə, deməli bu onun alternativsizliyinin deyil, gücsüzlüyünün göstəricisidir. Nəzərə alın ki, bu gün heç bir partiya ortaya iddia qoyub hakimiyyət davası aparmır, əksinə bütün qüvvələr deyir ki, problemləri həll elə. Həll edə bilmirsənsə özünü də problemə çevirmə.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button