Loading...
Loading...
SEÇMƏ

MTN-in general və polkovnikindən deputat Ziyad Səmədzadəyə 8 milyonluq ittiham

“O pul Ziyad Səmədzadəyə çatıb, niyə onu çağırıb dindirməyiblər?”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnik – şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov, eləcə də metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun bir ildir davam edən məhkəməsi yekunlaşır. Sabiq MTN-çilər məhkəmədə son sözlərini deyiblər. Sentyabrın 20-də hökm elan ediləcək.

MTN vəzifəliləri onların ittiham olunduğu cinayətlərə görə prokurorluğu günahlandırıblar. Bildiriblər ki, əgər kiminsə qanunsuz həbsi, yaxud pul alınandan sonra ev dustaqlığına buraxılması kimi hallar varsa belə, buna görə birbaşa Baş prokuror, onun birinci müavini məsuliyyət daşıyır. Çünki onlar həm hüquqi baxımdan istintaqa nəzarət edən prosessual şəxslərdir. Həm də faktiki bütün addımlar onların göstərişi, razılığıyla həyata keçirilib. Əgər MTN-də kimsə qanunsuz həbs edilibsə, o zaman Baş prokuror, onun birinci müavini hara baxırdı, niyə qarşısını almırdı?

Sabiq MTN-çilər həbs qərarını məhkəmədə hakimin verdiyini vurğulayaraq, qanunsuz həbslərə görə həm də hakimlərin məsuliyyət daşıdığını bildiriblər.

Bundan başqa, MTN generalı və polkovniklərinin işində adamların qanunsuz həbs olunması, ailələrindən külli miqdarda pul alınandan sonra guya xəstə olmaları haqda ekspertizadan rəy alınıb, ev dustaqlığına buraxılmalarından bəhs edilir. Təqsirləndirilən MTN-çilər onlara ittiham verilən işlərdə rəy vermiş ekspertlərin də məsuliyyətə cəlb olunmasını tələb edir.

General: “Zakir Qaralov və Rüstəm Usubov niyə çağırılıb dindirilmədi?”

Məhkəmədə öncə general Mövlam Şıxəliyev son sözünü deyib. O bildirib ki, həm özü, həm də tabeliyində çalışmış şəxslərlə bağlı istintaq aparmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi (hazırkı İstintaq İdarəsi) qərəzli mövqe tutub. Onun sözlərinə görə, qanunsuz həbs etdikləri iddia olunan və zərərçəkmiş qismində tanınan şəxslər barədə vaxtilə çıxarılmış ittiham hökmləri qüvvədədir:

“Əgər onlar təqsirli bilinibsə, bu hökmlər ləğv olunmayıbsa, bizə necə ittiham verirlər ki, guya o adamları qanunsuz məsuliyyətə cəlb eləmişik?”

Mövlam Şıxəliyevin sözlərinə görə, ittiham olunduğu Cinayət Məcəlləsinin 311 (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti bitib. Hətta əməlində bu cinayətin tərkibi olsaydı belə, o ittihamlara xitam verilməlidir.

Mənbə: APA

Təqsirləndirilən general vurğulayıb ki, o, zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməyib. Bəzi hallarda onun xahişlərini zərərçəkənlər hədə-qorxu kimi anlayıblar. Ona görə Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittihamı da əsassız sayır.

“MTN-in İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində Baş prokurora məruzə olunub. Cinayət işinin başlanması, şəxs barəsində cəlbetmə, qətimkan tədbirinin seçilməsi, ittiham aktının təsdiqlənməsi Baş prokurorun, onun birinci müavininin səlahiyyətində olub. Mən İstintaq Baş İdarəsinin rəisi olaraq, işim inzibatçılıqdan ibarət olub. Mən verilən tapşırıqları müstəntiqlərə çatdırmışam, o tapşırıqların icrasına nəzarət etmişəm. MTN-in İstintaq İdarəsində istntaq olunan cinayət işlərinə birbaşa nəzarət Zakir Qaralovda, Rüstəm Usubovda olub. Nə istintaq onları dindirib, nə də məhkəmə dindirdi…”, – Mövlam Şıxəliyev bildirib.

O, barəsindəki istintaqın yarımçıq aparıldığını, sübutlar olmadığını deyərək, işin təkrar araşdırma üçün prokurorluğa qaytarılmasını istəyib. Generalın sözlərinə görə, ona pul verdiyini deyən bir nəfər də yoxdur.

MTN-də dərmanları vermədiniz, gözüm tutuldu, işığa həsrət qaldım”

Təqsirləndirilən general Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin keçmiş direktoru, 8 ay MTN-in istintaq təcridxanasında saxlandıqdan sonra buraxılan İbrahim Zeynalovdan da danışıb. Zeynalovun ailəsindən 8 milyon pul alınandan sonra buraxıldığı bildirilir. Bu barədə məhkəmədə həm özü, həm də oğlu ifadə verib. Deputat Ziyad Səmədzadənin sifarişilə həbs olunduğunu, ailəsinin nəyi varsa, satıb onu MTN-dən qurtardığını, baş verənlər nəticəsində stressdən oğlu və qızının xəstəliyə tutulub öldüyünü, ardınca da həyat yoldaşının vəfat etdiyini deyən İbrahim Zeynalov müflis olub və hazırda bölgədə vaqonda yaşayır.

Bu məsələyə toxunan general bildirib ki, sözügedən 8 milyon Ziyad Səmədzadəyə çatıb:

“Buna baxmayaraq, Ziyad Səmədzadə bu günə qədər dindirilməyib, bu məsələ ilə bağlı hər hansı istintaq hərəkəti aparılmayıb. Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu alıbmı? Alıbsa, niyə alıb, kimə verib? Niyə araşdırılmadı?”

O, zərərçəkmişlərdən Hüseyn Səfərovun həbsi haqqında danışarkən bildirib ki, onu tanımayıb, onunla görüşməyib.

Məhkəmə zalında olan Hüseyn Səfərov isə generalı yalan danışmaqda ittiham edib:

“Məni MTN-də 76 gün girov saxladınız, ailəmdən 3 milyon dollar tələb etdiniz. Oğlum, qızım öz evlərini, mənim evimi, maşınlarımızı, qızıl-zinət əşyalarını satdılar, borc alıb 2 miyon dolları gətirib Vüsal Ələkbərova verdilər. Vüsal da səninlə əlaqə saxladı, ona dedin ki, “pulu gətir”. Mən Vüsalın kabinetində idim. Məni səhərdən axşama qədər kabinetdə saxlayırdınız ki, ölüb eləməyim, pul əlinizdən çıxmasın…”.

General zərərçəkmiş Elvar Əliyev haqqında da bənzər fikirlər səsləndirəndə bu zərərçəkmiş də etiraz edib:

“Məni qanunsuz həbs eləməyiniz bir yana, dərman da vermirdiniz. Buna görə gözüm tam tutuldu, hələ də gün işığına həsrətəm. Bunu da danmaq istəyirsən?”

Zakir Qaralov və Rüstəm Usubov. Foto: Azərtac.

Mövlam Şıxəliyev son sözündə məhkəmədən onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.

MTN polkovniki: “Qanunsuzluq olubsa, niyə Baş prokuror, onun müavini qarşısını almayıb?”

Təqsirləndirilən polkovnik Yasin Məmmədov son sözündə dövlət qarşısında xidmətlərindən, özünü fəda etməyindən danışıb. Əvvəllər Rusiyada işlədiyini deyən polkovnikin sözlərinə görə, sonra Azərbaycana gəlib, MTN-də vəzifə pillələrində irəliləyib, 2020-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. O, irəli sürülmüş ittihamları qəbul etmədiyini, heç bir sübut olmadığını vurğulayıb: “İşdə niyə MTN-dəki müşahidə kameralarından çıxarışlar yoxdur?”

Gözdən qaçırmayın:  Müdafiə Nazirliyi həyatını itirənlərin siyahısına daha 6 nəfəri əlavə etdi

Zərərçəkmiş İbrahim Zeynalovdan 8 milyon dollar alınması haqda danışan Yasin Məmmədov da pulun ona verilməsi haqda iddianı təkzib edib. O bildirib ki, həmin pul Ziyad Səmədzadəyə çatıb:

“MTN-in dörd bir tərəfi, binanın içində hər qarış kameradır. Belə bir şəraitdə mənə necə gətirib 8 milyonu verdilər? İş materiallarında da belə bir videosübut yoxdur. O pul deputat Ziyad Səmədzadəyə çatıb:

“O, İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib, sonradan kreditlə bağlı aralarında mübahisə yaranıb. Bi məsələnin MTN-ə aidiyyəti yox idi. Pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatlıyam”.

Yasin Məmmədov. Foto: Meydan TV

Yasin Məmmədov da Zakir Qaralov və Rüstəm Usubovun məsuliyyətindən danışıb. O bildirib ki, qanunsuzluq olubsa, niyə nəzarət edənlər aradan qaldırmayıblar, səhvləri düzəltməyiblər?

“Mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir olan yerdə mən kim idim ki?! Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Mən sıradna bir icraçı idim. Mən deyirdilər ki, “bunu belə elə”, mən də eləyirdim. Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbs olunması üçün vəsatət qaldırım? Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təqsdiq qərarı olurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Mən zərərçəkənlərin heç birini zərərçəkən kimi tanımıram. Mən bu dövlətə canımı fəda eləmişəm. Mənim balalarımı atasız, ev-eşiksiz qoymayın. Baş Prokurorluğun İstintaq İdarəsi bizə qarşı qərəzli mövqedə dayanıb, saxta ittihamlar irəli sürüblər. Əməlimdə nəinki cinayət tərkibi yoxdur, ittihamda yazılan cinayət hadisəsi ümumiyyətlə olmayıb. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız”, – Yasin Məmmədov bildirib.

Prokurorlar, hakimlər, ekspertlər də mənimlə birlikdə cəzalandırılmalıdır”

Digər təqsirləndirilən polkovnik Sahib Ələkbərov da ittihamları qəbul etmədiyini, zərərçəkənlər haqqındakı cinayət işləri üzrə qüvvədə olan hökmlərin mövcudluğunu vurğulayıb. O bildirib ki, əgər onlar istntaq zamanı qanunsuzluğa yol vermişdilərsə, həmin cinayət işləri üzrə çıxarılan məhkəmə hökmləri ləğv olunmalıydı:

“Hazırda bizim işdə zərərçəkən statusunda olan şəxslər haqqında məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda, onların şikayət etməyə haqqı yoxdur. Buna baxmayaraq, prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir”.

Sahib Ələkbərov bildirib ki, ona verilən tapşırıqları icra edib. O, tapşırıq verən yüksək vəzifəli şəxsin adını məhkəmə zalında çəkmək istəmədiyini belə əsaslandırıb:

Sahib Ələkbərov. Foto: Meydan TV

“Ad çəksəm, mətbuat yazacaq. Amma həmin şəxsin adını yazılı şəkildə məhkəməyə təqdim edəcəm. Mən MTN-in İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birlikdə həmin işlərin istintaqına nəzarət edən prokurorlar, həbs qərarlarını çıxaran hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidir. Əks halda, məni məhkum etmək qanunsuzdur. Vicdanım, namusum haqqı mənim cinayətim yoxdur. Mənə rəhbər şəxslərin verdikləri tapşırıqları icra etmişəm. Kim pul alıbsa, araşdırsınlar, onu da cəzalandırsınlar. Xahiş edirəm ki, mənə bəraət verilsin”.

Təqsirləndirilən başqa bir polkovnik Vüsal Ələkbərov xatırladıb ki, onu bundan əvvəl həbs edib, 12 il azadlıqdan məhrum eləmişdilər. Sonra o müddət 5 ilə enidirildi və bunun da 4 ilini həbsdə qalıb çıxdı. Amma yenidən ona ittiham verdilər:

“Mənim başıma açılan bu oyunların bir səbəbi var, o da hörmətli Mövlam Şıxəliyevə rahat ittiham verilməsidir”.

Vüsal Ələkbərov da bəraət hökmü çıxarılmasını istəyib.

Vüsal Ələkbərov. Mənbə: Meydan TV

Sabiq MTN-çilərin məhkəməsi sentyabrın 20-də davam edəcək.

MTN işi üzrə məhkəmədə bir müddət əvvəl İbrahim Zeynalovla bağlı məsələ araşdırılarkən onun dedikləri mediada yayımlanmışdı. Bundan sonra mətbuata açıqlama verən Ziyad Səmədzadə barəsində səslənən fikirləri təkzib etmişdi. O, İbrahim Zeynalovu tanıdığını təsdiqləsə də, onun həbsinə keçmiş nazir Eldar Mahmudov vasitəsilə sifariş verməsi haqda iddianı təkzib etmişdi. Deputat onun haqqında bu cür fikirlər səsləndirənləri “vicdansız” adlandırmışdı.

“Məhkəmədə bu iddiaları səsləndirən şəxslər hamısı vicdansız insanlardır. İbrahim Zeynalov Buzovnada 30 il öncə sovxozun direktoru olub. Məndən xahiş etmişdilər ki, ona dəstək olum. Deyirlər ki, aramızda iş birliyi var idi, sonra qırıldı. Hansı iş birliyindən danışırsan? Gəlsin, desin ki, 3,5 milyon manat hansı bankdan götürülüb? Sonra deyirlər ki, 8 milyon Ziyad Səmədzadəyə çatıb. Bunlar hamısı qurma işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq atası Əhməd Mahmudovla münasibətim olub”, – Ziyad Səmədzadə “http://Unikal.org”-a belə deyib.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir.

Təqsirləndirilən keçmiş MTN-çilərdən yalnız general həbsdədir, digər 3 nəfər haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Yasin Məmmədov MSK-nın keçmiş katibi, daha sonra sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır.

Sahib Ələkbərov və Yasin Məmmədov MTN-dən çıxarılandan sonra vəkil kimi fəaliyyət göstərməyə başlayıb. Onların hər ikisi Vəkillər Kollegiyasının üzvüdür.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Prokuror Mövlam Şıxəliyevə 14, Vüsal Ələkbərova 15, Yasin Məmmədova 12, Sahib Ələkbərova isə 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı həmçinin Vüsal Ələkbərovun bundan öncə çəkdiyi 5 illik cəzanın ona təyin ediləcək yeni cəzadan çıxılmasını istəyib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button