SEÇMƏ

Polis bölməsində qadının qətlə yetirilməsilə bağlı hökmə dəyişiklik edildi

Yayımlandı: 25 Oktyabr 2022 22:15

Keçmiş polisin zərərçəkmişin ailəsinə ödədiyi təzminatın məbləği artıb

Nizami rayonu, 24-cü polis bölməsində ondan şikayət etməyə gəlmiş həyat yoldaşı Xanım Məmmədovanı xidməti silahla qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədovun işinə bir neçə aydır ki, Bakı Apelyasiya Məhkəməsində baxılırdı. Çünki İsmayıl Məmmədovun 18 il azadlıqdan məhrum edilməsi haqda hökmdən hər iki tərəf – özü də, həyat yoldaşının ailəsi də narazı qalmışdı. Zərərçəkmiş tərəf cəzanın ağırlaşdırılmasını, mülki iddianın təmin olunmasını tələb edirdi. Özü isə hökmün yüngülləşdirilməsini istəyirdi.

Bakı Apelyasiya Məhkəməsində bu işə baxılarkən İsmayıl Məmmədovun vəkili vəsatət qaldırıb ki, ekspertiza təyin edilsin. Vəkil iddia edir ki, hadisəni törədərkən müvəkkili affekt vəziyyətində olub, hərəkətlərini dərk edə bilməyib.

Apelyasiya məhkəməsində ekspertiza təyin edilib, lakin rəy belə olub ki, İsmayıl Məmmədov hadisəni törədəndə anlaqlı vəziyyətdə olub.

Foto: Amerikanın səsi

Oktyabrın 25-də bu cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin qərarı elan edilib. Kamran Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası hökmə dəyişiklik edib. İsmayıl Məmmədovun cəzası olduğu kimi saxlansa da, zərərçəkmiş tərəfin ona qarşı mülki iddiasının təmin olunan hissəsi artırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxılanda zərərçəkmiş tərəf dəfn və s. xərclərə görə maddi, həmçinin mənəvi təzminat tələbilə 205 min manatlıq mülki iddia qaldırmışdı. Lakin məhkəmə mülki iddianı qismən təmin edərək, İsmayıl Məmmədovun üzərinə bu ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoymuşdu. Apelyasiya Məhkəməsi isə bu məbləği 10 min manat edib. Qalan hissədə hökm dəyişməyib.

İttihama əsasən, sentyabrın 29-da Xanım Məmmədova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, həyat yoldaşının onu döyməsindən şikayətlənib. Bu şikayətlə əlaqədar izahat vermək üçün polis bölməsinə çağırılan Xanım Məmmədova sentyabrın 30-da səhər saatlarında bibisi və iki övladı ilə ora gedib. Həyat yoldaşı İsmayıl Məmmədov da onun bölmədə olduğunu eşidəndə ora gedib. Orada təhqiqatçının otağında bu hadisə baş verib.

24-cü Polis Bölməsi. Foto: DİN

Nizami Rayon Post-Patrul Xidmətinin əməkdaşı olmuş İsmayıl Məmmədov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb:

“Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllənin hamısı atılıb…”.

Gözdən qaçırmayın:  Ali Məhkəmə MTN tərəfindən telefonları dinlənilən şəxslərlə bağlı qərar verdi

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button