SEÇMƏ

“”Praqa bəyanatı” hüquqi sənəd deyil, istənilən vaxt ondan imtina etmək olar”

Vahid Əhmədov: “Praqa görüşü İlham Əliyevin tarixi qələbəsidir”

“Praqa bəyanatının hər iki tərəf üçün əhəmiyyətli məqamı problemin ərazi bütövlüyü çərçivəsində həll olunmasına üstünlük verilməsidir. Çünki son dövrlərdə Ermənistanın ənənəvi ikili mövqeyi, yəni Qarabağı ərazi bütövlünüdən ayırıb danışıqlara cəlb etməsi əsas müzakirə obyekti idi. Azərbaycanda da 1919-cu il xəritələri üzrə sərhədlərin müəyyənləşdirilməsi haqda açıqlamalar, bunlar hamısı hüquqi və praktik baxımdan ciddi problemlər yaradırdı”.

Bunu siyasi şərhçi Rauf Mirqədirov 6 oktyabr “Praqa bəyanatı”nı Meydan TV-yə şərh edərkən deyib.

Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Yelisey sarayının yaydığı bəyanata görə, görüş Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə ilə yekunlaşıb.

Bildirilir ki, ErmənistanAzərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

“Eyni zamanda, tərəflər razılaşıblar ki, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq”, – deyə bəyanatda qeyd olunub.

Bundan əlavə, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının mülki missiyasına yardım göstərməyə razılaşıb.

Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib.

Bu ay fəaliyyətə başlayacaq missiyanın maksimum iki ay davam edəcəyi bildirilir:

“Missiyanın məqsədi – güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”.

Rauf Mirqədirov bəyanatı xoşməramlı addım saysa da, hüquqi əsası olmadığını deyir:

“Çünki istənilən vaxt ondan imtina etmək olur. Həmçinin hər hansı bəyannaməyə istinadın edilməsi konkret maraqlardan doğur. Ona görə də belə bir sənədin o qədər də böyük əhəmiyyəti olmur. Ancaq bu xoşməram Şarl Mişelin, Makronun və Ərdoğanın iştirakı ilə ifadə olundu. Bütün bunları nəzərə alsaq, ümidlərin yarandığını düşünmək olar, amma bu ümidlər hər an puça çıxa bilər. Çünki dəfələrlə bunun şahidi olmuşuq”.

Deputat Vahid Əhmədov isə Meydan TV-yə açıqlamasında Praqa görüşünü və onun nəticələrini Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin tarixi qələbəsi adlandırıb:

“Bu hadisə son 30 ildə yeganə faktdır ki, Azərbaycan tərəfi özünün bütün şərtlərini Ermənistana qəbul etdirməyi bacarıb. Daha doğrusu, rəsmi Yerevanı məcbur edib ki, Azərbaycanın şərtlərini qəbul etsin, bu şərtlərlə razılaşsın. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir və bu zəfər dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir”.

Vahid Əhmədovun qənaətincə, Praqa görüşü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi zəmin yaradıb:

“Ermənistan 2020-ci ilin 10 noyabr bəyannaməsi ilə üzərinə bir sıra öhdəliklər götürsə də, sonrakı dönəmdə bu öhdəlikləri yerinə yetirməkdə imtina edərək sülh sazişinin imzalanmasını süni şəkildə uzatmağa çalışırdı. Lakin müharibədən sonra Azərbaycan tərəfinin ortaya qoyduğu hərbi-siyasi qətiyyət, Ermənistanın üzləşdiyi ümidsiz vəziyyət onu rəsmi Bakının şərtlərini qəbul etmək məcburiyyəti ilə üz-üzə qoydu. Nəhayət, Ermənistan hakimiyyəti anladı ki, Azərbaycanın sülh çağırışlarını qəbul etmədən heç bir uğura, heç bir tərəqqiyə nail ola bilməyəcək”.

Gözdən qaçırmayın:  Daxili dialoq zamanı yetişib?
Vahid Əhmədov və Rauf Mirqədirov. Mənbə: Meydan TV

Rauf Mirqədirov isə hesab edir ki, bütün bunlara rəğmən Rusiya amilini də nəzərə almaq lazımdır:

Rusiya hazırda iyrənc qoxusu olan gülə bənzəyir və mövcudluğunu daha çox büruzə verərək insanları narahat edir. Məsələ ondadır ki, Rusiya Praqaya ümumiyyətlə dəvət olunmamışdı. Çünki Rusiya nə qədər ki, Ukraynaya təcavüzünü dayandırmayıb, Avropada qəbul olunmayacaq. İkincisi, ABŞ, Avropa Birliyi və Fransa Ermənistan və Azərbaycan arasındakı problemin həllində Rusiyanın iştirakını minimuma endirmək, yaxud onsuz həll etmək niyyəti güdürlər. Yəni Qərb qarşısına məqsəd qoyub ki, gələcək təhlükəsizlik parametrlərinin həllində Rusiyanın iştirakı olmasın. Ancaq buna nə qədər nail olunacaq, onu da zaman göstərəcək”.

Ancaq Vahid Əhmədov əksinə düşünür. Onun fikrincə, Rusiya indiki vəziyyətdə əvvəlki illərdə olduğu şəkildə Cənubi Qafqaza müdaxilə edə bilməz:

“Çünki Rusiyanın Ukraynayla 7 aydan çoxdur ki, apardığı müharibə onu bütün sahələrdə ağır duruma salıb. Həm beynəlxalq, həm hərbi-siyasi, həm də daxili sosial-iqtisadi baxımdan yaranan problemlər Rusiyanı əvvəlki kimi hərəkət etməyə imkan vermir”.

R.Mirqədirov deyir ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərməsi elə Rusiyanın iştirakını minimuma endirmək məqsədi daşıyır:

“Ermənistan bir müddət sərhədində başqa dövlətlərin müşahidəçilərinin olmasını istəyir. Rusiya isə iki dövlət sərhədini tam nəzarətə götürmək niyyətini gizlətmir”.

“Amma dünən İlham Əliyev ilk dəfə bəyan etdi ki, Azərbaycanın xarici siyasət vektoru dəyişə bilər. Son günlərə qədər Bakının iqtisadi əlaqələri Avropayla, siyasi-hərbi əlaqalər daha çox Türkiyə və Rusiya ilə olub. Söhbət ondan gedir ki, Bakı Avropa Birliyi timsalında Qərblə genişmiqyaslı əməkdaşlığa hazırdır. Bəli, Rusiyanın sərhəddə sıxışdırılması taktiki addım olsa da, starteji olaraq İlham Əliyevin bəyanatı kifayət qədər önəmlidir. Bu, o deməkdir ki, Əliyev Putinin perspektivlərinə o qədər də inanmır”,- deyə Rauf Mirqədirov bildirib.

Praqa bəyanatında istinad olunan “Alma-Ata bəyannaməsi” 1991-ci ilin 21 dekabrında Qazaxıstanın Alma-Ata şəhərində qəbul olunub.

“Alma-Ata bəyannaməsi”ni Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov və Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan imzalamışdı.

Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək.

“Alma-Ata bəyannaməsi”ndə həmçinin, dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb.

Amma Azərbaycan Milli Məclisi sənədi 1993-cü ilin sentyabrında ratifikasiya edib.

Artıq həmin dövrdə Dağlıq Qarabağ və ətraf rayonların əksər hissəsi Ermənistan ordusunun nəzarətində idi.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button