2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Prezident: ''Pambıqçılığın inkişafına yüz milyonlarla dollar xərcləmişik''

Ekspert: ”Əsas olan vəsait xərcləmək yox, gəlir əldə etməkdir”

Saytların yığılması Saytlarin yigilmasi

 “Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Bu, ikinci müşavirədir və dəstəyin təzahürüdür”.

AZƏRTAC-ın xəbərinə görə, martın 28-də prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində belə deyib. 

Prezidentin deməsinə görə, dövlət fermerlərə bu sahədə ciddi dəstək verir: “Eyni zamanda, biz vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçənilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb. Eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar”.

Prezident vətəndaşların pambıqçılığa çox böyük maraq göstərdiyini, bunun çox önəmli amil olduğunu da qeyd edib.

“Bu il göstəricilər daha yaxşı olacaq”

“Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Əgər vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq, buna şübhə yoxdur”, – deyə o, vurğulayıb.

İlham Əliyev gələcəkdə pambıqçılığın daha da sürətlə inkişaf etdiriləcəyini, bunun həm vətəndaşlara, həm də dövlətə böyük xeyri olacağını da bildirib.

“Bizdə pambıqçılıq yalnız öz xərclərini çıxara bilir”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, əldə olunan pambığın dünya bazarındakı dəyəri təxminən 100 milyondur. Bunun 45 milyonu isə pambığın maya dəyəridir. 100 milyondan maya dəyərini çıxanda yerdə  55 milyon qalır. Hələ bunun yarısı kəndlilərin qazancı və xərcləridir. Bu o deməkdir ki, bizdə pambıqçılıq yalnız öz xərclərini çıxara bilir:

“Bunlar bilərəkdən məsələni öz xeyirlərinə həll edirlər. Bu gün İranda və Türkiyədə fermerlərdən pambığın 1 kilosu 90 sentə alınır. Azərbaycanda isə bu rəqəm 30 sentdir. Emalla məşğul olan şirkətlər də oliqarx məmurlarındır. Əsasən özləri gəlir əldə edirlər. Bundan əlavə, bu gün heyvandarlıq da sıradan çıxmaq üzrədir. Ətin kilosu 12 manata qalxıb, kərə yağı 14 manat olub, kələm 1 manata satılır. Niyə bu sahəyə investisiya qoymurlar? Deməli, bu onlar üçün maraqlı deyil. Onlar daha çox emaldan gəlir götürürlər. Pambıq dünya bazarında nisbətən yüksək dəyərlə satılır. Ona görə də, pulu məhz bu sahəyə qoyurlar”.

“100 milyonun 3-də birini də qazanc kimi götürə bilmədilər”

Vahid Məhərrəmov deyir ki, investisiya ölkəyə xeyir gətirmək üçün qoyulur. Ancaq ötən ilki xərcləmələr 2016-cı ilin pambıqçılığından ölkənin gəlir əldə edə bilmədiyini deyir: 

Vahid Məhərrəmov
Vahid Məhərrəmov.

“Son iki ayın statistikasına baxsanız, pambıq idxalının artdığını görərsiniz. Pambıq lifi ixracı isə azalıb. Bu da ondan xəbər verir ki, bunlar keyfiyyətli məhsul istehsal edə bilmədilər. Uzun müddət yağış oldu, yığım marta qədər davam etdi və s. Bütün bunlar da onların keyfiyyətli məhsul istehsal edə bilməmələrinin səbəbləri sırasındadır. İndi bu il 100 milyon, gələn il də 100 milyon qoysunlar. Məsələ vəsait xərcləməkdə yox, nə qədər gəlir əldə etməkdədir. 100  milyon dollar və ya manat qoyurlarsa, heç olmasa 120 min gəlir götürməlidirlər. Ancaq onlar 100 milyonun 3-də birini də qazanc kimi götürə bilmədilər”. 

“Əksəriyyətinin məqsədi yaranmış vəziyyətdən bəhrələnməkdir”

Vahid Məhərrəmov prezidentin pambıq istehsalı ilə məşğul olanların sayının artması fikrinə də münasibət bildirib. Deyir, əksinədir, o işi görənlərin çoxu bələdiyyə fəalları, yerli icra orqanları işçiləri, məmurlardır. Onlara bu işlə məşğul olmaq tapşırığı verilib: 

“Gələcəkdə də yəqin məktəblilərə, müəllimlərə tapşırılacaq. Çünki fermerlər bu işlə əsaslı şəkildə məşğul olmur. Dövlət qurumları da yuxarıdan verilən tapşırığa uyğun olaraq yığım, istehsal həyata keçirəcəklər. Yüksək vəzifəli məmurlar bu işə maraqlıdır. Maraq da ondan ibarətdir ki, məhsulu fermerlərdən ucuz alıb, xaricə baha satıb, yüksək miqdarda gəlir əldə edilər. Bunu dövlət üçün yox, özləri üçün edirlər. Əksəriyyətinin məqsədi yaranmış vəziyyətdən bəhrələnməkdir”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button