2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Primakov ölkəyə rəhbərliyi kimə təklif etdi?

Qanlı yanvar silsiləsindən dördüncü yazı…

Əbdürrəhman Vəzirov 2018-ci ildə Moskvada çap olunmuş “Parterin birinci sırasında” adlı publisistik xatirələrində 1989-cu ilin payızında və 1990-cı ilin ilk günlərində respublikada yaranmış dramatik vəziyyəti belə təsvir edirdi: “1989-cu ilin 25 dekabrında silahlı cəbhəçilər Cəlilabad rayonunda qanuni hökuməti devirərək rayon partiya komitəsini, milis şöbəsini darmadağın etdilər; 31 dekabrda Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca SSRİ-nin İranla sərhədini dağıtdılar; 1990-cı ilin 11 yanvarında AXC silahlı birləşmələri Lənkəranda qanuni hökuməti devirdilər; 15 yanvardakı mitinqdə “ermənisiz Bakı” şüarı səsləndi, mitinqçilərin arasından bir neçə quldur dəstəsi formalaşaraq hərəkətə keçdi, 2 mindən çox soyğunçuluq, quldurluq, dağıntı, 33 ölüm hadisəsi törədildi”. Lakin bunlar baş verən həqiqətlərin hamısı deyildi. O, həqiqətlər yalnız Əbdürrəhman Vəzirovun dilindən açıqlana bilərdi, lakin üzərindən 30 il keçməsinə baxmayaraq o, öz kitabında bu məsələlərə nöqtə qoymadı.

Saytların yığılması Saytlarin yigilmasi

1989-cu ilin payızından etibarən Vəzirovla Moskva arasında ciddi ziddiyyətlər yaranmışdı. Mərkəzin, xüsusi ilə Qorbaçovun ermənilərə meylliliyi, gərəkli məqamlarda hərəkətsizlik nümayiş etdirməsi Vəzirovu məyus etmişdi. Qorbaçovla onun arasında ilk fikir ayrılığı Ermənistandan qovulan azərbaycanlı əhalinin yerləşdirilməsi ilə bağlı olmuşdu. Münaqişə başlayandan bəri Ermənistanda azərbaycanlıların yaşadığı 185 kənd dağıdılmış, qovulan əhalinin sayı 230 min nəfər çatmış, 31 min yaşayış evi, 165 kolxoz və sovxoz qarət edilmiş, əsasən Quqark və Masis rayonlarında 216 nəfər azərbaycanlı öldürülmüş, 1154 nəfər yaralanmışdı. Vəzirov Ermənistandan qovulan azərbaycanlı əhalinin Dağlıq Qarabağda və Ermənistanla sərhəd olan Azərbaycan rayonlarında yerləşdirilməsi ilə bağlı təkid etsə də, Moskva buna razılıq verməmişdi. Hətta o, bunları qeyd edilən ərazilərdə respublika büdcəsi hesabına yeni yaşayış məntəqələri və qəsəblər salmaq hesabına edəcəyini bildirsə də, Qorbaçov onu müdafiə etməmişdi. Böyük qaçqın dalğasının Bakı, Gəncə, Sumqayıq kimi mərkəzi şəhərlərə axışması ölkədə xaotik vəziyyət yaratmaqla yanaşı, rəhbərlik üçün də xeyli problemlər yaratmışdı.

Mərkəz tərəfindən müdafiəsini itirən Vəzirov 1989-cu ilin payızında iki dəfə Qorbaçova istefa ərizəsi ilə müraciət etmişdi. Moskvada Qorbaçovla görüşəndə o, açıq şəkildə bildirmişdi ki, siz böyük vədlərlə məni Azərbaycana birinci katib göndərsəniz də, həmin vədlərin heç birini yerinə yetirmədiniz və faktiki olar mərkəz məni müdafiəsiz qoydunuz. O, hər dəfə Sov.İKP MK-ya gedəndə “təsadüfən” ermənilərin MK katibi Aleksandr Yakovlevin və Qorbaçovun Bakıda doğulmuş köməkçisi Georgi Şahnazarovun yanında toplandığının şahidi olmuş və təhlükənin bilavasitə haradan gəldiyinə əmin olmuşdu. O, punktual sovet kadrı olduğundan nə mərkəzin göstərişlərindən çıxa bilmir, nə də gündən-günə artan probleləri, Xalq Cəbhəsinin simasında xalqın tələblərini həll edə bilirdi. Hadisələrin böhran həddinə yüksəldiyi 1989-cu ilin noyabrında Bakıya səfər edən ABŞ-ın SSRİ-dəki səfiri Çek Metlok (Jack Matlock) “İmperiyanın ölümü: Amerika səfirinin Sovet İttifaqının dağılmasına baxışı” (Autopsy on an Empire: The American Ambassador’s Account of the Collapse of the Soviet Union) kitabında onunla bağlı yazırdı: “Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa bağlılığı yox idi. Vəzirov, ola bilsin ki, bir çıxış yolu tapa bilərdi, lakin o, müstəqil hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi ilə vətənində qaynayan siyasi ehtiraslar arasında sıxılıb qalmışdı”. 1989-cu ilin sonu 1990-cı ilin ilk günlərində respublikanın kommunist hakim elitası arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi də Moskva ilə xalq arasında qalmış Vəzirovun mövqeyini xeyli sarsıtmışdı. Vəzirov Qorbaçovun bütün kombinasiyalarda ermənilərə sərf edən oyunlarından mütəssir olmuşdu.

Əbdürrəhman Vəzirov mərkəzin “etimadını” doğrultmadığı üçün Bakıya xüsusi missiya ilə gələn Yevgeni Primakov faktiki olaraq respublikaya rəhbərliyi öz əlinə almışdı. Yanvarın 14-də bazar günü o, və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov respublikada yaranmış vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda faktiki olaraq Vəzirovun mətbuat xidməti vəzifəsini icra edən “Azərinform”un sədr müavinə Saveliy Perets öldürülən ermənilərin sayı barədə məlumat verib əlavə etdi ki, “hələ Xalq Cəbhəsinə çox sağ ol deyin ki, öz xalqının simasını qoruyub saxlayaraq, ermənilərin bərə ilə təxliyəsini təşkil edib. Yeri gəlmişkən, sizin yerinizə… Yoxsa, öldürülənləri onlarla deyil, yüzlərlə sayardınız”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря). Bu sözləri eşidəndə Primakov əsəbi formada çımxırdı ki, “bəsdirin!” və əlavə etdi ki, “bizdə belə bir təəssürat yaranıb ki, respublika partiya orqanlarının nəzarəti altından çıxıb. Hərbi hissələr mühasirəyə alınıb, şəhərdə erməni qırğını gedir… Siyasi Büro Bakıdakı vəziyyətdən ciddi şəkildə narahatdır. Vəziyyəti düzəltməliyik, əks təqdirdə, respublika ağır zərbə alacaq və təkcə respublikaya deyil, bütövlükdə ölkəyə ağır zərbə dəyəcək. Operativ qərargah yaratmağı, bir sıra təcili tədbirlər görməyi təklif edirəm”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.167). Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri, habelə Azərbaycan rəhbərliyi belə hesab edirdilər ki, “qarşıda duran aksiya talan, ermənilər əleyhinə deyil, ilk növbədə anti-hökumət xarakteri daşıyacaq”. (Перец Савелий. Пылающее пепелище. // Приложение к еженедельнику «Меридиан». 2001. 17 декабря).

Qəribə də olsa, Primakov başda olmaqla “operativ qərargahın” birinci işi müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar ayının 15-də respublika televiziyası axşam birinci katib Əbdürrəhman Vəzirovun Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin siyahısını tuturdu, açıq-aydın görünürdü ki, sənaye müəssisələrində səfərbərlik işi həyata keçirilir. Kimə qarşı idi bu səfərbərlik? Bu sirr olaraq qaldı. Partiya orqanlarının şübhəli şəkildə “cəsarətə gəlməsi” çoxlu suallar doğururdu. Lakin yanvarın 14-də toplantını yekunlaşdıran Primakov respublika rəhbərliyinə belə bir təklif vermişdi ki, Siz cəbhəçilərlə ümumi dil tapmalısınız, O, qeyd edirdi ki, “bizim Siyasi Büroda hər şey o qədər də asan deyil. Dirənənlər də var, amma Mixail Sergeyeviç hamı ilə ümumi dil tapır. Üzbəsurət hücumlar çoxdan tarixə çevrilib. İndi güzəştlər vaxtıdır”. Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürməsindən ibarət idi. O, Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, “demək olar ki, biz onlara yalvarırdıq ki, ordu ilə zarafat etmək olmaz. Ordu necə olursa olsun, blokadanı yaracaq”. (Агаев Р., Али-заде З. Азербайджан. Конец второй республики (1988–1993 гг.), с.168-170)

MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: Qarabağ məsələsinin həlli və Vəzirovun istefası. Cəbhəçilərin bu tələbinə qarşı Andrey Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK deyil, kütlənin dəyişməsi yolverilməzdir. Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: “Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, “demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa bir addım qalır”. Azərinformun yanvarın 15-də “Bakıda vəziyyətə dair” yaydığı məlumatda göstərilirdi ki, “Yevgeni Primakov və Andrey Girenko Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qayda – qanunu təmin etmək üçün bütün tədbirlər görülməlidir. Qeyd edilmişdir ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl edilməsini nəzərdə tutur”. (Kommunist qəzeti.1990. 16 yanvar).

Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, “respublikaya başçılıq etməyi” öz üzərinə götürsün. Görünür bu təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə əlaqələndirmək zərurətindən irəli gəlirdi. Qanlı yanvar günlərində da ABŞ və Qərb ölkələrinin rəhbərləri ilə telefon danışıqlarında Mixail Qorbaçov Bakıya ordu yeridilməsini Azərbaycanda islam fundamentalizminin yayılması ilə izah edirdi. Qərb mətbuatına bu tezis məhz Moskvadan ötürülmüşdü.

Dağlıq Qarabağda hadisələrin silahlı müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin. Fərmanın 7-ci bəndində deyilirdi: “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin… tələblərini pozmaqda müqəssir olan şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. (Воротников В.И. А было это так…Москва, 1995. С.343)

Bu fərmanla bağlı yanvar ayının 16-ı axşam saat 19:00-da Azərbaycan televiziyasının “Planetimizin mənzərəsi” proqramında mənim çıxışım oldu. Proqram canlı getdiyi üçün Moskvanın siyasətini, mərkəzdən verilən fərmana respublika rəhbərliyinin səssiz qalmasın kəskin tənqid etdim. Planetimiz qaldı bir tərəfdə, verlişi bütövlükdə respublikadakı dramatik vəziyyətə, partiya rəhbərliyinin bacarıqsızlığına, dövlət və hökumət orqanlarının iflic vəziyyətə düşməsinə, Moskvanın yedəyində getməsinə həsr etdim. 15 dəqiqəlik veriliş qurtaranda aləm dəymişdi bir-birinə. Sədr, müavinlər və informasiya redaksiyasınnın müdiri həyəcan içərisində idi. Lakin biz proqramın rəhbəri Qulu Məhərrəmli ilə binadan çıxanda, artıq AzTV-nin giriş qapısı adamlar və maşınlarla dolu idi. Yanvarın 17-də “İnşaatçı” qəzetinin baş redaktoru Oqtay Cəfərov həmin çıxışın mətnini öz qəzetində dərc etdi. Bu yazı Oqtay müəllimə baha başa gəldi, məni isə bir müddət siyasi icmallardan uzaqlaşdırdılar.
Ardı var…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button