Loading...
Loading...
SEÇMƏ

Prokurorluq döyülən yeniyetmə ilə bağlı araşdırma aparıldığını deyir

Yayımlandı: 17 İyul 2022 15:26

Məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib”

Lənkəran şəhərində yeniyetmə qızın sinif yoldaşının ailəsi tərəfindən döyüldüyü bildirilir. Yeniyetmənin anası Ləman Camalovanın verdiyi məlumata görə, hadisə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın mənzilində baş verib. Belə ki, yeniyetmə Rəsilə Əliyevanın qızı ilə eyni sinifdə oxuyurmuş.

4 saylı orta məktəbin direktoru Yeganə Əsgərovanın qızı attestat vermək adı ilə evə çağırıldığı və orada döyüldüyü bildirilir. Yeniyetmənin anası deyir ki, qızının döyülməsinə səbəb yeniyetmələrin telefonla mesajlaşması olub. Ana müavinin qızının onun övladının telefonundan istifadə etdiyini deyir.

“Evdə Rəsilənin anası, başqa bir qadın, təmizlikçi olub. Telefonla qızımın başına, əl və təpiklə isə üzünə, bədəninə ağır xəsarətlər yetirib. Qızım yalvarıb, mənə zəng etmək istədiyini deyib, amma icazə verilməyib”.

Valideynin sözlərinə görə, hadisədən sonra Rəsilə Əliyeva onu və qızını əxlaqsız, pozgun kimi qələmə verib.

Lənkəran rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva yeniyetmənin evində döyülməsi faktını təkzib edib.

“Vəzifədəyəm deyə yapışılası adam mənəm? Axı mənim də səhhətim və evimdə ağır əməliyyatdan çıxmış xəstəm var. Aliyənin anası çox şey iddia edə bilər. Yalan məlumatlardır. Onun anası haçandan ortaya çıxdı? O, heç bilmir ki, qızı kimlə yaşayır və onu kim saxlayır. Onun qızı əxlaqsızdır və biabırçı videoları var. Şagirdlərin adından ona-buna videolar atıb. Belə qızın məktəbdə qalıb oxuması düzgün deyil. Mənim qızımla da rəfiqə deyil və ola bilməz. O, hansı ailədə böyüyüb, bilinmir. Aliyənin xalası kimdi, onu əvvəl kim saxlayıb, gedin onları araşdırın”.

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

“Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir”, – məlumatda deyilir.

Meydan TV

Gözdən qaçırmayın:  “Rusiyaya da elə bu lazımdır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button