Loading...
Loading...
SEÇMƏ

Qısa Filmlər Festivalına film qəbulu başlayıb

Yayımlandı: 17 Avqust 2022 13:39

Qalib “Qızıl Nar” mükafatı qazanacaq

XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb. Festival həm yerli, həm də əcnəbi rejissorların filmlərini qəbul edir.

Qeydiyyat sentyabrın 20-dək davam edəcək.

Müəlliflər 30 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər.

Beynəlxalq və yerli müsabiqə

Xarici və yerli müəlliflər beynəlxalq müsabiqəyə bədii, sənədli və animasiya filmlərini sentyabrın 5-dək göndərməlidir.
Müsabiqəyə film göndərmək üçün bu keçiddən istifadə edə bilərsiniz.
Yerli müsabiqəyə isə həm bədii, sənədli, animasiya filmləri, həm də sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-dək göndərməlidir.
Filmlərin 2020-2022-ci illərdə istehsal olunması şərtdir.

Mükafatlar

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Cinemobil”

Onlayn keçiriləcək müsabiqəyə müəlliflər mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlərini təqdim edə bilər. Filmlərin müddəti 5 dəqiqədən artıq olmamalıdır. Təqdim olunan filmlər arasından 5 film seçilərək müsabiqəyə buraxılacaq və festivalın “Facebook” səhifəsinə yerləşdiriləcək. Qalib tamaşaçılar tərəfindən, onlayn səsvermə yolu ilə seçiləcək.

Seçim komissiyası

Festivala göndərilən filmlər peşəkar mütəxəssislərdən ibarət seçim komissiyası tərəfindən dəyərləndirilib, müsabiqəyə daxil ediləcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.
Beynəlxalq və yerli müsabiqədə mübarizəyə qoşulacaq filmlərin siyahısı 2022-ci il oktyabrın 20-də elan olunacaq.
Festivalın münsiflər heyəti noyabrda açıqlanacaq.

“Qızıl Nar” – qaranlıqdan işığa

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar” behiştdən onlarla dənəciyi, ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz “bətnində” daşıyır. Rejissor bətnindəkini film vasitəsilə işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır. “Qızıl Nar”la yanaşı, festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edəcək.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 2004-cü ildən təşkil olunur.
Builki festival noyabrın 11-dən 15-dək keçiriləcək.

Meydan TV

Gözdən qaçırmayın:  DİM sədri xəbərdarlıq edib: “İxtisas seçimini başqalarına həvalə etmək olmaz”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button