Loading...
Loading...
SEÇMƏ

Rasim Məmmədov: “Ramiz Mehdiyevlə Bəylər Əyyubovu atam qədər istəmişəm”

“Qazancımız üç nəfər arasında bölünüb”

“Mən Ramiz Mehdiyevi və Bəylər Əyyubovu atam qədər istəmişəm. İşdən çıxıb gedib Ramiz Mehdiyevi gəzdirmişəm. Pis günündə yanında olmuşam. Xəstəxanada yatanda yanında olmuşam…”, – “Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov məhkəmədə ifadəsində bildirib.

2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

Əvəz Zeynallı neçə illərdir mənə qarşı terror eləyir”

Sentyabrın 12-də məhkəmə prosesində Rasim Məmmədova ifadə vermək təklif olunanda o, “Xural TV” internet televiziyasının rəhbəri, iki gün öncə həbs edilən Əvəz Zeynallı haqqında danışıb. Rasim Məmmədov iddia edib ki, Əvəz Zeynallı uzun müddət onu təhdid edib, barəsində şər-böhtan xarakterli materiallar yayıb.

Təqsirləndirilən şəxsin iddiasına görə, Əvəz Zeynallı bunu Loğman Zülfüqarlıdan aldığı pul qarşılığında edib.

Zülfüqarlı qardaşları zavodun Rasim Məmmədov tərəfindən zorla onların əlindən alındığını deyir, bununla bağlı çoxsaylı məhkəmə çəkişmələri olub, aldığı pul qarşılığında edib:

Loğman Zülfüqarlı və Əvəz Zeynallı Türkiyə xüsusi xidmət orqanlarına ərizə göndərib ki, guya mən orada Loğmanın oğurlanmasını sifariş vermişəm. Övladlarımı gizli nömrələrlə zəng edib təhdid eləyirdilər ki, hər şeyinizi əlinizdən alacaqlar. Əvəz Zeynallı neçə illərdir mənə qarşı terror eləyir. Dəfələrlə pul tələb edib. Mən həbs olunandan sonra yenidən bu işlə məşğul olub”.

Hakim onun nəzərinə çatdırıb ki, Əvəz Zeynallı məsələsinin bu məhkəmədə baxılan işə aidiyyəti yoxdur. Amma prokuror vəsatət qaldırıb ki, Rasim Məmmədovun Əvəz Zeynallı barədə dedikləri araşdırılması üçün prokurorluğa göndərilsin: “Cinayət xarakterli məlumat verir”.

Rasim Məmmədova ifadə vermək təklif olunanda o, hazır olmadığını deyib və növbəti məhkəmə iclasına qədər vaxt istəyib. O bildirib ki, şənbə və bazar günü vəkillərilə görüşə bilməyib. Vəkillərinin hazırladığı ifadəni isə oxumağa, müəyyən məsələləri dəqiqləşdirməyə imkanı olmayıb. Hakim qərar verib ki, ona vaxt verilməsin, hazırda ifadəsi elan edilsin. Gələcəkdə ifadə vermək istəsə, prosesin gedişində bunu edə bilər.

Rövnəq Abdullayevlə görüş: “Qiymət 450 milyona qədər qalxdı”

Rasim Məmmədov iş materiallarında olan ifadənin ona məxsus olmadığını vurğulayaraq, onun elan edilməsinə etiraz edib. O, məhkəmədə ifadə verməyə razılaşıb və “Baku Steel Company”ni necə əldə etməsindən danışıb:

2007-ci ildə Paolo Pərviz “Baku Steel Company”ni satmaq istəyirdi. Ora pis gündə idi, heç kim yaxın durmaq istəmirdi. Onda 25 faizini mən aldım, 75 faizi də qalan iki nəfər (əcnəbi iş adamları). 2009-cu ilin axırlarında mənə təklif elədilər ki, hamısını mən alım. Çünki ayda 3-4 milyon onlar üçün sərfəli deyildi. Onlar “Balaxanı Oil” yatağını almaq istəyirdi. Dedilər ki, öz payımızı satırıq sənə, bizə neft yatağı məsələsində kömək elə. Gedib o vaxt İsrailin baş naziri ilə görüşdüm. Əvvəl 12.5 milyon bir, 2.5 milyon da bir verib, 15 milyona 50 faizi aldım. Sonra Londonda razılaşdıq, daha 25 faizi də 7.5 milyona aldım. Ümumilikdə o zavoda 30 milyon pul vermişəm. Əşrəfin adına keçirmişdim. Amma onun yenidən qurulmasına 100 milyondan çox pul xərcləmişəm”.

Neft yatağı məsələsilə əlaqədar əcnəbilərlə birlikdə o zaman SOCAR-ın prezidenti olan Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıqlarını deyən Rasim Məmmədovun sözlərinə görə, əvvəl qiymət 300 milyona razılaşdırılıb. Sonra 350, 400, 450 milyon olub. Qiymət dəyişdikcə, o da əcnəbilərin yanında pis vəziyyətdə qalıb: “İsrailin keçmiş Baş Qərargah naziri gəlib dedi ki, zavodu almısınız, amma sözünüzün üstündə durmamısınız…”

“Prezidenti aldatmışdılar ki…”

2016-cı ildə zavod yenidən qurulandan sonra açılışda Prezident İlham Əliyevin də iştirak etdiyini deyən Rasim Məmmədov vurğulayıb ki, onu xəyanətdə ittiham edirlər. Amma konkret nəyi nəzərdə tutduğunu deməyib: “Prezident həmişə mənim fəaliyyətimdən razı qalıb. Mən prezidentə yalan danışmamışam, xəyanət etməmişəm. Onun tapşırıqlarını icra eləmişəm. 2012-ci ildə dövlətdən Sumqayıtdakı “Azərboru” zavodunu 2 milyona aldım. Orada faktiki zavod yox idi. Sovet İttifaqında 4-cü ən böyük zavod olan müəssisəni nə günə qoymuşdular. Cənab prezidenti aldadıb, oranı məhv eləmişdilər. Aldatmışdılar ki, “köhnədir”, “lazım deyil”. Mən “Azərboru”nu alanda kredit götürmüşdüm. Ora mənə qədər talan olunmuşdu, mən nəyi talan eləmişəm? Mən yediyim qaba tüpürmərəm. Deyirlər ki, “xəyanət eləmisən”. Kimə? Mən xəyanət eləməmişəm. Zavodu da öz pulumla tikmişəm. Heç kim mənə 1 qəpik pul verməyib…”

Gözdən qaçırmayın:  Zelenski Rusiya ilə danışıqlardan imtina edib

Mən “Baku Steel”dən maaş almamışam”

Bundan sonra o, Ramiz Mehdiyev və Bəylər Əyyubovla münasibətləri haqda danışıb. O, ötən məhkəmə iclasında da demişdi ki, zavodun fəaliyyətilə bağlı 2011-ci ildə Ramiz Mehdiyev və Bəylər Əyyubovla üçlükdə danışıb, razılaşıblar.

O, budəfəki məhkəmədə “Baku Steel Company”dən qazancı haqda da sualı cavablandırarkən konkret ad çəkməsə də, gəlirin üç nəfər arasında bölündüyünü söyləyib: “Əvvəl dediyim kimi, pul bölünüb. Üç nəfər arasında danışığımız olub. Bölgüdə mən də öz payımı götürmüşəm. Mən “Baku Steel”dən maaş almamışam”.

Prokuror ona sual verib ki, niyə zavodu özünün və ya ailə üzvlərinin yox, başqasının adına rəsmiləşdirib:

“Bu cür rahatdır. Bütün dünyada bu praktikadan istifadə olunur. Trampın 100 dənə şirkəti varsa, hamısı onun adına deyil ki. Mənim Müşahidə Şurasının sədri olmağıma da ehtiyac yox idi. Mənə dedilər ki, otağına dövlət telefonu qoyulacaq, vəzifən olmalıdır. Ona görə Müşahidə Şurasının sədri oldum”.

O, əlavə edib ki, armaturlar həmişə eyni qiymətə satılmırdı. Çünki bazarda Rusiyaİran istehsalı olan mallar da vardı. Bu üzdən bəzən məcbur olub, nisyə satırdılar, hər müştəriyə fərqli qiymətlə satıldığı hallar olurdu: “Armatur çörək deyil, saxlayanda qiyməti qalxmır. Mən heç vaxt anbarda mal saxlamırdım. Birinə nisyə verirsən, o birinə aşağı qiymətə. İndi anbarda 20 min ton mal var. Hər məmurun vəzifəsinə uyğun kvotası vardı – nazirinki ayrı, nazir müavininki ayrı, polis rəisininki ayrı… Zavoda aylıq təkcə əməkhaqqı üçün 1 milyon 600 min, işıq puluna görə də 1 milyon 400 min pul lazım idi”.

Onda gərək sistemi dəyişəsiniz”

Rasim Məmmədov prokurorun suallarını cavablandıranda etiraf edib ki, bütün məbləğlər heç də rəsmi sənədlərdə göstərildiyi kimi olmurdu. Gerçək vəziyyəti əks etdirən başqa qeydlər aparılırdı. Orada hər şey dəqiqliklə yazılırdı. Prokuror “qara mühasibatlıq” məsələsinin səbəbini soruşanda o, belə cavab verib: “Bu sualı sistemə verin. Onda gərək bütün sistemi dəyişəsiniz. İndi də elə işləyirlər”.

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək. Həmin gün o, vəkillərinin suallarını cavablandıracaq.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Xatırlatma

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button