2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rasim Məmmədovla işinə baxan hakimlər arasında qalmaqal

Təqsirləndirilən şəxsin sözü hakimi əsəbləşdirib

“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş sahibi, iki ilə yaxındır həbsdə olan Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Hazırda məhkəmə prosesində əlavə şahidlərin dindirilməsi, sənədlərin tədqiqi prosesidir.

Rasim Məmmədova verilən ittihamlardan biri də budur ki, o, əlavə şirkətlər yaradıb, “Baku Steel Company”nin istehsal etdiyi armaturları o şirkətlərə ucuz satıb. Həmin şirkətlər isə ucuz aldıqları məhsulu daha baha qiymətə satıblar. Beləliklə, “Baku Steel Company”yə ziyan dəyib, Rasim Məmmədov isə o şirkətlər vasitəsilə pul qazanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rasim Məmmədov isə bu ittihamı qəbul etmir. Deyir ki, “Baku Steel Company” onun özünün olub. Belə olan halda, özünün özünə ziyan vurması absurddur. Armatur almış şirkətlərə gəlincə, o iddia edir ki, onlardan “Azeri Steel” şirkətinin ona aidiyyəti yoxdur, tamam başqa adamındır, amma onun üzərinə yazırlar. Başqa şirkətlərə gəlincə, bildirir ki, “Baku Steel Company”nin sahibi hələ əcnəbilər olan vaxtda da distribütor şirkətlər vardı, onlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirdi. Sonradan onun rəhbərliyi dövründə də o şirkətlərlə işləyiblər.

Bu prosesdə adı hallanan şirkətlərdən biri də “Royal Steel” MMC olub. İş materiallarında iddia olunur ki, bu şirkət armaturu ucuz alıb, baha satmaqla 1 milyon 200 min manat qazanc əldə edib. Rasim Məmmədov isə bunu təkzib edirdi. Bu üzdən noyabrın 4-də məhkəmədə həmin şirkətdə mühasib işləmiş Tamara Seyidxanova çağırılıb. O, məhkəmədə Rasim Məmmədovun vəkillərinin vəsatəti əsasında dəvət edilib.

Tamara Seyidxanova ifadəsində deyib ki, 2010-cu ildə “Royal Steel” yaradılıb və 6 ay fəaliyyət göstərib:

 “Mən yalnız şirkətin hesabatlarını vermişəm. Çingiz Həsənov (Rasim Məmmədovun dostu və müşaviri olub)  mənə zəng edib, görülən işlərlə bağlı rəqəmləri deyib. Mən də həmin rəqəmlər əsasında hesabatlar vermişəm. Ortalıqda heç bir pul olmayıb. Şirkət 5-6 ay işləyib, sonra isə fəaliyyətini dayandırıb”.

Rasim Məmmədov şahidin nəzərinə çatdırıb ki, istintaq sənədlərində şirkətin 1 milyon 200 min manat qazanc əldə etməsi yazılıb. Tamara Seyidxanova bu məbləğdə qazanc olmadığını söyləyib.

Daha sonra audit rəyi vermiş Səftər Vəlizadə dindirilib. O bildirib ki, “Baku Steel Company”, “Royal Steel” və başqa şirkətlərdə yoxlamalar aparıblar. Araşdırdıqları sənədlər əsasında maliyyə çatışmazlığı aşkarlayıblar. Onun sözlərinə görə, şirkətlərdə faktura-qaimələrdə, vergi bəyannamələrində uyğunsuzluq ortaya çıxıb.

Audit iddia edib ki, 2012-ci ilin yanvar ayında “Royal Steel”dən 25 min ton metal alınıb, bunun da müqabilində 1 milyon 200 min manat qazanc olub. Onun sözlərinə görə, qiyməti şişirtməklə 25 min ton metal qalığından bu qədər qazanc ola bilərdi.

Rasim Məmmədov isə onun dediklərini təkzib edib. O vurğulayıb ki, “Royal Steel” ziyanla işləyib. Ona görə də fəaliyyəti dayandırılıb.

Məhkəmə prosesinin bu yerində Rasim Məmmədovla hakimlər arasında qalmaqal yaranıb. Səbəb isə Rasim Məmmədovun fikrini izah edərkən məhkəməyə “hörmətli hakimlər, izah edirəm, anlayasız” deməsi olub.

“Siz sərhədləri aşırsınız. Məhkəmə ilə danışmaq qaydası var. Məhkəməyə hörmətsizlik edirsiz”, – məhkəmə prosesinə sədrlik edən Leyla Əsgərova-Məmmədova əsəbiləşib.

Rasim Məmmədov isə məhkəməyə hörmətsizlik etmədiyini deyib.

Bu mübahisədən sonra prosesdə fasilə elan olunsa da, sonradan yenə söhbət davam edib.

Rasim Məmmədov:

–        Mən sual verəndə hakimlər əsəbiləşir.

–        Burada heç kim əsəbiləşmir. Siz hörmətsizlik edirsiniz.

–        Mən heç vaxt hörmətsizlik etməmişəm.

–        “Anlayarsınız” ifadəsi məhkəməyə hörmətsizlikdir. Məhkəmədə olanlar anlayanlardır ki, burada oturublar. Siz məhkəməyə münasibətdə belə ifadə işlədə bilməzsiz. Siz sərhədləri aşırsınız. Siz ancaq nəyisə məhkəmədən xahiş edə bilərsiz, bu tonda danışa bilməzsiz.

–        Xətrinizə dəydimsə, üzr istəyirəm.

Məhkəmədə Rasim Məmmədovun vəkili Zibeydə Sadıqova müvəkkilinin şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsi, məhkəmə prosesinin audio yazısının aparılması, məhkəmə iclas protokollarıyla tanış olmalarına şərait yaradılması haqda vəsatətlər qaldırıb: 

“Hazırda sənədlər tədqiq olunur, tez-tez Rasim Məmmədovla məsləhətləşməyə ehtiyac yaranır. Ona görə xahiş edirik, vəkillərinin yanında əyləşməsinə icazə verəsiniz. Bu günə qədər 19 məhkəmə iclası keçirilib. Həmin məhkəmə iclaslarının protokolları ilə tanış ola bilməmişik”.

Hakim bu vəsatətləri heç müzakirəyə çıxarmadan rədd edib. Səbəb kimi isə onu göstərib ki, əvvəllər də eyni məzmunlu vəsatətlər verilib.

Məhkəmə proses noyabrın 11-də davam edəcək.

185 milyon manatlıq yeyintidə ittiham olunan Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

O, “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Lakin Rasim Məmmədov özünü təqsirli bilmir, ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, öz zavodunun vəsaitlərini mənimsəməkdə ittiham olunması absurddur. O vurğulayıb ki, 2011-ci ildə “Baku Steel Company” ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovla üçlükdə  müzakirə aparıb, müəyyən məsələri razılaşdırıblar. Sonradan zavodun gəlirləri də həmin razılaşma əsasında bölünüb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button