2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Rusiya Azərbaycana rubl köçürüb, dollar aparır?

Bugünlərdə Rusiyadan Azərbaycana yeni pulköçürmə sistemi tətbiq olunub. Rəsmi məlumata görə, bu “Granat” (Nar) adlı sistem Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC ilə “Azərbaycan Beynəlxalq Bankı – Moskva” MMC-nin əməkdaşlığı nəticəsində fəaliyyətə başlayıb.

Məlumata görə, həmin sistem vasitəsilə artıq Rusiya Federasiyasından Azərbaycana köçürülən pulu vətəndaşlar respublika üzrə mərkəzi poçt şöbələrindən ala biləcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiyaları genişləndirib. (Rusiyaya qarşı sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra başlayıb) Artıq aylardır Rusiyanın bir çox bankları SWIFT sistemindən çıxarılıb. Rusiya ilə Azərbaycan arasında isə bu sahədə əməkdaşlıq inkişaf etdirilməkdədir. Buna qədər iki ölkə arasında “Zolotaya korona” və “Contact” sistemləri mövcud idi.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə Rusiyadan Azərbaycana 99.7 milyon dollarlıq vəsait köçüb. Bu da illik müqayisədə 20.24 milyon dollar, yaxud 17 faiz azalmadır. Amma, hələlik, bununla bağlı sonrakı statistika açıqlanmır.

Azərbaycan rəsmiləri, hələlik, bu sahədə Rusiya ilə əməkdaşlıqda hər hansı problem görmədiklərini qeyd edirlər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Turan”a bildirib ki, dünya faktiki olaraq Rusiyanı təcrid edib, amma Azərbaycanın Rusiya ilə müəyyən iqtisadi əlaqələri var: “Biz oradan müəyyən malları idxal edirik, ora müəyyən malları ixrac edirik. Bunu da nəzərə almaq lazımdır”.

Lakin deputat hesab edir ki, yeni pulköçürmə sisteminin yaradılmasına ehtiyac yoxdur: “Çünki bugünə qədər pulköçürmə ilə bağlı ciddi bir problem olmayıb. Ola bilər ki, Rusiyada dollarla bağlı problemlər olduğu üçün ödəmə sistemlərində müəyyən dəyişikliklər etmək istəyirlər. Amma fikrimcə, yeni bir sistemin yaradılmasına o qədər də ehtiyac yoxdur”.

Komitə üzvü qeyd edib ki, bu, beynəlxalq aləmdə düzgün başa düşülməyə bilər: “Çünki Rusiya faktiki olaraq təcrid olunub, Ukraynada işğalına görə. Ona görə də bu məsələlərdə bir az ehtiyatlı olmalıyıq”.

İşadamı, iqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələrini kəsmək mümkün deyil: “Çünki Rusiya-Ukrayna müharibəsinə qədər bizim idxalda Rusiyanın payı 15 faiz, bizim Rusiyaya ixracda payımız isə təxminən 4 faiz idi. Eyni zamanda, heç kəs üçün sirr deyil ki, Rusiya ona tətbiq olunan bir çox sanksiyalardan yayınmaq üçün Qazaxıstan, Azərbaycan kimi ölkələrdən istifadə edir”.

O deyir ki, son bir neçə ayda Rusiya Mərkəzi Bankının rublun kursunu müəyyən etmə qaydası Azərbaycan iqtisadiyyatına kifayət qədər ciddi zərbə vurur: “Bizim rəsmi qurumlar rublun manata qarşı məzənnəsini müəyyən edərkən Rusiya Mərkəzi Bankının bizə zorla qəbul etdirdiyi kursu qəbul etməməlidir. Çünki bizdə Rusiyadan alınan qida məhsullarının bahalaşmasının əsas səbəbi Rusiyanın öz rublunu gücləndirmək adı ilə süni məzənnə təyin etməsidir. Hazırda Rusiyanın istifadə etdiyi məzənnə real məzənnədən 10-15 faiz aşağıdır”.

İqtisadçının sözlərinə görə, belə yeni pulköçürmə sistemlərinin yaradılması daha çox Rusiyaya sərf edir: “Rusiya öz rublunu bura köçürür, dollara dəyişib ölkəyə qaytarır. Azərbaycana pul köçürmələrin bir çox hissəsi də ona görədir ki, burdan dollar çıxarılsın. Rublla ticarət etməsinin da məntiqi budur. Bu, Rusiyanın iqtisadi ekspansiya siyasətidir”.

İşadamı hesab edir ki, bu, Azərbaycan üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər: “ABŞ bu yaxınlarda Türkiyəyə xəbərdarlıq etdi ki, sanksiyaların təsirini azaltmağa yardım etməsin. Düzdür, bizim Rusiya ilə ticarətin həcmi Türkiyə-Rusiya ticarəti ilə müqayisədə qat-qat aşağıdır və ABŞ bunu təhlükə kimi görmür. Amma bu proses müəyyən bir həddə çatsa, Amerika Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər”.

Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.

Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir. Bəyannamənin 28-ci maddəsində isə yazılıb ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla, ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

“24 saat “Rusiya Azərbaycana rubl köçürüb, dollar aparır?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button