Loading...
Loading...
Dünya

Rusiya Donbasda əməliyyatları gücləndirir

Qaydayın sözlərinə görə, Rusiya əsgərləri Ukrayna qüvvələrinin mühasirəsini tamamlaya bilməyib və “böyük itki” verirlər

Rusiya qüvvələri Ukraynanın şərqi Donbas regionunda hücumu intensivləşdirir. Ukrayna rəsmiləri şərqdə bütün cəbhə xətti boyunca vəziyyətin “aşırı çətin” olduğunu bildirir. Prezident Volodimir Zelenski isə xəbərdarlıq edib ki, Moskva Avropa İttifaqının Ukraynaya namizəd statusu verilməsilə bağlı gözlənən qərarından “çox əsəbidir”.

Ukrayna qüvvələri Lisiçansk və Severodonetsk şəhərlərinin müdafiəsini davam etdirirlər, hazırda ən çətin döyüşlər orada gedir, bunu isə Luqanskın hərbi qubernatoru Sergey Qayday bildirib.

Qaydayın televiziyaya dediyinə görə, Rusiya qüvvələri Severodonetskin əksər hissəsinə nəzarət etsələr də, Azot kimyəvi zavodu buraya daxil deyil. Yüzlərlə dinc sakin həftələrdir bu zavoda sığınıb. O, Severodonetsklə Lisiçanskı Baxmut şəhərinə birləşdirən yolun daimi atəş altında olduğunu söyləyib.

“Katastrofik” ziyan

“Lisiçansk bütün günü Rusiya tərəfdən güclü atəşə tutulur. İndilik itki sayını müəyyənləşdirmək mümkün olmayıb”, – deyən Qayday indiyədək şəhərin belə bombalanma görmədiyini sözlərinə əlavə edib. O, Rusiya qüvvələrinin Lisiçanska və Severodonetskə “katastrofik” ziyan vurduğunu bildirib.

Qaydayın sözlərinə görə, Rusiya əsgərləri Ukrayna qüvvələrinin mühasirəsini tamamlaya bilməyib və “böyük itki” verirlər.

Rusiya atəş qüvvələrini Donbasa cəmləşdirdiyi bir vaxtda Qərbin Ukraynaya verdiyi müasir silah sistemləri cəbhə xəttinin digər yerlərində irəliləyişə nail olur. Bunu isə Britaniyanın hərbi kəşfiyyatı iyunun 21-də gündəlik bülletenində bildirib.

Ötən həftə Ukrayna qüvvələri Harpun gəmi əleyhinə raketlərlə ilk uğurunu açıqlayıb, məlumatda deyilir. Qurum bildirir ki, Rusiyanın Spasatel Vasili Bex adlı donanma gəmisinin hücumun hədəfinə çevrilməsi mümkündür. Bu gəmi Qara dənizin şimal-qərbindəki İlan adasına silah və heyət daşıyırmış. Britaniya kəşfiyyatı bildirir ki, Ukrayna Rusiyanın Qara dənizin şimal-qərbinə nəzarəti ələ almaq qabiliyyətini əsasən neytralllaşdırıb.

Kritik həftə

Rusiya donanmasının blokadasında olan Odessa liman şəhərində isə Rusiya raketi iyunun 20-də ərzaq anbarını vurub, məlumatı Ukrayna ordusu yayıb.

Prezident Zelenski bu həftənin sonuna gözlənən Aİ sammiti ərəfəsində Moskvanın hücumları intensivləşdirəcəyini proqnozlaşdırıb.

“Addım-addım bu kritik həftədən keçirik, hər şeyi edirik ki, Ukraynanın Aİ-yə namizəd statusuna layiq olmasına heç kəsin şübhəsi qalmasın. Biz hər gün artıq vahid Avropanın bir hissəsi olduğumuzu sübut edirik”, – Zelenski iyunun 20-də axşam videomüraciətində deyib.

Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd status verilməsini tövsiyə edib. Aİ bu həftənin sonuna gözlənən sammitdə bununla bağlı qərarını açıqlayacaq.

Zelenski deyir ki, Rusiya “bizim fəaliyyətimizdən çox əsəbləşir” və iyunun 20-də Xarkov və Odessa şəhərlərini yenidən bombalayıb, eyni zamanda Donbasa hücumunu davam etdirib.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button