2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Rusiyanın imperialist tarixi ənənəsi bu gün də davam edir”

Tarix elmləri doktoru Cəmil Həsənlinin Amerikanın Səsinə müsahibəsində ABŞ-ın Yuta Press Universitetinin dərc etdiyi“Azərbaycanın sovetləşdirilməsi” adlı yeni araşdırmasından danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kitabda Azərbaycanın sovetləşdirilməsi zamanı bolşeviklərin törətdiyi kütləvi qırğınlar, milli düşüncənin, xalqın dəyərlərinin amansızlıqla məhv edilməsi konkret faktlarla təsvir olunub. Burada həmin illərdə Nəriman Nərimanovun zəfər və faciəsinin maraqlı tarixçəsinə də yer ayrılıb.

Kitabda həmçinin ötən əsrin 20-ci illərində Qarabağ, Zəngəzur və Naxçıvan haqqında Moskvanın məkrli planları, habelə rus-türk, erməni-türk münasibətləri haqqında geniş məlumat verilib.

– ABŞ-ın Yuta Press Universiteti “Azərbaycanın sovetləşdirilməsi” adlı yeni araşdırmanızı kütləvi tirajla nəşr edib. Kitabınızın əsas fəlsəfəsi nədir?

– Birinci onu deyim ki, bu mənim ABŞ və Britaniyada nəşr olunan beşinci monoqrafiyamdır. İkinci, kitabın fəlsəfəsinə gəldikdə, həmin fəlsəfə Azərbaycan həqiqətlərinin ingilis dilli auditoriyaya çatdırılmasından ibarətdir. Yəni, burada bir millət yaşamış, burada bir xalq yaşamış, öz müstəqilliyi uğrunda mübarizə aparmış və müstəqilliyi həyat idealı olaraq seçmişdi. Çünki, toplumun, xalqın, millətin fikir fəlsəfəsi ancaq müstəqillik zəminində inkişaf edə bilər. Bizim də məqsəd və məramımız bu müstəqil ideallar uğrunda, Azərbaycan xalqının apardığı mübarizənin tarixi mənzərəsini yaratmaqdan ibarət olub.

– Kitabınızın Azərbaycan tarixinin ingilisdilli auditoriyaya təqdimatı baxımından əhəmiyyətini necə xarakterizə edərdiniz?

 Azərbaycan tarixi ilə bağlı beynəlxalq aləmdə, xüsusilə universitet kitabxanalarında, nüfuzlu kitabxanalarda çox az elmi ədəbiyyat var. Bu günləri müstəqilliyin 25 ilinin tamam olmasına baxmayaraq, o ədəbiyyatların sayı o qədər də böyük deyil. Biz Azərbaycanı tanıtmaqdan ötrü, Azərbaycan tarixini öyrətməkdən ötrü avropalıların, amerikalıların öz dillərində, öz həqiqətlərimizi onlara çatdırmalıyıq. Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illiyi tamam olur. 2016-cı ildə “Azərbaycan Respublikasının xarici siyasəti: qərbə inteqrasiyanın çətin yolu” kitabımı dərc etdirdim. Onun davamı kimi “Azərbaycanın sovetləşməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə, İran üçbucağında. (1920-1922-ci illər)” kitabımı təqdim etdim. Yəni aprel işğalından (Rusiya Ordusunun 1920-ci il 27 apreldə Bakını işğal etməsi-red) sonra 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranmasına qədərki dövrə qədər tarixi hadisələri əks etdirməyə çalışdım. Burada xronoloji baxımdan iki ili, qısa bir dövrü əhatə edir. Amma, bununla bərabər Azərbaycan tarixinin sonrakı dövrü üçün mühüm əhəmiyyət kəsb edən təməl məsələləri burada öz əksini tapıb. Birinci istiqlalın, müstəqilliyin işğal nəticəsində devrilməsi, ikinci Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ, üçüncü tarixən Azərbaycana məxsus torpaqların, – Qarabağın dağlıq hissəsi, Zəngəzur, Naxçıvanın Moskvanın diqtəsi ilə Azərbaycanın əlindən alınması istiqamətində bolşeviklərin göstərdiyi cəhdlər və nəhayət region olaraq Cənubi Qafqazın beynəlxalq münasibətlərdə yeri, rus-türk münasibətləri, erməni-türk münasibətləri, Azərbaycan-Türk və Azərbaycanın ümüumiyyətlə Cənubi Qafqaz regionunda yeri və rolu haqqında ilk arxiv mənbələrinə söykənən bir dəyərləndirmə yazmağı planlaşdırmışdım. Hesab edirəm ki, belə bir kitabın Konqresin kitabxanasında, universitet kitabxanalarında, kraliça kitabxanasında kataloqa düşməsi o deməkdir ki, Azərbaycan haqqında kim bu dövrlə bağlı nə yazacaqsa ona baxmadan, ona referans vermədən keçinməyəcək. Ona görə, müstəqilliyin bir atributu da ondan ibarətdir ki, biz keçmiş tariximizə müstəqilliyin gözü, müstəqilliyin nəzəri baxışları ilə yanaşmalıyıq. Bu əsərdə də bunu ehtiva etməyə çalışmışıq.

– Kitabınız “Cənubi Qafqaz ölkələri Rusiya, İran, Türkiyə üçbucağında. 1920-1922-ci illər” seriyasındandır. O dövrlə müqayisədə hazıri zamanda bu dövlətlərin Cənubi Qafqaza, xüsusilə Azərbaycana münasibətində hansı dəyişikliklər müşahidə edilir?

 Mənim özüm üçün də təəccüblü oldu. Bu dəyişikliklər daha çox zaman dəyişikliyidir. Amma, mahiyyət olduğu kimi yerində qalır. Yəni, biz əgər regionun taleyində Rusiyanın roluna diqqət yetirsək, təcavüz amilinə diqqət yetirsək, Rus təcavüzü bu gündə regionun başının üzərindədir. Məsələn, 2008-ci ildə biz Gürcüstanla bağlı məsələləri müşahidə etdik. Yaxud, regionda gərginlik mərkəzləri var, məsələn Dağlıq Qarabağ ətrafında cərəyan edən, Ermənistanın Azərbaycana təcavüzü, Abxaziyada cərəyan edən hadisələr, Cənubi Osetiyada cərəyan edən hadisələr. Bunların hamısı Rusiyanın regiona nəzarət mexanizmini əlində saxlamasının bir vasitəsidir. Həmin dövrdə Rusiya regiona necə yanaşırdısa, tarixi ənənə bu gün də davam edir. Ola bilər ki, Rusiyanın həyatında nələrsə dəyişib. Yeni binalar tikilib, cəmiyyətdə bəzi dəyişikliklər olub. Amma, qonşu dövlətlərə münasibətdə çox az şey dəyişib. Yəni həmin, böyük dövlətçilik şovinizmi, daim təhdid altında saxlamaq. Aprel işğalının (1920-ci il aprelin 28-də Rusiyanın Bakını işğalı nəzərdə tutulur-red) hədəflərindən biri də qərbə inteqrasiyanın yolunu bağlamaq və Azərbaycanda qərb kampaniyalarının fəaliyyətini qadağan etmək, Cənubi Qafqaza onların yolunu bağlamaq idi. Həmin proseslər indi də davam edir. Amma, zamanın şərtləri fərqlidir. Bəziləri yanlış olaraq sübut etməyə çalışırlar ki, cümhuriyyət hökuməti zəif idi. Yox, cümhuriyyət hökuməti zəif deyildi, dünyadakı şərtlər cümhuriyyət hökumətinin xeyrinə deyildi. Həmin dövrdə, inqilabın dağıtdığı Rusiya qalib antantanın (1904-1907-ci ildə yaranmış və Birinci Dünya Müharibəsinin qalib dövlətləri olan Fransa, Böyük Britaniya, Rusiya ittifaqı nəzərdə tutulur-red) üzvü kimi dağılırdı. Dünyanın taletyinə hökm edən antanta Rusiyanın dağılmasına hazır deyildi. Ona görə, 1918-ci ildə yaranmış Azərbaycan dövləti beynəlxalq birlik tərəfindən tanınması üçün il yarım mübarizə aparmalı oldu. Amma, 1991-ci ildə SSRİ dağılanda bir neçə həftə lazım gəldi ki, Azərbaycanın və digər yeni dövlətlərin müstəqilliyi dünya birliyi tərəfindən tanınsın. Bu dəfə əlbəttə ki, Rusiyanın bütün təhdidlərinə, müxtəlif münaqişə ocaqları yaratmasına baxmayaraq, Azərbaycanın müstəqilliyi daimidir. Yəni, geriyə yol yoxdur. Ona görə də müstəqil dövlətin demokratik prinsiplərə söykənməsi bu gün vacibdir. Bax, o demokratiklik baxımından, demokratik dəyərlərə sədaqət baxımından qurucu babalar qurduğu Azərbaycan 21 əsrin müstəqil Azərbaycanından daha azad idi, daha demokratik idi, daha xəlqi idi və millətin haqqı və hüquqi üzərində qurulmuşdu.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button