Loading...
Loading...
SEÇMƏ

“Rusiyanın “İskəndər” və ya X-101 kimi raketləri istehsal etmək imkanları məhdudlaşır”

Yayımlandı: 6 İyul 2022 15:11

“Sanksiyalar şəxsən Putin və onun silahdaşları üçün ağrılı olub”

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümyəndəsi Cozef Borel Rusiyaya qarşı sanksiyaları effektiv sayır.

Cozef Borel hesab edir ki, sanksiyalar artıq şəxsən Putin və onun silahdaşları üçün ağrılı olub.

Onun fikrincə, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri zaman keçdikcə daha da artacaq.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi dünənki məqaləsində qeydlər edib.

Cozef Borel Avropa İttifaqının Rusiyaya qarşı 6 sanksiya paketini xatırladaraq bildirib ki, Rusiyada 1200-ə yaxın insan və 98 təşkilat, eləcə də bu ölkənin iqtisadiyyatının bir çox sektoru məhdudiyyətlərdən təsirlənib.

İttifaqın rəsmisi qeyd edib ki, Rusiyanın istifadə etdiyi bütün qabaqcıl texnologiyaların 45%-i Avropadan, 21%-i ABŞ-dan, yalnız 11%-i Çindən alınan texnologiyalardandır:

“Sanksiyalar Rusiyanın “İskəndər” və ya X-101 kimi yüksək dəqiqlikli raketlər istehsal etmək imkanlarını məhdudlaşdırır”.

Cozef Borel. Foto: AFR

Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər Avropa İttifaqı Rusiya neftinin idxalını 90 faiz azaldacaq.

“Biz qaz idxalını da sürətlə azaldırıq. Yəqin, Vladimir Putin hesab edirdi ki, Avropa Rusiyadan enerji asılılığına görə sanksiyalar tətbiq etməyə cəsarət etməyəcək. Bu, Putin rejiminin münaqişə zamanı etdiyi əhəmiyyətli yanlış hesablamalardan biridir”, – deyə Cozef Borel əlavə edib.

Diplomat bildirib ki, Rusiyanın enerji daşıyıcılarından belə tez imtina edilməsi bir çox ittifaq ölkəsi, eləcə də iqtisadiyyatın bir neçə sektoru üçün ciddi çətinliklər yaradır:

“Amma bu, demokratiyamızın və beynəlxalq hüququn qorunması üçün ödəməli olduğumuz qiymətdir”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Gözdən qaçırmayın:  “Qazprom”un logistika şirkətinin baş direktoru ölü tapılıb

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button