SEÇMƏ

Şəhidlər Xiyabanını ziyarətdən sonra həbs olunanların sayı 8 nəfərə çatıb

Yayımlandı: 25 Yanvar 2023 10:48

Həbs olunanların çoxu Müsəlman Birliyi Hərəkatının üzvləridir

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar müxalif siyasi qüvvələrin Şəhidlər Xiyabanını ziyarətindən sonra həbs olunanların sayı 8 nəfərə çatıb. Onlardan 6-sı Müsəlman Birliyi Hərəkatının (MBH), ikisi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Bu barədə Meydan TV-yə adları çəkilən təşkilatlardan məlumat verilib.

AXCP-dən bildirilib ki, partiya üzvü Anar Hüseynovun saxlanmasını elə yanvarın 20-də bilirdilər. Çünki hadisə bir çoxunun gözü qarşısında baş vermiş, hətta videolentə də alınmışdı. Lakin bir sutka ərzində onun yerini öyrənmək mümkün olmamışdı. Bir sutka sonra isə məlum olmuşdu ki, ona 30 sutka inzibati həbs cəzası verilib.

Partiyanın digər üzvü Rövşən Səfərovun tutulması və ona da 30 sutka inzibati həbs cəzası verilməsini isə yanvarın 24-də Anar Hüseynovun vəkili təcridxanada onunla görüşəndə öyrənib:

Anar Hüseynov vəkilinə bildirib ki, Rövşən Səfərov da inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya gətirilib. Ona da 30 sutka həbs cəzası verilib. Yəni o vaxta qədər məlum deyildi ki, onu hansı şəraitdə, niyə tutublar”.

AXCP Xətai Təşkilatının üzvü Rövşən Səfərov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunaraq, barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

AXCP-dən onu da bildiriblər ki, Rövşən Səfərovun atası Yavər Səfərov 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində həlak olub. Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.

“Rövşən Səfərov Tofiq Yaqubluya dəstək üçün 10 gündən çox aclıq aksiyasında iştirak etmişdi”, – AXCP-dən bildirilib.

Müsəlman Birliyi Hərəkatından bildirilib ki, Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra həbs olunan 6 nəfər təşkilat üzvləri bunlardır: Həsən Abbaszadə, Nizami Əhməd, İmran Məmmədli, Tərlan Seyidov, Rövşən Əliyev və Telman Rəşidov.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-nin həbslərlə bağlı sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozub, orada qarışıqlıq yaratmağa cəhd göstərib. Lakin cəhdin qarşısı alınıb. Tabesizlik göstərənlər isə saxlanılıb.

Meydan TV

Gözdən qaçırmayın:  Kirilo Timoşenko istefa ərizəsini Zelenskiyə təqdim edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button