Loading...
Loading...
SEÇMƏ

Sərhəddə yeni gərginlik: Bakı və Yerevan bir-birini ittiham edir

Yayımlandı: 14 Sentyabr 2022 12:32

Hər iki tərəf artilleriya qurğularından istifadə olunduğunu deyir

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan silahlı qüvvələrinin yenə də atəşkəs barədə razılaşmanı pozduğunu iddia edib.

Nazirlik bildirib ki, sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətlərindəki mövqeləri müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutulub.

“Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür”, – deyə MN vurğulayıb.

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxsin yaralandığı deyilir.

Bu barədə Baş Prokurorluq və Müdafiə Nazirliyi birgə məlumat yayıb.

Bildirilirki, Kəlbəcərin Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Asim Musayev və Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman Orucov yaralanıblar: “Hazırda Asim Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Arzuman Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

Prokurorluq hər iki faktın araşdırıldığını qeyd edib.

Ermənistanın Müdafiə Nazirliyi də sentyabrın 13-dən 14-nə keçən sərhəddə vəziyyətin gərgin olduğu barədə məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Cermuk istiqamətində zərbə PUA-larından istifadə edib:

“Bir gün əvvəl baş vermiş təcavüzün digər ərazilərində heç bir mühüm insident qeydə alınmayıb. Lakin bu gün saat 08:00-dan etibarən düşmən artilleriya, minaatan və iriçaplı atıcı silahlardan istifadə etməklə, xüsusən də Cermuk və Verin Şorja istiqamətlərində hücum əməliyyatlarını bərpa edib”.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 49 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Gözdən qaçırmayın:  Azərbaycan cəmiyyəti bu cür bəyanatları eşitməyə öyrəşməyib

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button