Loading...
Loading...
SEÇMƏ

Səudiyyəli qadın “Twitter”dən istifadəyə görə 34 il həbs edilib

Yayımlandı: 17 Avqust 2022 12:16

İnsan haqları təşkilatları bunu bir fəala qarşı çıxarılan ən uzun həbs adlandırıb

Səudiyyəli qadın Salma əl-Şehab sosial şəbəkədən istifadə etdiyi üçün 34 illik həbslə cəzalandırılıb.
O, İngiltərənin Leeds Universitetinin tələbəsidir. Həbsinə səbəb kimi dissident və fəalları izləmək, onları “retweet” etmək göstərilib.

Tətil üçün İngiltərədən ölkəsinə qayıdan tələbə burada həbs edilib.

Səudiyyə Ərəbistanının xüsusi terror məhkəməsinin hökmü ABŞ prezidenti Co Baydenin bu ölkəyə səfərindən bir neçə həftə sonra çıxarılıb.

Bir müddət öncə bu ölkənin insan haqları fəalları krallığın dissidentlərə və digər demokratiya tərəfdarlarına qarşı repressiyaları gücləndirəcəyi ilə bağlı xəbərdarlıq edib.

İndi də bildirirlər ki, bu iş həm də vəliəhd şahzadə Məhəmməd bin Salmanın “Twitter” istifadəçilərini necə hədəf aldığının nəticəsidir. Eyni zamanda, Səudiyyənin suveren sərvət fondu olan İctimai İnvestisiya Fondu (PIF) vasitəsilə ABŞ-ın sosial media şirkətinin böyük dolayı payına nəzarət etdiyinin göstəricisidir.

34 yaşlı Salma əl-Şehabın 2 azyaşlı övladı var. O, sosial şəbəkədən “ictimai iğtişaşlara səbəb olmaq, mülki və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə əvvəlcə 3 il həbs cəzasına məhkum edilib.

Avqustun 15-də isə dövlət ittihamçısı apelyasiya məhkəməsindən iddia edilən digər cinayətlərə baxmağı xahiş edib. Çıxarılan yeni hökmlə Salma əl-Şehab 34 il həbs cəzası alıb. Barəsində həmçinin 34 illik səyahət qadağası qərarı çıxarılıb.

“The Guardian”ın gördüyü məhkəmə sənədlərində iddia edilir ki, Şehab həmin “Twitter” hesablarını izləyərək ictimai iğtişaşlar törətmək, mülki və milli təhlükəsizliyi pozmaq istəyənlərə kömək etmək istəyib.

Əslində isə Şehab nə krallıq daxilində, nə də Böyük Britaniyada səsini eşitdirən səudiyyəli fəal olmayıb. O, 159 nəfərlik izləyici kütləsi olan “Instagram” hesabında özünü diş gigiyenası mütəxəssisi, tibb müəllimi, Leeds Universitetinin doktorantı və Şahzadə Nurah bint Əbdülrəhman Universitetinin müəllimi, oğullarının anası və ərinin həyat yoldaşı kimi təsvir edib.

Şehabın “Twitter” hesabında isə cəmi 2597 izləyicisi var. Burada əsasən, COVID tükənmişliyi ilə bağlı paylaşımlar edib. Bundan əlavə, uşaqlarının şəkillərini yükləyib. Bunlardan əlavə o, sadəcə sürgündə yaşayan səudiyyəli fəalların və krallıqdakı siyasi məhbusların azad edilməsini tələb edən bir neçə paylaşımı “retweet” edib.

Səudiyyəli milyarder Şahzadə Əl-Valid bin Talal “Twitter”-in ən böyük sərmayəçilərindən sayılır. O, investisiya şirkəti “Kingdom Holdings” vasitəsilə “Twitter”-in 5 faizdən çox səhminin sahibidir.
Avropa və Səudiyyə Ərəbistanı İnsan Haqları Təşkilatı Şehabın həbsini pisləyib. Bu cəzanın hər hansı bir fəala qarşı çıxarılan ən uzun həbs cəzası olduğunu bildirib.

Gözdən qaçırmayın:  Qonşun pisdir? Köç qurtar!

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button