2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Sən pomidor satan deyilsən?!

Son illər aqrar sektora yönələn böyük məbləğdə maliyyə resurslarını və regionların inkişafı adı ilə ayrılan 50,7 milyard manat dövlət vəsaitlərini nəzərə alsaq, bu sahədə sürətli inkişaf olmalıydı. Əhali də bunun nəticəsini həm məhsulun qiymətində, həm də keyfiyyətində görməliydi. Eləcə də fermerlərin həyat səviyyəsi xeyli yaxşılaşmalıydı. Amma təəssüflər olsun ki, ölkədə bunların heç biri müşahidə olunmur. Bazarlarda yenə qıtlıqdır, qiymətlər də bahadır. Fermerlər də əkib-becərməyə meyilli deyillər, çünki becərdikləri məhsuldan mənfəət əldə edə bilmirlər. Dövlət hesabına ayrılan maliyyə resurslarının aqrar sahəyə müsbət təsiri görünmür, həmin vəsaitlərdən sadəcə, oliqarx-məmurlar bəhrələndilər.
Kənd Təsərrüfatı Nazirliyində guya elektron kənd təsərrüfatı hökuməti layihəsi həyata keçirilib. Bu istiqamətə böyük məbləğdə maliyyə resursu ayrılsa da görülən iş fermerləri qane etmir. Elektron portalda fermerləri maraqlandıran bütün məsələlər əksini tapmalıydı. İstehsal vasitələrinə olan ehtiyac, istehsal olunmuş məhsula bazardakı tələbat, məhsulun qiyməti və sair. Fermer elektron portala daxil olub onu maraqlandıran bütün məlumatları əldə etməliydi və bunun sayəsində də fəaliyyətini düzgün tənzimləməliydi. Bunu çox asanlıqla həyata keçirmək mümkün idi. Necə ki, hazırda bu layihə keçmiş sovet respublikalarının bir çoxunda icra olunur. Fermer gərək hərtərəfli məlumatlı olsun ki, istehsalı ona görə tənzimləsin. Hətta qonşu ölkələrdə fermerlər haradan və hansı qiymətə yaxşı, keyfiyyətli toxum ala biləcəklərini də elektron portal vasitəsilə öyrənirlər. Fermer harada, hansı bazarda hansı məhsula tələbat olduğunu da öyrənir və məhsulunu ora aparır. Azərbaycanda isə hələ də bu məsələlər həllini tapmayıb, digər tərəfdən bazarın tələbatını öyrənən fermerin bazarın qapısından içəri buraxılıb-buraxılmayacağı da sual altındadır. Çünki ölkədə bazar rəqabəti yoxdur, əksinə, monopoliya var. Bakıya girişdə “Meyvəli” satış mərkəzi yaradılıb. Hamı bilir ki, o, məmurlara məxsusdur. “Meyvəli” inhisarçı olduğu üçün göstərdiyi xidmət bahadır. Rəqabət mühiti yoxdursa, seçim imkanı da yoxdur. Ancaq biz təklif etmişdik ki, regionlar üzrə bir neçə topdansatış mərkəzi yaradılsın. Məsələn, Şəmkir, Göyçay rayonları pomidor-xiyar üzrə ətraf rayonları əhatələsin, deyək ki, Tovuz-Gədəbəy-Şəmkir, Cəlilabad kartof qəbulu və satışı üzrə mərkəz rolunu oynasın. Eləcə də digər bölgələri müəyyən meyvə-tərəvəz üzrə mərkəzləşdirmək tamamilə mümkündür. Fermerlərin məlumat alması da çətin məsələ deyil. Birincisi, indi demək olar ki, hamının mobil telefonu var, ikincisi, hər kənddə internet klublar var. Lap 3 kəndi 1 mərkəzdə birləşdirmək də olar. Bununla da fermerlərin lazımi məlumatları əldə etməsini asanlaşdırmaq mümkündür. İşə bu qaydada yanaşılsa, bazarlardakı inhisarçılıq da aradan qaldırılar. Amma təəssüf ki, heç kim bu barədə düşünmək və işləmək istəmir. Görünür, mövcud durum bəzilərinə sərf edir.
Kimsə bu sahədə qiymətlərin enəcəyini gözləməsin. Kənd təsərrüfatı ilə bağlı gözləntilər adətən bu sahəyə ayrılan investisiyalar fonunda hesablanır. Son illər kənd təsərrüfatına ayrılan kredit resursları 4 dəfə azalıb. Bu isə o deməkdir ki, fermer, kəndli kredit vəsaiti əldə edə bilməyəcək, deməli, məhsuldarlığı artıra bilməyəcək, nəticə etibarilə istehsal vasitələri üçün lazım olan dəstəyi almayacaqlar.
Maliyyə resursları olmadan həm də keyfiyyət və kəmiyyət göstəricilərinin artacağını gözləmək absurddur. Fermerin, kəndlinin əldə etdiyi gəlir ancaq ailəsini dolandırmağa güclə yetir.
Hökumətin aqrar sektora böyük məbləğdə maliyyə ayırmasına rəğmən, bu sahədə müsbət dəyişiklik yoxdursa, deməli, həmin vəsaitlər fərqli formada mənimsənilib. Müxtəlif əsassız bəhanələr gətirirlər ki, əkin sahələrini dolu vurdu, nə bilim, yağış çox yağdı və s. və ilaxır. İndi nə zamandır ki, dolu qarşısında çarəsiz qalasan?! Rusiyada, Gürcüstanda, İranda hava şəraiti proqnozlaşdırılır və dolunun qarşısı alınır. Dolunu xüsusi toplarla vurub yağışa çevirirlər. Yağışın bolluğu isə həmişə məhsuldarlığı artırır. Kənd Təsərrüfatı Nazirliyi vəzifə funksiyasını yerinə yetirə bilmir. Bir dövlət məmuru ki, becərdiyi pomidoru satmaq üçün bazara çıxış imkanı olmadığından gileylənən kəndliyə, “a kişi, mən pomidor satana oxşayıram?!” cavabını verir, ondan daha nə gözləyəsən? Sən pomidor satan deyilsən, ancaq kəndlinin əkib becərdiyi məhsulu sata bilməsi üçün şərait yaratmalısan. Nazirliyin əməkdaşları da öz vəzifə funksiyalarını bilmirlər, bilənlərdən də məsləhət almaq istəmirlər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button